“Türkiyə-Azərbaycan dostluğu qədim tarixə malikdir. Hər iki dövləti eyni köklər, ortaq milli-mənəvi dəyərlər, dil-din birliyi birləşdirir”.
Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. Bildirib ki, amma ortaq muzeylərimiz, ortaq abidələrimiz təəssüf ki, azdır. Bunun da əsas səbəbi odur ki, 1918-1920-ci illər arasında olan möhkəm əlaqələr sovet dövründə kəsilmişdir: “Hazırda isə xalqlarımız arasında çox yüksək əlaqələr mövcuddur. Bizim münasibətlərimiz digər ölkələr üçün nümunə olacaq səviyyədədir. 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin dəstəyi 1918-ci ildə olduğu kimi özünü təzahür göstərdi”.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması Türkiyə-Azərbaycan dostluğunu möhürləyəcək: “Təsadüfi deyil ki, "İstiqlal zirvəsi" adını daşıyan bu layihə azərbaycanlı və türk memar, dizayner və mühəndislər tərəfindən konsepsiya şəklində işlənib və təşəbbüs olaraq irəli sürülüb. Gələcək nəsillər belə kompleks və muzeyləri görüb bilməlidirlər ki, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Türkiyə-Azərbaycan əlaqələri sarsılmazdır. Bu baxımdan Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması çox böyük tarixi əhəmiyyətə malikdir”.
Nigar Orucova, “İki sahil”
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?