İstiqlal Muzeyinin fond müdiri Aida Axundova: Muzeyin fəaliyyəti bərpa olunub və az da olsa ziyarətçi olur
Pandemiya ilə bağlı tətbiq edilən karantin rejiminin müəyyən qədər yumşaldılmasından sonra fəaliyyətini bərpa edən sahələrdən biri də muzeylərdir. Bu yumşalmadan sonra fəaliyyətini bərpa edən muzeyləri ziyarət edən varmı? Nəzərə almaq lazımdır ki, istirahət günü olan şənbə-bazar günlərində ictimai nəqliyyat işləmir. Vəziyyəti örənmək üçün İstiqlal Muzeyi ilə əlaqə saxladıq.
“İki sahil”ə açıqlama verən muzeyin fond müdiri Aida Axundova bildirdi ki, pandemiya dövrünə baxmayaraq son yumşalma qərarından sonra muzey fəaliyyətini bərpa edib. Həmsöhbətimiz qeyd etdi ki, pandemiya ilə əlaqədar muzeyə əvvəlki kimi ziyarətçi gəlmir. Operativ Qərargahın müvafiq qərarından sonra muzeyin fəaliyyəti bərpa olunub və gündəlik az da olsa ziyarətçi olur. Aida Axundova onu da bildirdi ki, pandemiya ilə əlaqədar böyükmiqyaslı tədbirlər keçirmək mümkün deyil: “Buna görə də biz tədbirlərimizi onlayn formada keçiririk və müqəyyən müddət ərzində bu formada keçirməyə də davam edəcəyik. Hazırda Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı tədbir təşkil etməyə hazırlaşırıq. Xocalı soyqırımı tədbiri üçün çox gözəl qrafik əsərlər seçmişik. Rəssam Vaqif Ucatayın Xocalıya həsr olunmuş 70-dən çox qrafik əsəri də daxil olmaqla bu əsərlərin sərgisini hazırlayırıq”.
Fond müdiri bildirdi ki, məktəblər və universitetlər bağlı olduğu üçün muxeyə ekskursiyalar təçkil edilmir: “Ailələri ilə gələnlər olur, lakin sıxlıqla bağlı məhdudiyyət olduğu üçün muzeyə çox insan buraxa bilmirik. Muzeyə gələn insanların əlcək, maska və spirt kimi koronavirusla mübarizə üçün lazım olan bütün vasitələrlə təmin olunmasına və muxeydə sosial məsafənin saxlanılmasına mütləq şəkildə nəzarət edirik. İşçilər də daxil olmaqla muzeydə hamı maskadan istifadə edir”.
Röya Rasimqızı, "İki sahil"
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?