30 dekabr 2020 22:56
3958

SOCAR prezidentinin neftçilərə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

SOCAR prezidenti Rövnəq Abdullayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə neftçiləri təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilir:

Əziz neftçilər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram.

Yola saldığımız 2020-ci il Azərbaycan tarixinə möhtəşəm Zəfər ili kimi qızıl hərflərlə əbədi həkk olundu. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuz müqəddəs Vətən torpaqlarını düşmən işğalından azad etdi, soydaşlarımızın otuz illik doğma yurd həsrətinə son qoydu. Arzularımız, xəyallarımız gerçəkləşdi. Dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin qanı yerdə qalmadı. Mənfur düşmən diz çökdürüldü. Bu Böyük Zəfərin şəriksiz müəllifi olan möhtərəm Prezidentimizə minnətdarlığımız yerə-göyə sığmır. Bu tarixi Qələbə ölkəmizin iqtisadi qüdrəti, rifahı və əmin-amanlığı, daha yüksək zirvələrə doğru inamla addımlaması naminə ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Zati-aliləri, cənab Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin qələbəsidir. Ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda bütün dünyada təqdir olunan, örnək göstərilən davamlı nailiyyətlərinin labüd nəticəsidir. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının öz Liderinə olan sonsuz inam və etimadının qələbəsidir, onun yenilməz qələbə bayrağı altında sarsılmaz milli birliyimizin, həmrəyliyimizin, dosta fəxarət verən, düşməni vahiməyə salan “dəmir yumruq”umuzun qələbəsidir. Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə yazılan bu parlaq Qələbə  dünya durduqca xatırlanacaq, əsrdən-əsrə, nəsildən-nəslə keçəcək, daim qürur və iftixar mənbəyimiz olacaqdır.   

Bu gün xalqımız qarşıdan gələn 2021-ci ili və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qələbə sevinci ilə qarşılayır. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq ideyasının rəmzi və təcəssümüdür. Bu gün biz bu əzəmətli ideyanın təntənəsini hamılıqla və əyani surətdə hiss edirik. Bu əlamətdar gündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Ana Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin, qalibiyyət bayramının qürurunu yaşayırlar. Bu milli birlik və həmrəylik xalqımızın ən böyük mənəvi sərvətidir və möhtərəm Prezidentimizin uzaqgörən siyasi rəhbərliyi altında Azərbaycanı daha işıqlı sabahlara aparacaqdır.

Əziz neftçilər!

2020-ci ildə COVID-19 pandemiyası bəşəriyyəti ağır imtahanla üzləşdirdi. Dünyamız sərt məhdudiyyət və çətinliklər yaşadı. Bir çox ölkələr iqtisadi məhrumiyyətlərə məruz qaldılar. Son günlərin statistikası göstərir ki, Azərbaycan bu ümumbəşəri bəladan da alnıaçıq, üzüağ çıxmaq ərəfəsindədir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, iqtisadiyyatımızın ümumdünya böhranından zərər görməməsi üçün dövlət başçımızın verdiyi müdrik qərarlar bu çətinliklərin öhdəsindən mətanətlə gəlmək üçün xalqımıza güc, qüvvə bəxş edir. Ölkəmizin iqtisadi qüdrətinin təməl daşı olan enerji layihələri yaranmış məhdudiyyətlərə baxmayaraq, uğurla həyata keçirilir. Qədim tarixə, zəngin və şərəfli əmək ənənələrinə malik neft sənayesi əməkçiləri xalqımızın rifah halının daha da yaxşılaşması, daha xoşbəxt gələcəyi naminə qarşıda duran vəzifələri ləyaqətlə yerinə yetirmək, iqtisadiyyatımıza yeni-yeni töhfələr vermək üçün həmişə olduğu kimi, bu çətin pandemiya dövründə də fədakarcasına çalışırlar. Sizlərin çoxu bu bayram günlərində də əmək növbəsindədir. Neftçi mətanəti, neftçi əzmkarlığı təbiətin ən qorxunc qüvvələrini də ram etməyə qadirdir. Biz yaxşı bilirik ki, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunub başa çatdırılması Vətənimizin iqtisadi qüdrətinin, xalqımızın firavanlığının yüksəlişinə xidmət edir. Əminəm ki, SOCAR ailəsinin hər bir üzvü 2021-ci ildə də bu məqsəd, bu amal uğrunda yorulmaq bilmədən çalışacaq, yeni-yeni uğurlar qazanacaqdır. 

Əziz həmkarlar! 

Bir daha sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram. Qoy Yeni il sizə və ailələrinizə sevinc və xoşbəxtlik gətirsin.