Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək. Məmləkətimiz bu inamla yaşayır. Bu inam hər birimizin sökülən dan yerinə salavatımızdır. Hər ovqat xalqın ümumi ovqatı ola bilmir. Bu ovqat “Mən azərbaycanlıyam!” deyənlərin hamısının ümumi ovqatıdır. Belə ovqatlar zamanında da yaşanılır, sonralar məqamında da. “Get, sevgilim, uğur olsun!” şeiri Böyük Vətən müharibəsində yazılıb, qələbə ruhludu. Bu səbəbdən bütün müharibələrin şeiridi...
Tarix təkrar olunur deyənlərlə razılaşmaq istəmirəm. Zaman dəyişdikcə tarixi oxşarlıqlar ola bilər. Bu oxşarlıq şərti, mahiyyət oxşarlığı olacaq: 1941-ci il və 1988-ci il. Faşist Almaniyası və təcavüzkar Ermənistan. İşğala meyil və vətənpərvərlik. 79 il əvvələ kimi Azərbaycan hücuma məruz qalan sabiq SSRİ-nin tərkibində olub, yəni həmin müddətdə müharibələrdə (1942-1945, Çexoslovakiya, Əfqanıstan) o da SSRİ naminə döyüşüb. 1988-ci ildən bəri 3 il SSRİ-nin tərkibində ola-ola, 1991-ci ildən sonra müstəqil dövlət olaraq müdafiə olunur. Müharibə hələ başa çatnmaylb, müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Müharibəni yaxın vaxtlarda Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan əsgəri başa çatdıracaq.
Müharibədə döyüşən ordu və arxa cəbhə istilahları olur, müharibə şəraitində döyüşməyə hazır olan ordu və döyüşəcək əsgərlərin kürəyini nəfəsiylə isidən ictimaiyyət istilahları. Müharibədə də, müharibə şəraitində də arxa cəbhəni təmsil edən ədəbiyyat da müsəlləhləşir. Düşüncələri əsərlərin düşüncələrinə hopanlara, şeirləri əsgərləşənlərin duyumunu nurlandıran şairlərə işıqlı insan deyirik və işıq kəlməsini təfəkkürün, düşüncənin işığı kimi dərk edirik; şair hərdəm “qəm yesə də” (S.Vurğun: Şair olan qəm də yeyir...). ruhundan üzülən, süzülən misralar xalqın istəyini ifadə edir...
Səngərdə yazılan şeirlər, səngərə yazılan şeirlər o illədə döyüşən ordunun əsgərlərinin səngərdaşı olub, indi döyüşəcək ordunun əsgərlərinin ruh səngərdaşıdı, döyüşə bu şeirlərin aşıladığı ruhun çağırışı ilə gedəcək, döyüş əzmi, qələbə ruhu bu şeirlərlə ovxarlanacaq.
V.Belinskinin “Öz Vətəninə mənsub olmayan bəşəriyyətə də mənsub deyil” fikrini “Şeirləri Vətəninin söz sərhəddi olmayan şair bəşəriyyətə mənsub deyil” kimi ifadə edə bilərik.
Şairin düşüncələrinin işığı şeirlərindədi. Yaradıcılığının məntiqi “möhürbəndi” Vətən deyən şairlərin fikir dünyasının nəhayətsizliyi Vətən sevgisinin hüdudlarıyla qoşalaşır; sərraf oxucu bu səbəbdən gözəl şeiri ruha nemət bilir, bilir ki, şair Vətən üçün həmişə cavandı, şeirləri bəşəriliyin şeirləri kimi oxunur. Oxuna-oxuna sevilən, sevilə-sevilə oxunan şairin yüzlərlə şeiri tarixin yaddaşındadı. Tarixin yaddaşını müharibələr də pozmağa qadir deyil. Tarix şəxsiyyətlərin, deməli, onun təmsil etdiyi xalqın mənəvi dəyərlərini sədaqətlə mühafizə edir. Xalq şairi Nigar Rəfibəyli belə şair olub, özü də, sözü də belə yaşadılır.
