07 oktyabr 2020 17:44
742

Ermənilər əyilə-əyilə gəzdikləri torpaqlarımızda artıq sürünürlər - VİDEO

«Ermənistanda terrorçuluq dövlət siyasətinə çevrilib. Ermənistanın son addımları regionda iri bir münaqişənin müharibəyə çevrilməsinə yaşıl işıq yandırmış oldu. Burada beynəlxalq ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür ki, rəsmi Yerevana qarşı heç bir təzyiq və təsir mexanizmlərini işə salmadılar. ATƏT-in Minsk qrupu isə hər zaman seyriçi mövqe tutmaqla günlərini yola verdi. Prezidentimiz cənab  İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  dünyaya bu reallığı da çatdırdı ki, Ermənistan açıq təxribatları ilə yenidən müharibəyə hazırlaşır. Göründüyü kimi, Azərbaycan dövləti beynəlxalq təşkilatlardan işğalçı dövlətə bunun qarşısını almaq üçün təsir  göstərilməsini tələb etdi. Bildirdi ki, hərbi təxribatla bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin  üzərinə düşür. Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələri və çağırışları heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir. Bütün bunlar problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən beynəlxalq hüquqi normalardır.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.

Elman Nəsirov qeyd edib ki, gördüyünüz kimi, BMT kimi mötəbər bir təşkilatın qətnamələri 27 ildir kağız üzərində qalıb. İndiyə qədər bu təşkilat Ermənistana qarşı təsirli mexanizmlərin işə salınmasına maraq göstərməyib. Baxmayaraq ki, BMT-nin ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrinin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur. Ermənistanın təxribatı nəticəsində yeni savaşın başlanmasından sonra isə bəzi təşkilatlar və dövlətlər, xüsusilə Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər. Halbuki, cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə reaksiya verilməyib. Maraqlıdır ki, əgər problem indiyə qədər danışıqlar yolu ilə həll edilməyibsə, bundan sonra danışıqların müsbət nəticə verməsi nə dərəcədə mümkündür? 1994-cü ildə başlanan danışıqların əsas məqsədi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmasıdır. Amma 26 ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin  vasitəçiliyi ilə aparılan danışıqlarda heç bir irəliləyiş olmayıb. Paşinyanın «Qarabağ Ermənistandır» deməsi isə ümumiyyətlə, danışıqların mənasız olduğunu göstərdi. Bütün bunlar indi Azərbaycanı danışıqlara çağıran dövlətlərin şahidi olduğu proseslərdir. Lakin heç biri Ermənistanın bu prosesi pozmasına, son dövrlərdə artan hərbi ritorikasına, Azərbaycan qarşısında 7 şərt qoymasına, Şuşada qondarma rejim üçün «andiçmə mərasimi» keçirməsinə, «Yeni ərazilər üçün yeni müharibə» konsepsiyası irəli sürməsinə, Tovuza hücum etməsinə, Goranboya diversiya qrupu göndərməsinə, Livan ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməsinə kəskin münasibət bildirmədi. Bütün bunlar öz növbəsində göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız güc yolu ilə mümkündür. Çünki danışıqların pozulması və Ermənistanın işğalçı siyasətini genişləndirmək planları başqa yol qoymur. Prezident İlham Əliyev problemin danışıqlar yolu ilə həllinə dair son günlərdə edilən çağırışlara münasibət bildirərkən deyib: «Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o, dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il?»

E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan əzəli ərazilərimiz olan Dağlıq Qarabağda ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu gün Azərbaycan Ordusu bu məqsədlərdən irəli gələrək öz müqəddəs missiyasını uğurla yerinə yetirməkdədir. Düşmən illərdir işğal altında saxladığı, talan etdiyi torpaqlarımızda məhv edilir, layiq olduğu tarixi cəzasına çatır. Ordumuz əks-əməliyyatlara başladığı ötən günlər ərzində Ermənistan ordusunun illərdir möhkəmləndiyi bütün əlverişli mövqeləri azad edib. Düşmənin Dağlıq Qarabağdakı hərbi imkanları əhəmiyyətli dərəcədə məhv olunub. Bu gün Paşinyan ayrı-ayrı dövlət və hökumət başçıları ilə danışıqlar aparır ki, Azərbaycanı danışıqlar masasına qayıtmağa razı salsın. Ali Baş Komandanımızın isə şərtləri dəyişməzdir: «Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, «Qarabağ Ermənistandır”», Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq».

E.Nəsirov diqqətə çatdırıb ki, hesab edirəm ki, Ermənistanın vəziyyətdən yeganə çıxış yolu nə qədər gec deyil Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdir. Ölkə Prezidentinin şərtləri isə dəyişməzdir: Torpaqlarımız tam azad olunana qədər savaş davam edəcək. Bu müharibə Ermənistan üçün elə başa çatacaq ki, yarası tarix boyu sağalmayacaq.

E.Nəsirov diqqətə çatdırıb ki, hər zaman qardaş Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin aradan qaldırılmasında Azərbaycanın yanında olub. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 6-da Bakıya rəsmi səfərə gəlməsi də bu məqsədi daşıyır.  Mövlud Çavuşoğlu bildirib: «Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.»

E.Nəsirov xüsusi olaraq diqqtə çatdırıb ki, Ermənistanın yeganə çıxış yolu Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdir. Silahlı Qüvvələrimizin hərbi-texniki təchizatından tutmuş hərbi sənayemizin inkişafına qədər hər bir fakt onu da deməyə imkan verir ki, məhz Azərbaycan Ordusunun gücü və qüdrəti, hərbçilərimizin qəhrəmanlığı, şücaəti və sonsuz vətənpərvərlik hissləri qısa zamanda işğal olunmuş ərazilərimizi Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında geri qaytaracaq. Bu günə qədər Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınacaq. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Necə ki, bu gün Cəbrayılda və Murov yüksəkliyində dalğalanır. Düşmən əyilə-əyilə gəzdikləri torpaqlarımızda artıq sürünür.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»