Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib.
Qeyd edək ki, bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Xatırladaq ki, “Qarabağ”–“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi ilə üz-üzə gələcək.
***
40-cı dəqiqədə Donald Gerye "Qarabağ"ın ikinci qolunu vurub.
***
51-ci dəqiqədə Donald Gerye özünün ikinci, "Qarabağ"ın 3-cü qolunu vurur.
**
80-ci dəqiqədə Mahir Emreli "Qarabağ"ın 4-cü qolunu vurur.
***
Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Xayme Romeronun hesabı açdığı görüşdə Vild-Donald Gerye qayıdışını dublla qeyd edib. Matçda son nöqtəni Mahir Emreli qoyub – 4:0.
UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü olacaq. Bu oyun sabah keçiriləcək.