"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Lerik rayonunun Piran kəndində "SOCAR” brendi altında növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Bununla da ölkədə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb.
"SOCAR Petroleum"dan "İki sahil"ə bildirilib ki, cənub bölgəsində, Lənkəran-Lerik "İpək yolu" istiqamətində hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir.
Yeni istifadəyə verilmiş məntəqədə 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, “SOCAR Petroleum” QSC 37 YDM və 11 terminaldan ibarət neft məhsullarının topdan və pərakəndə satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı da fəaliyyət göstərir.