14 dekabr 2020 12:32
1223

Hazırda SOCAR-da kütləvi ixtisar aparılmır

Hazırda SOCAR-da kütləvi ixtisar aparılmır. Pandemiyanın yaratdığı iqtisadi böhran və OPEC+ formatı çərçivəsində hasilatın məhdudlaşdırılması ucbatından bir çox neftçıxarma idarələrində iş həcmi kəskin azalıb və buna görə bir çox işçilər boşdayanmaya məruz qalıb.

Bu barədə Azvision.az -a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, başqa şirkətlərin təcrübəsinə görə, bu cür hallarda fəaliyyətsiz qalan işçilər sadəcə ixtisar olunur.

"Lakin SOCAR öz sosial məsuliyyətini dərk edərək, ixtisarlara mümkün qədər yol verməməyə çalışır. Buna görə faktiki fəaliyyətsiz qalan işçilər üçün şirkət ixtisasartırma və ikinci ixtisasa yiyələnmə imkanı yaradılıb. Şirkət öz beynəlxalq sertifikatlı təlimçilərini cəlb edərək, fəaliyyətsiz qalan işçilər üçün silsilə təlimlər təşkil edir.

Bununla yanaşı, 2016-cı ildən etibarən SOCAR öz ştat vahidlərindən əlavə olaraq, həm də minlərlə işsiz olan vətəndaşı sosial (ictimai) iş yerləri ilə təmin edib. Sosial işçilər fərdi sahibkar kimi şirkətlə müqavilələr bağlayıblar. Gələn ildən etibarən bu işçilərin sadəcə SOCAR vasitəsi ilə deyil, DOST mərkəzləri vasitəsi ilə işlə təmin olunması nəzərdə tutulur. Yəni burada da kütləvi ixtisardan söhbət getmir".