“İgidin sağı-solu olmur” deyimi var. Bu deyimi şairlərə ünvanlasaq, “Şair üçün mövzu məhdudiyyəti” olmur, kimi ifadə edə bilərik; zövqlü oxucu Nigar Rəfibəylinin “Ala gözlüm” şeirinin kövrəkliyini də, lirizmini də, misraların bədii yükünü hansı duyumla yaşadırsa, vətənpərvərlik şeirlərinin üvertürası kimi səslənən
misralarını da, “Get, sevgilim, uğur olsun” şeirini də Vətənə sevginin söz ifadəsi biçimində həmin duyumun sarıldığı düşüncə ilə yaşadır...
Milli mentalitetə görə əzizi uzaqlara gedənlər kövrək anlar yaşayır, ayrılıq anlarında kövrəlir, bu kövrəklik gözlərdən yaş da dərir. Belə duyğusal məqamlarda Vətən naminə, Vətənin müqəddsliyinin yaşarılığı naminə göz yaşları ürəyinə axır. Şeirdə güclü bədii ümumiləşdirmə var və bu obrazın – sevdasını döyüşlərə yola salan azərbaycanlı qızın uğurlaması böyük Nizaminin “Eşqdir mehrabı uca göylərin” misrasının məntiqi baxımından “Uca göylərin mehrabı Vətən sevgisidir” kimi oxunur. Oxuyursan, düşüncələrindən min illərin o üzündən dikələn öyüdlər görürsən. Gənc qızın, bu anlamda şair Nigar Rəfibəylinin el adından tapşırmaları çox doğmadı, munisdi, bəşəridi! “Əziz xatirələrlə dolu olan bu torpağı qoru” tapşırmasında xatirələr təkcə uğura çıxanla uğur diləyənin xatirələri deyil, bu xatirələr zaman-zaman bu torpaqda Vətən üçün yaşayanların, son nəfəsi də Vətənə ad olanların xatirələridi.
Sevdasının döyüşə yola salanda yaşadığı anların kövrəkliyini ötəri xatırlatsa da inamından söz açan bədii “mən” üçün də, döyüşən əsgər üçün də, onların təmsil etdiyi xalq üçün də bir ucalıq, bir müqəddəsilik var: Vətən ucalığı, Vətən müqəddəsliyi. Böyük Vətən müharibəsi də xalqımızın tarixidir, xalq qələbə naminə o illərin bütün ağrı-acılarını dəyanəti ilə, mənəvi dəyərləri mühafizə etməklə, yaşatmaqla yumşaltdı. Döyüşən əsgər əmin idi ki, əzizləri qələbə naminə bütün çətinliklərə dözəcək, ona da əmin idi ki, deyənlər qələbə murazlıdı. Onu döyüşə yola salanda göz yaşlarını gizlədən qız qələbədən sonra onu qarşılayanda göz yaşlarını yola-izə səpələyəcək...
Bütün ədalətli müharibələrdə xalq ordunun zəfərinə inanıb. Bu inam da əsgərin qələbə ruhunu kükrədib. Döyüşən əagər əzizinin, bu anlamda sevdiyinin “Qəlbundəki Vətən eşqi müqəddəsdir” xatırlatmasını da xalqın xatırlatması bilir, səngərdən döyüş üzünə də bu əminliklə çıxır, döyüşü də son döyüşün tərkib hissəsinə çevirir. Döyüşən əsgər xalqın səsini eşidir:
Bu, şair istəyi idi. Şair istəyi Böyük Vətən müharibəsində gerçəkləşdi. Bu istək indi də gerçəkləşəcək. Böyük Vətən müharibəsində qələbə qazananların nəvələri də əzizlərinin yanına zəfərlə qayıdacaq. Bu şeir bu ovqatın şeiridir...
Şair istəyi zaman sərhəddini aşır. Böyük Vətən müharibəsində yazılmış bu şeir indi daha dönməzdir. Xalqımız əsgərlərimizi qələbəyə aparacaq yolu dum-duru niyyətiylə, milli-xəlqi ruhun işığıyla uğurlayır. Və inanır ki, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq!..
Rəşid Faxralı