"Karona-böhranın maraqlı tərəfi bu oldu ki, dünya tarixindəki əvvəlki iqtisadi böhranlara nisbətən tez aradan qaldırılır, amma əvəzində Şumpeterin dediyi "yaradıcı dağılma" (creative destruction) baş vermədi: dünyada iqtisadi artım templəri aşağıdır, inflyasiya zəifdir, bərabərsizlik artır, iqtisadiyyatın struktur irəliləyişləri əhəmiyyətli deyil. Çünki korona-böhran əslində iqtisadi deyil, tibbi təhdid idi ki, sonradan pandemiyaya və iqtisadi böhrana çevrildi. İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq, amma yüksək artım trayektoriyasına keçid hələ ki, proqnozlaşdırılmır".
"İki sahil" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor bildirib ki, dünyada idarəetmə modelləri üç istiqamətdə haçalanıb: totalitar rəqəmsal diktatura, sosial rifah dövləti 3.0 və kvazi-dövlət rəqəmsal sistemləri "Keynsin dediyi kimi dövlətlər “mümkünsüz trillema”da üç hədəf – azadlıq, səmərəlilik və ədalətlilik arasında seçim edirlər. Eyni zamanda dövlət və cəmiyyət arasında Əcəmoğlu və Robinsonun təsvir etdiyi kimi “dar cığır”la inkişaf xətti müəyyənləşir. Azərbaycan Nobel laureatı Deni Rodrikin dediyi “aralıq institutlar”la bu dövrdə dövlət və millət quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparır. Xüsusən də, ərazi bütövlüyünün bərpası, korona ilə mübarizədə son mərhələ - vaksinasiyaya ilk keçən ölkələrdən bir olmaq, aşağı neft qiymətləri şəraitində makroiqtisadi və ictimai-siyasi sabitliyi təmin etmək və yeni regional geosiyasi və geoiqtisadi arxitekturanın müəyyənləşdirilməsini görkəmli dövlət xadimi İlham Əliyevin idarəetməsinin aktivinə yazmaq olar. Prezident İlham Əliyev hər bir çağırışı imkana çevirməyi bacaran liderdir. Qərb demokratiyasında yaşanan təlatümlər Qaret Consun “10 faiz az demokratiya” kitabında daha aydın izah olunur, əslində ən yaxşı nəticə optimal hökumətin qurulmasıdır. Prezident İlham Əliyev Azərbaycanda optimal idarəetməni qurduğundan biz dünya üçün “Böyük Depressiya”dan sonra ən böyük böhran ili - 2020-ci ili imkana çevirməyi bacardıq. Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti ilə xüsusən də Azərbaycandakı bazar modelinə sosial rəng qatması ictimai müqavilə və harmoniya üçün vacibdir".
V. Qasımlı qeyd edib ki, yapon fəlsəfəsində “kintsugi” – “qızıl bərpa” anlayışına görə sınmış məişət əşyası elə zövqlə bərpa edilir ki, sınığın izləri qalsa da, əşyanın sonu yox, onun həyatının davamı göstərilir.
"2020-ci ildə rastlaşdığımız çağırışlar həyatımızda izlərini saxlasa da, yeni reallıqda daha üstün pillədə dövlət və xalq olaraq inkişafımız təmin edilib", -deyə o, vurğulayıb.