II Qarabağ müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı. Bir çox şəhidimiz, ağır yaralılarımız olsa da, şükürlər olsun ki, ata-anasının yanına sağ-salamat qayıdan əsgərlərimizin sayı dəfələrlə çoxdur. Lakin elə əsgərlərimiz də var ki, onlar ani təsadüf nəticəsində sağ qalıblar. Belə qazilərdən biri də Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın dəhlizindəki döyüşlərdə fəal iştirak edən Vüsal Səttarovdur.
O, “İki sahil”ə müsahibəsində həmin anı bu cür ifadə edib: “Mən yaxşı avtomobil idarə etdiyim üçün müharibədə sürücü kimi iştirak edirdim. Əsas vəzifəmiz də ordumuza sursat və digər təminatları çatdırmaq idi. Bir dəfə biz üç yoldaş Qubadlıda yüksəklikdə yerləşən posta sursat aparırdıq. Yolüstü başqa posta da təminat vermək üçün dayandıq. Lazım olan təminatı götürüb piyada posta doğru getməyə başladıq, postla aramızda 50-60 metr məsafə var idi. Avtomobildən maksimum 7-8 addım uzaqlaşmışdıq ki, avtomobil top atəşinin zərbəsindən 4-5 metr yüksəyə qalxıb düşdü və yanmağa başladı. O an maşında olsaydıq üçümüz də şəhid olacaqdıq”.
Taleh Bağırov, “İki sahil”