İlkin olaraq QR kodla ən azı 10 manat ödəniş edən hər bir müştəriyə 5 manat endirim olacaq
“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “E-PUL” ödəmə xidməti və “Visa”nın birgə layihəsi çərçivəsində “SOCAR” brendinə məxsus bütün yanacaqdoldurma məntəqələrində QR kod əsasında təmassız ödəniş xidmətinin tətbiqinə başlayıb.Bu yeni ödəmə xidməti vasitəsilə müştərilər “E-PUL” mobil əlavəsini smartfonlarına yükləyərək “SOCAR Petroleum”un yanacaqdoldurma şəbəkəsində QR kodla təhlükəsiz və təmassız ödəniş etməklə yanacaq əldə edə biləcəklər.Bu vasitə ilə ödəniş edərkən avtomobildən çıxmağa ehtiyac qalmayacaq.
“SOCAR Petroleum” yanacaqdoldurma şəbəkəsində “COVID-19” pandemiyası dövründə xüsusilə əhəmiyyətli olan QR kodla təmassız ödəniş sistemi artıq istismardadır. QR kod ödəmə xidmətini Android və ya IOS-da istifadə etmək üçün “E-PUL” əlavəsini yükləmək lazımdır. Daha sonra burada qeydiyyatdan keçib “Visa” kartını bu təhlükəsiz mobil əlavə vasitəsi ilə əlaqələndirmək lazımdır.
Yanacaqdoldurma məntəqəsində isə operator avtomobili doldurduqdan sonra yanacaqdoldurma pompasının üzərində quraşdırılmış QR kodu skan edilməlidir. Mobil əlavədə alınan yanacağın dəyəri görünəcək. Bununla da smartfondan ödəniş olunarkən məbləğ kart hesabından avtomatik olaraq silinəcək, ödəniş məlumatları “E-PUL” əlavəsinin tarixçəsində saxlanılacaq. Həmçinin kassa çeki operator tərəfindən müştəriyə təqdim ediləcək.
Bu layihə çərçivəsində “Visa” və “E-PUL” birlikdə 2020-ci ilin 14 dekabr tarixindən təşviqat kampaniyasına start verilib. Belə ki, “SOCAR” yanacaqdoldurma şəbəkəsində “E-PUL” mobil əlavəsindən və “Visa” kartından istifadə edərək ilkin olaraq QR kodla ən azı 10 manat məbləğində ödəniş edən hər bir müştəri 5 manat məbləğində endirim əldə edəcək.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli jurnalistlərə bildirib ki, pandemiya dövründə bütün dünyada olduğu kimi, Azərbaycanda da rəqəmsallaşmanın, eyni zamanada, təmassız ödənişlərin zəruriliyi artıb: “Bu məqsədlə “SOCAR Petroleum” QSC dünyadakı inkişaf templərinə uyğun olaraq təmassız ödəniş sistemini istehlakçıların istifadəsinə verir. Beləliklə, bu sistem müştərilərin mövcud pandemiya dövründə təmassız ödəniş etmələrinə əlverişli şərait yaradır. Bu sistemi tətbiq etməkdə ən başlıca məqsədimiz müştəri məmnuniyyəti, onların rahatlığını təmin etməkdir”.
Ü. Həbibbəyli qeyd edib ki, nağdsız ödəniş və fiziki təmasın məhdudlaşdırılması bugünki pərakəndə bazarlarının əsas tələblərini əks etdirməklə QR-ödəmələr xidmətinin əhəmiyyətini artırır: “Yanacaqdoldurma məntəqələrimizdə QR kodla ödənişlərin aparılması müştərilərimiz üçün daha rahat və təhlükəsiz ödəmə şəraiti yaratmaqla müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına töhfə verəcək, bu isə Şirkətin prioriteti hesab olunur”.