Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Hər kəsə məlumdur ki, bu qəbildən olan insanların qayğıları Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin daimi diqqət və nəzarətindədir.
Bizim müəssisənin, - Heydər Əliyev adına Neft Emalı Zavodunun neft emalçıları da bu davamlı, bir an azalmayan qayğını daim hiss edirlər. Axı, son illər ölkəmizdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarının pensiya və müavinətlərinin artırılması, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bu işlər hamı kimi, zavodun müdiriyyəti və sədri olduğum zavod Həmkarlar İttifaqı Komitəsinin (HİK) çoxsaylı üzvləri tərəfindən də dərin razılıq hissi ilə qarşılanır.
Bu diqqət və qayğı, əlbəttə, bizi sevindirir, öz növbəmizdə, imkanlarımız çatdığı qədər cənab Prezidentimizin bu siyasətinə dəstək olaraq, zavodun müharibə əlilləri, veteranlarına və şəhid ailələrinə kömək göstərməklə dövlətimizə, millətimizə fayda verməyə çalışırıq. Azərbaycanda hazırda uğurla vətəndaş cəmiyyəti quruculuğu gedir, bu prosesdə fəal iştirak etmək hər birimizin borcudur.
Məlumat üçün bildirim ki, 1-ci Qarabağ müharibəsi zamanı zavodumuzun 27 nəfər işçisi şəhid olmuşdur. 13 nəfər sağlamlığını və iş qabiliyyətini itirən keçmiş veteran işçimiz də vardır. Hazırda müəssisənin müxtəlif şöbə, istehsalat və sahələrində çalışan Qarabağ müharibəsi iştirakçılarının sayı 172 nəfərdir. Daim zavod müdiriyyəti və HİK şəhid ailələri, əlil və veteranların problemlərinin həlli istiqamətində bir sıra sosialyönümlü tədbirlər həyata keçirmişdir.
Sentyabr ayının 27-dən başlayaraq xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Vətən müharibəsinə qalxmışdır. Bu gün Milli Ordumuz arsenalında olan ən müasir texnikadan yüksək peşəkarlıqla istifadə edərək düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu cəmi bir ay ərzində ermənilərin “yenilməzlik” mifini darmadağın edərək, 4 şəhər, 3 qəsəbə və 200-ə yaxın kəndi işğalçılardan azad etmişdir. Ordumuz hər gün, hər saat böyük tarixi qələbələrə imza atır.
1-ci Qarabağ müharibəsi zamanında olduğu kimi bu günlər bütün ölkə əhalisi kimi zavodumuzun neft emalçıları və həmçinin onların övladları torpaqlarımızın bütövlüyü uğrunda ölüm-dirim savaşına qalxmışlar. Hazırda müəssisənin 24 nəfər işçisi və 85 nəfər neft emalçısının övladı, onların həyat yoldaşları cəbhə bölgəsində azğın düşmənlə üz-üzədir. Bunların içərisində 13№-li sahənin çilingəri Nemət Qasımovun və 17№-li sahənin xadiməsi Gülnarə Hüseynovanın, hər birinin 2 oğlu cəbhəyə yollanmışdır. Zavod müdiriyyəti və HİK hər zaman cəbhədə erməni işğalçılarına qarşı döyüşənlərə imkan çatdıqca maddi və mənəvi dəstək olmağa çalışır. Bu yaxınlarda zavod rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi həmin döyüşən zavod işçilərinə 250 manat, işçilərin cəbhədə olan övladlarına isə 100 manat maddi yardım göstərilməsi haqda qərar qəbul etmişdir.
Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, Qarabağ qaziləri, əlilləri, veteranları Azərbaycanın ən layiqli övladlarıdır, onlar hər zaman cəmiyyətdə dərin hörmət və ehtirama layiqdirlər. Azərbaycan dövləti həmişə əlilə, şəhid ailəsinə arxa, həyan olub. Lakin dövlətimizin bu diqqət və qayğısı bizi arxayın salmamalıdır, gücümüz çatan işlərin öhdəsindən özümüz gəlməyə çalışmalıyıq.
Bu gün hər birimizin ən böyük arzusu Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə doğma Qarabağın düşməndən azad olunduğu günü görməkdir. Qələbə xalqımızın mənəvi yaralarına məlhəm qoyacaq, şəhidlərimizin ruhu əbədi sevinəcəkdir. İnşaallah, belə də olacaq!
İlham Quliyev,
Heydər Əliyev adına NEZ-in HİK-nin sədri