Səttarov Vüsal Ramiz oğlu 1997-ci ildə Daşkəsən rayonunda dünyaya göz açsa da, sonradan ailəsi Zaqatala rayonuna köçüb. Bu rayonun Qazangül kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. Türkiyədə magistr pilləsinə qəbul olunsa da, hərbi xidmətlə əlaqədar təhsilini yarımçıq qoyaraq Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində dörd dəfə yaralanıb, ancaq xəstəxanada müalicə olunmaqdan imtina edərək cəhbəyə döyüş yoldaşlarının yanına qayıdıb.
Döyüş yolunu “İki sahil”ə danışan V.Səttarov bildirdi ki, o, ordu sıralarından tərxis olunmağa 4 gün qalmış müharibə başlayıb: “Təbii ki, bu halda tərxisdən söhbət gedə bilməzdi. İlk olaraq təlim düşərgəsinə getdik, oktyabrın 4-dən isə döyüşlərə qatıldıq. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın dəhlizindəki döyüşlərdə iştirak etdik.
Hər kəs qisas almaq istəyirdi
Təlim mərkəzinə gedərkən çox sevinirdik. Döyüşlərə gedəcəyimiz günü çox həyəcanla gözləyirdim, nəhayət, oktyabrın dördündə döyüşə başladıq. Sevincimin həddi-hüdudu yox idi, 30 illik Qarabağ probleminin həll olunmasında pay sahibi olmaq qürurverici idi. Biz əks-hücum əmrini iyul ayından gözləyirdik, cünki general-mayor Polad Həşimovun şəhid olması bizləri həqiqətən çox sarsıtmışdı, hər kəs qisas almaq istəyirdi.
O an maşında olsaydıq üçümüz də şəhid olacaqdıq
Mən yaxşı avtomobil idarə etdiyim üçün əsas işim sürücülük idi, ön sıralarda olan hərbçilərə sursat, ərzaq və digər təminatlar aparırdıq. Lakin müharibə elə bir mühitdir ki, orada vəzifəni yerinə yetirməklə kifayətlənə bilməzsən, əlbəttə, mümkün qədər bir-birimizə, döyüş yoldaşlarımıza kömək edirdik. Bir dəfə biz üç yoldaş Qubadlıda yüksəklikdə yerləşən posta sursat aparırdıq. Yolüstü başqa posta da təminat vermək üçün dayandıq. Lazım olan təminatı götürüb piyada posta doğru getməyə başladıq, postla aramızda 50-60 metr məsafə var idi. Avtomobildən maksimum 7-8 addım uzaqlaşmışdıq ki, maşınımız top atəşinin zərbəsindən 4-5 metr yüksəyə qalxıb düşdü və yanmağa başladı. O an maşında olsaydıq üçümüz də şəhid olacaqdıq.
İlk yaralandığım gün doğum günüm idi
Müharibə ərzində 4 dəfə yaralanmışam. İlk yaralandığım gün oktyabrın 6-sı doğum günüm idi, minomyotun dalğasına düşüb yüngül yaralanmışdım, heç kimə bildirmədim. Sonra Qubadlı istiqamətində olarkən minomyot qəlpəsi kaskanı deşərək alın nahiyəmə tuş gəldi. Oktyabrın 29-da isə avtomobillə gedərkən artilleriyadan atəşə tutdular maşını, tez aşağı düşdük. O anda bir minomyot yaxınımıza düşdü və sağ qulağım deşildi, qan açıldı. Sığınacağa tərəf qaçanda növbəti minomyotun qəlpələri sağ ayağıma dəydi. Özümü çox pis hiss edirdim, heç nə eşitmirdim, yoldaşlarım ilkin tibbi yardım göstərdilər. Sonra xəstəxanaya apardılar. Həkimlər dedilər on gün müalicə olunmalısan, mən isə israr etdim ki, yoldaşlarımın yanına getmək istəyirəm. Xeyli danışıqdan sonra məsuliyyəti öz üzərimə götürdüyümə dair ərizə yazdım və həmin gün axşam saatlarında yenə cəbhəyə qayıtdım.
