29 yanvar 2021 17:10
2371

Şuşa İslam mədəniyyətinin paytaxtı olacaq

“Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin konservatoriyası” adlandırılan, ölkəmizin ictimai-siyasi həyatında mühüm xidmətləri ilə seçilən bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Qarabağın baş tacı olan Şuşanın tariximizdə, mədəniyyətimizdə xüsusi yeri var. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev   düşmən tapdağından azad ediləndən sonra  bu qədim şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bildirdi ki, Şuşa şəhəri buna layiqdir: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.”  

Artıq İslam, həmçinin türk dünyası da “Şuşanın mədəni həyatı zəngin olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir” deyən dövlətimizin başçısının səsinə səs verib. Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə söz açaraq bildirib ki, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş katibi Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi təklifi ilə çıxış edəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə 2022-ci ildə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edərək orada 20-yə yaxın mədəni tədbir keçirmək fikrindədir. Şübhəsiz, bütün bunlar  türk, bütövlükdə müsəlman dünyasının tarixi şəhərimiz olan Şuşaya böyük marağından, həm də məhəbbətindən irəli gəlir. Bu kimi addımlar həm də  qədim Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk və İslam dünyasının tarixini, mədəniyyətini özündə birləşdirən əhəmiyyətli bir şəhər olmasından bir daha xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həm də ICESCO  həmişə Qarabağ probleminin həllində Azərbaycanın haqq səsinə səs verərək ölkəmizin ədalətli mövqeyini dəstəkləyiblər. Elə  atılan növbəti addımı da həmin mənəvi dəstəyin davamı kimi dəyərləndirmək olar.

Mütəxəssislərin fikrinə görə, ICESCO-nun və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Şuşa ilə bağlı irəli sürdükləri təşəbbüslər çox mühüm addımlardır. Belə ki, bu tədbirlər hər şeydən əvvəl, işğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində abidələrimizin saxtalaşdırmaya və mənimsənilməyə məruz qoyulması ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsinə yeni bir təkan verəcək. Digər tərəfdən, Azərbaycanın milli-mənəvi dəyərlərə, bütövlükdə tarixi, dini abidələrə necə qayğı və diqqət göstərməsini bir daha dünyaya göstərəcək.  Hər iki tədbir həm də Azərbaycanın incisi, musiqisinin, mədəniyyətinin beşiyi sayılan, 44 günlük Vətən müharibəsinin taleyində həlledici rol oynayan və bununla  öz tarixini daha da şərəfləndirən Şuşanın timsalında ölkəmizin mədəniyyətinin, tarixinin  təbliğində  mühüm əhəmiyyət kəsb edəcək.

Hazırda Şuşada yenidənqurma, bərpa işləri sürətlə həyata keçirilir. Artıq dövlət başçısının Sərəncamı ilə şəhərə yol çəkilir. Füzuli Beynəlxalq Hava Limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir... Bu il  Şuşada iki genişmiqyaslı tədbirin keçirilməsi də planlaşdırılıb. Onlardan biri  “Xarı bülbül” festivalı, o biri isə Vaqif poeziya günləridir.  Bütün işlər də dövlət başçımızın diqqət mərkəzində və nəzarəti altındadır. Şübhəsiz, Prezident İlham Əliyevin qayğısı sayəsində bu unikal şəhərimiz qısa zaman kəsiyində  yenə də öz tarixi simasını bərpa edəcək. Bütün bunlar deməyə əsas verir ki, Şuşa türk, İslam dünyasının mədəniyyət paytaxtları statusu ilə məhdudlaşmayacaq, gələcəkdə bütün dünyanın mədəniyyət paytaxtlarından biri kimi də tanınacaq. Elə sözügedən tədbirdə dövlətimizin başçısı bu məsələni də vurğulayaraq deyib ki, biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik: “Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm.” Prezidentimizin isə sözü ilə əməlinin bir olduğunu hər birimiz yaxşı bilirik.

Qvami Məhəbbətoğlu, “İki sahil”