08 iyul 2025 16:55
188

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində -  Ərəb Dövlətləri Liqasının baş ofisində keçirilən beynəlxalq konfransda iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki,  “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq konfrans Ərəb Dövlətləri Liqası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən təşkil olunub.

Konfransın əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh, qarşılıqlı hörmət və təhlükəsizliyə töhfə verməkdir. Konfransda islamofobiyanın səbəbləri, onun yayılması, cəmiyyətlərə və beynəlxalq təhlükəsizliyə təsiri müzakirə edilib. Təhsil, vətəndaş cəmiyyəti və dövlətlərarası əməkdaşlığın bu problemlə mübarizədə rolu da əsas mövzulardan biri olub. Müzakirələrdə tolerantlığın, dialoqun və birgəyaşayışın vacibliyi vurğulanıb.

Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov  bildirib ki, İslamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə  ziddir.  Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır. R.Həsənov vurğulayıb ki,  problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə, media və gənclərin iştirakı ilə birgə layihələr vacibdir. O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi səylərdən də danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində həm regionda, həm də beynəlxalq səviyyədə fəal rol oynayır. Ölkəmiz islamofobiya ilə mübarizədə beynəlxalq təşəbbüslər irəli sürür və bu məqsədlə böyük konfranslar, forumlar təşkil edir. Rəvan Həsənov islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb.