Məlum olduğu kimi, 2020-ci ildə bütün ölkə üzrə tətbiqi gözlənilən icbari tibbi sığorta COVID-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar 2021-ci ilədək təxirə salınmışdı. Artıqv 2021-ci ilin yanvar ayının 1-dən İTS haqlarının toplanılmasına başlanılıb. Sığorta haqları növbəti ayın 15-dək dövlət büdcəsinə ödənilməlidir.
Bəs icbari tibbi sığorta haqqında nələri bilməliyik?
“Səhiyyənin maliyyələşdirilməsinin ən optimal yolu tibbi sığorta sistemidir. İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə çox məsələlərin və problemlərin həlli yolu tapılmış olacaq. İnsanlar başa düşməlidir ki, il ərzində kiçik məbləğdə vəsaitlər ödəməklə onlar öz sağlamlıqlarını təminat altına almış olacaqlar. Burada təbii ki, təklif ediləcək xidmətlərin keyfiyyəti barədə əhalidə sual yarana bilər. Bu sistem onu da düşünüb və keyfiyyət standartları müəyyənləşdirilmişdir. Tibb müəssisəsi keyfiyyət standartlarına cavab verərsə, buna uyğun da ödənişlər əldə edəcəklər. Loru dildə desək, pasiyentlərə lazımsız dərmanlar və müayinələr yazılmayacaq, pasiyent bir dəfə müayinədən keçibsə, onun nəticəsi servərdə olacaq və həkim pasiyentdən həmin müayinəni yenidən tələb edə bilməyəcək. Çünki həkimin yazdığı müayinə və müalicə 3-cü tərəf, İcbari Tibbi Sığorta sisteminin mütəxəssisləri tərəfindən də izləniləcəkdir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva söylədi.
Həmsöhbətimiz əlavə edib ki, İcbari Tibbi Sığorta sistemi səhiyyə sisteminə daha şəffaflaşdıracaq: “Canab Prezidentin dövlət siyasətinin əsas tərkib hissəsi olan korrupsiya ilə mübarizə və islahatların dəstəklənməsinə bir addım da İcbari Tibbi Sığorta sisteminin tətbiqidir. Əhalinin cibdən edilən ödənişləri xeyli azalacaq ki, bu göstəriciyə görə, yəni dövlət səhiyyə müəssisələrindən alınan xidmətlərin sayına görə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi göstəricilərdən geridə qalırdı. Hətta İTS sistemi tətbiq edilən pilot ərazilərdə insanlar yalnız kiçik məbləğdə olan azadolma vəsaitlərini ödəyirdilər və onu da post terminallar vasitəsilə, nağdsız şəkildə həyata keçirirdilər.”
Qeyd edək ki, icbari tibbi sığorta kifayət qədər geniş xidmətlər zərfi təklif edir ki, həmin zərfə 2550 adda ayrı-ayrı xidmətlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub. Belə ki, sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib. İstehlak qiymətləri dedikdə inflyasiya səviyyəsi nəzərdə tutulur və bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən hər il üçün elan olunur. Beləliklə sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat və 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun artım nəzərə alınmaqla, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat və 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun artım nəzərə alınmaqla hesablanacaqdır. Misal üçün, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2 faiz təşkil edərsə, 2021-ci ilin yanvar ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 91 manat 80 qəpik (90 manat + 90 manat x 2%), 2021-ci ilin aprel ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 68 manat 85 qəpik (67,5 manat + 67,5 manat x 2%) təşkil edəcəkdir.
Bu sistem Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir, ancaq həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid edilmir. Məlumat üçün qeyd edim ki, 2021-ci ilin yanvar ayının 1-dən artıq İTS haqlarının toplanılmasına başlanılıb. Sığorta haqları növbəti ayın 15-dək dövlət büdcəsinə ödənilməlidir.
2021-ci il 1 yanvar tarixindən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıqhesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Agentliyin saytında sığorta haqlarının hesablanması üçün yerləşdirilən kalkulyatordan istifadə etməklə icbari tibbi sığorta haqlarını hesablamaq olar. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyir. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.
