23 dekabr 2020 16:30
1026

"Azəriqaz": Abonentlərin 15 faizi limiti keçib

2020-ci ilin 11 ayının iqtisadi göstəricilərinə görə dekabr ayının birinə olan məlumata əsasən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

Bu barədə "İki sahil"ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu da say etibarı ilə 361 926 abonent deməkdir. Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 % olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.