Qusar-Laza yolunun 29-cu kilometrliyində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Beləliklə, ölkədə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırılıb.
"İki sahil" “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) istinadən xəbər verir ki, qurumun peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 kvadratmert ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda, Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə, bu yanacaqdoldurma məntəqəsində A-92 markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Burada 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək bildirib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaqdoldurma məntəqəsi də əlavə olunur. Bu, həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndlərin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsində praktiki xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir. Eyni zamanda, qeyd edim ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, həmçinin ətraf kəndlərin əhalisinə çətinlik törədirdi”.
Qeyd edək ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdansatışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. Cəmiyyətin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.