03 fevral 2021 11:21
1481

Şəhid bildiyi dostundan ona zəng gəldi... - FOTO/VİDEO

Şübhəsiz ki, II Qarabağ müharibəsi bir çox möcüzəvi hadisələrlə zəngin oldu. Müsahibimiz Vüsal Səttarov da belə halla üzləşən qazilərdən biridir.

V.Səttarov baş nahiyyəsindən qəlpə yarası alan döyüş yoldaşının möcüzəvi şəkildə sağ qalmasını “İki sahil”ə danışıb: “Mən pulemyot atan manqanın komandiri idim, üç əsgərim var idi. Bunlardan biri də ilk gündən bir yerdə olduğumuz Zeynal idi. Bir dəfə ermənilər mövqelərimizi vurmağa başladı, təqribən dəqiqədə 10-a yaxın mərmi atırdılar. Xeyli yaralı və şəhid var idi. Onları döyüş meydanından tibb məntəqəsinə aparırdıq. Zeynal da bizim köməyimizə gəlməli idi, amma onu avtomobildə görmədim. Yaralıları tibb məntəqəsinə yerləşdirib qayıdandan sonra Zeynalı axtarmağa başladım. Öz manqamızın yerləşdiyi səngərə gələndə gördüm ki, yerdə hərəkətsiz qalıb. Baş nahiyəsi qan içində idi, sümükləri sınmışdı. Vəfadarın şərfi ilə baş nahiyyəsini sarıyıb, arxa cəbhəyə göndərdik. Bu hadisə bizi çox sarsıtdı. Üstündən 10 gün keçmişdi, bir də gördük ki, Zeynalın nömrəsindən zəng gəlir. Danışan tibb bacısı idi. Zeynalın sağ olduğunu dedi, inanmadıq, çünki biz onun şəhid olduğunu fikirləşirdik. Bir həftədən sonra Zeynalın özü ilə də danışdıq, indi də danışırıq. Onun sağ qalması əsl möcüzə idi”.

Taleh Bağırov, “İki sahil”