Yüzlərlə tank əleyhinə mina çıxarılaraq zərərsizləşdirildi
Həkəri çayının üzərində körpü var idi. Ermənilər geri çəkilərkən texnikalarını apara bilməsin deyə, ordumuz körpünü Bayrakdarla vurub partlatmışdı. Ermənilər də çayın içini minalamışdılar ki, biz keçə bilməyək. Xüsusi qrup gələrək çayı minadan təmizlədi, yüzlərlə tank əleyhinə mina çıxarılaraq zərərsizləşdirildi, sonra texnikalarla çayın qarşı tərəfinə keçdik”.
Erməni əsir ağlayaraq bildirirdi ki, bizi Qarabağa zorla göndəriblər
44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan əsgəri Qarabağı işğaldan azad edərək Ermənistan ordusuna sarsıdıcı zərbə vurdu. Silahlı Qüvvələrimizin birlikləri cəbhənin bütün istiqamətlərində Ermənistana aid texnikaları zərərsizləşdirməklə yanaşı, xeyli sayda əsgəri də əsir kimi ələ keçirdi. Qorxaqlığı ilə məşhur olan ermənilər əsgərlərimizə əsir düşərkən də ağlayıb yalvarmağı özlərinə ar bilməyiblər. Vüsal Səttarov da belə ermənilərlə çox qarşılaşdığını bildirdi: “Əsir götürmə halları çox olub. O zaman bir daha nə qədər qorxaq olduqlarını gördük. Əsir düşən kimi ağlayıb yalvarmağa başlayırdılar. Rus dilində deyirdilər ki, biz sizə güllə atmamışıq, bizi bura zorla göndəriblər. Bir dəfə də tutduğumuz əsirlər yoldaşlarının onları aldadaraq orada müdafiəsiz qoyub qaçdıqlarını söylədilər. Əsirlərdən biri də kapitan idi”.
Şəhid bildiyimiz dostumun nömrəsindən zəng gəldi, inanmadıq...
Şübhəsiz ki, II Qarabağ müharibəsi bir çox möcüzəvi hadisələrlə zəngin oldu. Müsahibimiz Vüsal Səttarov baş nahiyəsindən qəlpə yarası alan döyüş yoldaşının möcüzəvi şəkildə sağ qaldığını dedi: “Mən pulemyot atan manqanın komandiri idim, üç əsgərim var idi. Bunlardan biri də ilk gündən bir yerdə olduğumuz Zeynal idi. Bir dəfə ermənilər mövqelərimizi vurmağa başladı, təqribən dəqiqədə 10-a yaxın mərmi atırdılar. Xeyli yaralı və şəhid var idi. Onları döyüş meydanından tibb məntəqəsinə aparırdıq. Zeynal da bizim köməyimizə gəlməli idi, amma onu avtomobildə görmədim. Yaralıları tibb məntəqəsinə yerləşdirib qayıdandan sonra Zeynalı axtarmağa başladım. Öz manqamızın yerləşdiyi səngərə gələndə gördüm ki, yerdə hərəkətsiz qalıb. Baş nahiyəsi qan içində idi, sümükləri sınmışdı. Vəfadarın şərfi ilə baş nahiyəsini sarıyıb, arxa cəbhəyə göndərdik. Bu hadisə bizi çox sarsıtdı. Üstündən 10 gün keçmişdi, bir də gördük ki, Zeynalın nömrəsindən zəng gəlir. Danışan tibb bacısı idi. Zeynalın sağ olduğunu dedi, inanmadıq, çünki biz onun şəhid olduğunu fikirləşirdik. Bir həftədən sonra Zeynalın özü ilə də danışdıq, indi də danışırıq. Onun sağ qalması əsl möcüzə idi”.
Taleh Bağırov, “İki sahil”