18 yanvar 2021 15:50
718

Bəhreyn qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

Qanlı 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar Bəhreynin nüfuzlu “The Daily Tribune - News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycanda 20 Yanvar faciəsi qurbanları anılır” sərlövhəli məqaləsi dərc olunub.

"İki sahil" xəbər verir ki, yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanın paytaxtı Bakıya hücum edərək dinc əhaliyə amansızlıqla divan tutmasından bəhs edilib. Həmin gecə baş verənlərlə bağlı oxuculara ətraflı məlumat verilib.

Müəllif keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazovun 20 Yanvar hadisələrinin Bakıda sovet hakimiyyətini qorumaq, 1990-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə azadlıq və müstəqillik tərəfdarlarının qalib gəlməsinin qarşısını almaq məqsədilə törədilməsi barədə dediklərini misal gətirərək, sovet rəhbərliyinin daxilində fikir ayrılıqlarının bu qəddar cinayətin əsl mahiyyətini üzə çıxardığını oxucuların diqqətinə çatdırıb.

Məqalədə “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatında Bakıya hücum zamanı insan hüquqlarının ən kobud şəkildə pozulmasının əksini tapdığı oxucuların diqqətinə çatdırılıb.

Materialda 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən olduğu, sovet rəhbərliyinin törətdiyi dəhşətli cinayətin Azərbaycan xalqının getdikcə vüsət alan azadlıq yolunda əzmini və iradəsini boğa bilmədiyi, müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdiyi və bunun məntiqi nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın öz suverenliyini bərpa etdiyi vurğulanıb.

Yazıda Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq hər il yanvar ayının 20-də minlərlə azərbaycanlının Şəhidlər xiyabanına axın etdiyi bildirilib. Müəllif 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq səviyyədə hüquqi qiymətin verilməməsindən təəssüflənərək, dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan, bütövlükdə beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırıb.