24 dekabr 2020 19:35
1471

Hər kəs şəhid olmağa hazır idi - FOTO/VİDEO

Qarabağda 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun parlaq Qələbəsi ilə başa çatdı. 2802 hərbçinin qəhrəmancasına şəhid, minlərlə döyüşçümüzün qazi olduğu müharibədə hər kəs əsl vətənpərvərlik nümunəsi göstərdi. Kimisi oxuyaraq, kimisi xüsusi şücaət göstərərək, kimisi də digər igidliyi ilə  10 milyonun yaddaşına yazdırdı adını. Belə qəhrəmanlardan, xüsusi cəsurluq göstərən döyüşcülərdən biri də 300 nəfərlik taborun komandiri, Milli Ordunun gənc mayoru Elçin Şabanovdur.

“İki sahil” olaraq “Cəsur döyüşçü” medalı ilə təltif olunan qazimizin döyüş yolunu təqdim edirik.

Mayor Şabanov Elçin Xeyrulla oğlu 1985-ci ildə Lənkəran şəhərində anadan olub. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək, 2007-ci ildən Milli Ordu sıralarında xidmətə başlayıb. Bir müddət Gəncə, Gədəbəy və Qusarda xidmətini davam etdirib. Son təyinat yeri isə Füzuli rayonundakı “N” saylı hərbi hissə olub. Döyüşlərə müharibənin ilk günündən qoşulub. 

Uşaq olarkən qarşıma məqsəd qoydum ki...

Qazimiz bildirdi ki, hələ uşaq olarkən hərbçi olmaq arzusunda olub: “Mənfur düşmənlərin I Qarabağ müharibəsində xalqımıza verdiyi zülmü, soyqırımları, vəhşiliyi, vandalizmi hər zaman televiziyadan, yazılı mətbuatdan izləyirdik. O zamankı əsgərləri yarı silahsız, yarı geyimsiz, pərən-pərən düşmüş  halda görəndə istər-istəməz məndə bir qisas hissi yaranırdı. Uşaq da olsam, o zaman qarşıma belə bir məqsəd qoydum ki, böyüyəndə hərbçi olub bu vəhşiliyin əvəzini ermənilərdən çıxacağam, şəhidlərimizin qanını yerdə qoymayacağam. Şükürlər olsun ki, o qisası almaq mənə nəsib oldu, Ali Baş Komandanımızın hücum əmri ilə Azərbaycanın şanlı Ordusu irəli atılaraq şəhidlərimizin qisasını artıqlaması ilə aldı.

Eşidəndə ki, döyüş başlayıb…

“Biz bu formanı döyüşmək üçün geyinmişik” deyən E. Şabanov zabit və əsgər olaraq bu gün üçün hazırlandıqlarını vurğuladı: “Bizlər bu gün üçün hazırlanmışıq. Ali Baş Komandanın hücum əmrini hər kəs canla-başla, ürəklə, Vətən sevgisi ilə yerinə yetirirdi, hər bir döyüşçü ata-baba torpaqlarımızı işğal altında saxlayan erməni əsgərini öldürmək üçün can atırdı. Eşidəndə ki, döyüş başlayıb dərhal irəli can atdıq.”

Qubadlıda olarkən bizə xususi tapşırıq verildi

Döyüşlərdə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərindəki mübarizə aparıb cəsur mayorumuz: “300 nəfərdən ibarət taborun komandiri kimi iştirak etmişəm. Mərkəzi gərargahdan hər bir tabora, bölməyə bir hədəf, mövqe, istiqamət verilirdi və buna uyğun əməliyyatlar həyata keçirilirdi.  Buna görə də yerlərimiz tez-tez dəyişirdi. Qubadlıda olarkən bizə xüsusi bir tapşırıq verildi və bunun üçün Füzuliyə qayıtmalı olduq. Burada verilən tapşırığı müvəffəqiyyətlə başa çatdırdıq. O gün oktyabrın 26-sı idi və həmin gün mən snayper gülləsindən yaralanaraq hərbi xəstəxanaya yerləşdirildim. Hazırda müalicəm davam edir. İnşallah sağalan kimi geri qayıdaraq xidmətimi davam etdirəcəyəm.”    

Ermənilər qəbiristanlıqlarda belə səngər qazmışdılar

Elçin Şabanov söhbətinə davam edərək bildirir ki, ermənilər işğalda saxladığı müddət ərzində torpaqlarda heç bir abadlıq işi görməyiblər, əksinə hər yeri viran qoyublar: “Xalqımızın vaxtı ilə zəhmətlə tikib yaratdığı evləri, digər bütün mülki obyektləri daşlarına qədər söküb yerlə-yeksan ediblər. Kəndlərə girəndə adam dəhşətə gəlirdi, bir millət necə bu qədər vandal, vəhşi, dağıdıcı ola bilər? Onlar hətta bizim qəbiristanlıqları belə dağıtmışdılar, bir neçə qəbiristanlıq gördük ki, orada özləri üçün gizlənməyə səngərlər qazmışdılar”.

200-ə yaxın erməni əsgərini məhv etdik

“Taborumda 300 şəxsi heyət var idi. Təxminən 30 şəhidimiz, 50-60 nəfər isə yaralımız oldu, bunların içində yarası yüngül olanlar da var idi, hansı ki, onlar ilkin tibbi yardımdan bir neçə gün sonra yenidən bizə qoşulurdular. Buna  cavab olaraq taborumuz təxmini olaraq 200-ə yaxın erməni əsgərini məhv etmişdi”,- deyə qeyd etdi mayor E.Şabanov. 

Erməni əsgərləri ölən yoldaşlarını səngərdə, döyüş meydanında qoyub qaçırdılar

Qəhrəman qazimiz bildirir ki, bizim istər əsgər, istərsə də zabit heyəti nisbətən yüngül yaralandıqda belə döyüşü davam etdirirdi, halbuki, onlar o anda ilkin tibbi yardım almalı idilər. Bu əsgərlər yalnız düşmən məhv edilib əməliyyat uğurla başa çatdıqdan sonra tibbi yardıma razılaşırdılar. Amma ermənilərdə belə vəziyyət yox idi, onlar yaralanan kimi geri qaçmağa başlayırdılar. Ölən əsgər yoldaşlarını səngərdə, döyüş meydanında qoyub qaçırdılar, cürətləri çatmırdı ki, gəlib murdar meyitlərini götürsünlər. Çox qorxaq millətdirlər, biz Allahu-Əkbər deyərək irəli atılanda artıq canlarına qorxu düşürdü”.

Maddi-texniki təminat məsələsindən də danışan döyüşçü qeyd etdi ki, taborda maddi-texniki təminat üzrə tağım var idi: “Taborun bütün təminatını arxa cəbhədə onlar həll edirdi. Amma elə vaxtlar da olurdu ki, tabor xeyli irəli gedirdi və bu zaman sağ və sol cinahlarda düşmən mövqelərinin olması təminat və təxliyə işlərini çətinə salırdı. Bu, döyüş meydanında olan şeydir. Bəzən irəlidə olduğumuzdan iki gün, üç gün təminat gələ bilmirdi, yüngül qidalarla qidalanırdıq. Sağ və yaxud da sol çinahımızdakı düşmən mövqeləri digər ordu birliklərimiz tərəfindən alınandan sonra təminat məsələsi də həll olunurdu. Əslində bizə daha vacib olan təminat deyil, iki, üç günə çətin şərtlərlə əldə etdiyimiz mövqedə möhkəmlənərək daha da irəliyə getmək idi.

Özlərini qorumaq üçün ətrafı minalayırdılar

Minalardan qorunmaq üçün, əsasən çığırlar, ayaq izləri ilə hərəkət edirdik deyir müsahibimiz: “Torpağa diqqətlə baxanda da bilmək olurdu ki, bura mina basdırıla bilər, ya yox. Əlavə olaraq bizim bölmədə minaaxtaranlar var idi. Hansı ərazidən şübhələnirdiksə qrupu ora göndərirdik ki, yoxlasınlar. Bəzən olurdu ki, mina aşkar edilərək zərərsizləşdirilirdi. Onlar minanı əsasən yollarda, yol kənarlarında basdırmışdılar ki, hər hansı texnika, canlı qüvvə gələ bilməsin. Bu cür yerlərdə olan minalardan yayınmaq olurdu. Əsas problem səngərlərin yaxınında və yaxud hər hansısa bir düşmən mövqeyinin ətrafına olurdu. Özlərini qorumaq üçün ətrafı minalayırdılar və istər-istəməz intensiv döyüş zamanı yaranan qarışıqlıqda minaya düşənlər olurdu”.

Çoxlu şəhid, yaralanan gördüm, amma heç birinin üzündə qorxu, kədər görmədim

“Ümumiyyətlə, cəbhədə olan hər kəs çox gözəl başa düşürdü ki, bu nə yuxudur, nə də ki, evdə rahat şəraitdə izlədiyi müharibə filmi. Bu, həqiqi bir döyüş idi, ölüm, yaralanmaq, əsir düşmək bir nəfəs qədər bizim yaxınımızda idi. Hər kəs şəhid olmağa hazır idi, bunu amal kimi seçmişdik, təki Vətən sağ olsun!  Çox şəhid, yaralanan gördüm, amma heç birinin üzündə qorxu, kədər görmədim. Kimisi şəhid olarkən şəhidlik zirvəsinə yüksəlməsini sevinc gözyaşı ilə, kimisi gülüşü ilə qarşılayır, kimisi də “anama deyin ağlamasın”, “əvəzimdən uşağımın üzünü öpərsən” deyərək qürurla gözlərini əbədi yumurdu. Bu, mənim də taleyimdə ola bilərdi, amma elə oldu ki, yaralanmaq nəsib oldu. Döyüşlər zamanı mənim üçün ən çətin məqam da məhz şəhidimizin olması idi. İstəmirdim ki, itki verək, kimsə şəhid olanda elə bil mənə zərbə dəyirdi. Çünki onların hamısının bir ailəsi, arzusu, xəyalları var idi, hər şəhidlə bir neçə ailə yaralanırdı”.

18 otaqdan ibarət yeraltı bunker

Elçin Şabanov onlara tez-tez mərkəzi qərargahdan xususi tapşırıqların verildiyini bildirdi.  

Belə tapşırıqlardan biri də onlar Zəngilanda olarkən verilib və bunun üçün Füzuli rayonuna qayıtmalı olublar: “Zəngilanda olarkən bizə xüsusi tapşırıq verildi və bunun üçün Füzuli istiqamətinə yollandıq. Rayonun yaxınlığında ermənilərin məşhur “Ohanyan səddi” adlandırdıqları yeraltı bunker var idi. Müdafiəsi güclü olduğundan düşmən tərəfi oranın keçilməz olduğunu düşünürdü. Çünki bunkerin üst hissəsi 2 metr qalınlığı olan betonla bağlanmışdı, top və digər dağıdıcı mərmi ilə dağıtmaq olmurdu. Meşəlik ərazidə olan bunker demək olar ki, tamamilə maskalanmışdı, hər hansı bir yerdən sızmaq mümkün deyildi, yeganə yol qapıdan idi. Şəxsi heyəti bir neçə qrupa bölərək əməliyyata başladıq. Gizli yollarla bunkerə yaxınlaşıb mövqe tutduq və gözləmədikləri anda hücuma keçdik. Bunkerə əsasən əl qumbaralarından istifadə edərək girdik, əvvəlcə qapını partlatdıq, sonra isə içəri qumbara ataraq silahla yaxın məsafədən açıq atışmaya başladıq. İçəri yeni daxil olmuşduq, çöldə pusquda olan qrupdan məlumat gəldi ki, artıq erməni əsgərləri bunkerin gizli çıxışından qaçmağa başlayıblar. Dərhal oraya qüvvə göndərdim, düzdür, müəyyən hissəsi qaçmışdı, amma qalanlarını yerindəcə öldürdük. Bunker 18 otaqdan ibarət idi, yataqxana, tibb məntəqəsi, silah-sursat anbarı, hamam, rabitə otağı və sair var idi. Bu istehkamı onlar Aprel döyüşlərindən sonra, Azərbaycan Ordusunun gücünü dadandan sonra yaratmışdılar və zənn edirdilər ki, alınmaz bir qaladır”.

Qolum sümükdən qırılıb aşağı düşdü

Bunkerə tam nəzarəti ələ keçirəndən sonra çölə çıxaraq rabitə vasitəsi ilə hərbi hissə komandirinə məruzə edib mayor Şabanov. Lakin bu zaman erməni snayperinin hədəfinə tuş gəlib: “Birdən hiss etdim ki, sağ qolumdan istilik çıxdı, snayper gülləsi sağ qoluma tuş gəlmişdi. Qolum sümükdən qırılıb aşağı düşdü. Dərhal şəxsi heyətə tərəf dönərək bildirdim ki, hər kəs özünə mövqe tutsun, düşmənin haradan atəş açdığını dəqiq bilmirdik, yalnız sağ cinah istiqamətində olduğunu bilirdik. Bu andaca ikinci mərmi kürək nahiyəmə dəydi. Üzərimdə qoruyucu jilet olduğu üçün sağ qaldım. Dərhal sağ cinaha bir bölük göndərdim. Məlum oldu ki, o istiqamətdə düşmənin pulemyotçu, atıcı və snayperdən ibarət olan 3 nəfərlik müşahidə məntəqəsi var imiş. İkisinin mərmisi qurtardığı üçün snayper məni vurmuşdu ki, qarışıqlıq yaransın və bu əsnada oradan qaçıb canlarını qurtarsınlar, lakin bu planları canları bahasına başa gəldi. Sonra məni və digər yaralı yoldaşları tibb məntəqəsinə təxliyə etdilər, oradan  Füzuliyə, daha sonra Yevlax xəstəxanasına aparılaraq əməliyyat olundum. Şəmkirdə tibbi komissiyadan keçdim və 60 günlük məzuniyyətə göndərildim. Hazırda müalicəm davam edir, hər keçən gün daha da yaxşı oluram. İnşAllah, tezliklə öz döyüş yoldaşlarımın yanına qayıdacağam. Onlar məndən sonra Şuşa istiqamətində də məğrurcasına  döyüşüblər”.

Taleh Bağırov, “İki sahil”