02 fevral 2021 11:25
2561

Şuşa necə bərpa edilməlidir?

Memar Yeganə Abdullayeva: Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz

Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması və yenidənqurulması haqqında tapşırıqlarını verdi. Bu bərpa prosesində bir neçə məqama xüsusilə diqqət etməliyik.

“İki sahil” xəbər verir ki, bu fikri Milli.Az-a açıqlamasında memar Yeganə Abdullayeva bildirib.

Yeganə Abdullayeva  deyib ki, Şuşa və digər işğaldan azad olunan ərazilərimizin özünəməxsus infrastrukturu, memarlıq abidələri əvvəlki görkəminə gətirilməli, hər bir döngə, meydan, tikili və abidələr olduğu kimi bərpa edilməlidir. Çünki 30 ildir Şuşa, Qarabağ həsrəti ilə yaşayan sakinlər, ümumiyyətlə vaxtilə o füsunkar mənzərənin şahidi olanlar öz doğma məskəninin hər bir döngə, dalanını görmək üçün ümidlə yaşayıblar. Bu nostalji hislərin qorunmasına yönələn addımlarımız gələcək nəslin mənəvi irsimizə qayğı və hörmətlə yanaşmasına və onu qoruyub ötürməsinə səbəb olacaqdır. Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.

Şuşanın və digər işğaldan azad edilən ərazilərimizin tarixi memarlığı gözlənilməlidir

Şuşanın və digər işğaldan azad edilən ərazilərimizin tarixi memarlığı gözlənilməlidir. Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında əsrlər keçsə də Avropa memarlığı təsir edə bilməmişdir. Ta qədim zamanlardan Qarabağın özünün yerli üslubları var idi. Hələ XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmışdır. Kərbəlayı Səfixan Qarabaği onun ən görkəmli nümayəndəsi olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-1870), Şuşada Aşağı məscid (1874-1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda Qarabağlılar məscidi (1880 illər) və s. binalar tikilmişddir.   Bu ənənəyə sadiq qalaraq Azərbaycanda memarlığını bu yönümdə inkşaf edirməyimiz sonrakı qərinələrdə də iz qoymağımıza səbəb olacaq.

Memar  qeyd edib ki, 1990-ci illərdən sonrakı iqtisadi dirçəliş ölkəmizdə memarlığın, o cümlədən də dizaynın keyfiyyət göstəricilərinin təkmilləşdirilməsinə və inkişafına səbəb oldu. Keyfiyyət və kəmiyyətcə yeni olan məhsullar materiallar idxal olunmağa başladı. Yerli bədii konstruksiyalaşma da qlobal dizayn sisteminə inteqrasiya etməyə başladı. Bu prosesdə Azərbaycanda milli memarlıq nümunələrinə müraciət edilmədiyindən müasir memarlıq bir növ bizi özünəməxsusluqdan uzaqlaşdırdı. Bu halın Qarabağ memarlığına da yansımaması üçün yerli ornament, xalça və ya bəzi abiddələrimizi bəzəyən naxışlar, günbəz,  tağlar, minarələr və bu kimi milli elementlərimizlə sintez olunaraq yeniliklər edilməsinə diqqət yetirilməlidir.

Yeni abidələr layihələndirilməli, milli turizm inkişaf etdirilməlidir

Yeganə Abdullayeva  bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin qorunub inkişaf etdirən müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin, milli birliyimizin ən başlıca simvollarından istifadə edilərək yeni abidələr layihələndirilməli, milli turizm inkişaf etdirilməlidir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və qoruqlar olub. Hazırda həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb. 30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub. Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Qaragöl Dövlət Qoruğu, Laçın Dövlət Qoruğu, Qubadlı Qoruğu, Daşaltı Qoruğu, Arazboyu Dövlət Təbiət Qoruğu tamamilə tanınmaz hala salınıb. Dünya turizm mərkəzinə çevrilmiş ölkələrə nəzər salsaq turistləri cəlb edən nüanslar həmən ölkənin tarixi mədəniyyəti ilə bağlı olur. Odur ki, mədəni irsimizi qorumaq hər bir azərbaycanlının borcudur.