P.Vəliyeva icbari tibbi sığorta haqlarının nə zaman ödənilməsi ilə bağlı məsələyədə aydınlıq gətirdi: “Çox insanlar səhv olaraq, zənn edirlər ki, aprelin 1-dən sığorta haqqı ödəniləcək. Xeyr, bu belə deyil. Doğru olan odur ki, sığorta haqqı yanvarın 1-dən ölkə üzrə ödəniləcək. Ancaq Bakı, Sumqayıt, Abşeron rayonu ərazisində tətbiqi isə aprelin 1-dən etibarən mərhələli şəkildə həyata keçiriləcək.
Maraqlıdır, icbari tibbi sığorta sisteminin tətbiqindən paytaxt sakinləri nə gözləyir?
İbrahim Əmrəliyev: ”İcbari tibbi sığorta sistemi ilk dəfədir ki, Azərbaycanda tətbiq olunur. Bu yenilikdən müsbət nəticələr gözləyirik. Fikrimcə, bu çoxdan tətbiq olunmalı idi. Səhiyyəmizin inkişafına, insanların sağlamlığının müdafiəsində mühüm rol oynayacaq. Sözsüz ki, bunun nəticələri başlanğıc üçün gözə görünməsə də, amma bir müddət sonra bütün əhalinin ürəyincə olan bir məsələ kimi öz nəticələrini göstərəcək.”
Müşgünaz Səfərovanın sözlərinə görə tibbi sığortanın bütün əhalimiz üçün xeyri var: “İcbari tibbi sığortanın tətbiqi ilə nisbətən az məbləğlə ehtiyacı olan hər kəs müalicə olunar. Fikrimcə, bu maddi baxımdan vətəndaşlarımz üçün olduqca sərfəlidir. Ümid varıq ki, gələcəkdə də bu sistemin göstərəcəyi səmərəli fəaliyyətindən hər kəs də razı qalacaq.”
Məlahət Rəcəbalıyeva: ”Mənim qeydiyyatım Qobustan rayonunadır. Mən ötən il bu sistemdən istifadə etmişəm . Heç bir narazılığım da yoxdur. Fikrimcə, zaman keçdikcə təkmilləşərsə daha da yaxşı olar. Açığı desəm yeni olduğu üçün bu sistem bir sıra boşluqlar var. Yəqin ki, gələcəkdə bütün problemlər aradan qaldırırlar. Bəzi həkimlərimiz laqeyd və soyuq münasibət göstərirdilər, amma bu hamıya şamil olunmur. Çünki öz işinin öhdəsindən tam məsuliyyətlə və qayğıyla gələn fədakar həkimlərimiz var. Onların haqqını itirmək olmaz. Bunun üçün onlara öz təşəkkürümüzü bildiririk.”
Rövşən Məmmədov qeyd edir ki, əgər peşəkar mütəxəssislər cəlb olunarsa icbari tibbi sığorta sisteminin daha təkmil və mükəmməl olacağını düşünürəm. Yəni, bu sistemin daha uğurlu fəaliyyəti üçün xarici təcrübədən yararlanmaq, dünyaya inteqrasiya olunmaq lazımdır.
Elçin Mehdiyev: “Əgər, Azərbaycanda icbari tibbi sığorta inkişaf etmiş dünya dövlətlərində və Avropa ölkələrində olduğu kimi həyata keçiriləcəksə, çox müsbət qarşılayarıq. Əgər, sonradan hər hansı bir əngəllər olmazsa. Məsələn, vətəndaş icbari tibbi sığorta haqqını ödəyir, səhhətində hər hansı bir problem yarandıqda da ödədiyi sığorta haqqına uyğun olaraq müalicə və müayinəsi tam həyata keçiriləcəksə, bu sistemdən razı qalmamaq mümkün deyil.”
Yaqut Ağaşahqızı, "İki sahil"
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib