17 iyun 2020 11:43
1160

Mais Səfərli: Azərbaycan pandemiya ilə mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir FOTO/VİDEO

“Bu gün dünyada elə bir ölkə yoxdur ki, pandemiyanın yaratdığı çətinliklərlə üz -üzə qalmasın. Ancaq Azərbaycan bir çox ölkələrlə müqayisədə həyata keçirdiyi qabaqlayıcı və çoxşaxəli tədbirləri ilə koronavirusla mübarizədə düzgün istiqamət müəyyən edə bildi. Ölkəmiz bütün imkanlarını səfərbər edərək mümkün itkiləri minimallaşdırmaq xəttini seçdi. Əsas gücünü vətəndaşın sağlamlığının qorunması istiqamətinə yönəldən dövlətimiz koronavirus infeksiyası ilə mübarizədə öz uğurlu nəticələrini əldə etməkdədir. Bu gün dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsidir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizdə koronavirus pandemiyası ilə ardıcıl, sistemli mübarizə aparılır. Sərhədlərin bağlanması, karantin rejiminə keçidin təmin edilməsi, müayinə test və laboratoriya ləvazimatlarının alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması kimi tədbirlər Azərbaycan dövlətinin dünyanı öz ağuşuna alan epidemiyaya qarşı mübarizədə nə qədər güclü olmasının və ölkə başçısının düzgün və uğurlu siyasət yürütdüyünün bariz nümunəsidir. Pandemiyanın ölkəmizə ayaq açdığı ilk gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındandır. Çünki COVID-19 infeksiyası sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərlərsə, həyata keçirilən tədbirlərə dəstək olarlarsa təkcə onların özlərinin yox, ailələrinin, doğmalarının, səhhətini qorumuş olar, ən başlıcası dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar”. Bu fikirləri Yurddaş Partiyasının sədri Mais Səfərli İkisahil.TV-yə onlayn müsahibəsində bildirib.

Mais Səfərli vurğulayıb ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Ölkə başçısının koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncamı və qısa müddət ərzində bu proqramın həyata keçirilməsi böyük əzm tələb edirdi. Proqramda pandemiyanın təsir edə biləcəyi bütün sahələr əhatə olundu. Proqram kifayət qədər sistemli yanaşma, dərin təhlillər və araşdırmalar nəticəsində hazırlanmışdır. Əldə olunan nəticələr reallığa və Azərbaycanın gələcəkdə inkişaf imkanlarının genişləndirilməsinə yönələn tədbirlərdir. Proqramda pandemiyanın təsir edə biləcəyi bütün sahələr əhatə olundu. 9 proqramdan ibarət olan dəstək proqramının maliyyə tutumu dövlət tərəfindən ölkə iqtisadiyyatının aparıcı sahələrində yaranan çətinliklərin minimallaşdırılması istiqamətinə yönəldilib. Bu ağır günlərdə xalqımız bir daha şahid oldu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan dövləti də öz vətəndaşını harada yaşamasından asılı olmayaraq qorumaq üçün bütün zəruri tədbirləri görür”.

Mais Səfərli qeyd edib ki, ölkəmizdə çoxpartiyalı sistemin yaradılması demokratik mühitin formalaşmasına öz töhfəsini verir. Bu, dünya praktikasında da belədir. Yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyiriksə ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır. Bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Biz birmənalı olaraq həmin mövqeyi qınayırıq. Hesab edirəm ki, hazırkı şəraitdə belə mövqe sərgiləmək düzgün deyil. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları o qədər də doğru deyil. Axı nəyə görə, həmin partiyalar özlərini siyasi proseslərdən kənarda saxlamalıdırlar? Bir halda ki, belə bir təklif var, onu dəstəkləmək lazımdır. Müasir dünyada siyasi mübarizənin formaları tamamilə dəyişib, artıq buna uyğunlaşmaq lazımdır. Radikal müxalifət düşərgəsində olan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, artıq siyasi mübarizə formalarını dəyişməlidirlər. Əks halda çox acınacaqlı bir vəziyyətə düşəcəklər. Bu da onların öz fəaliyyətlərinin, partiyada yenidənqurma işlərinin aparılmamasının nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, həmin partiyalar elə bir duruma düşüblər ki, elektoratları onlardan uzaq düşüb, seçkiləri uduza-uduza gəlirlər. Çoxpartiyalı sistem demokratiyanın göstəricisidir. Bu gün bu, Azərbaycanda var. Təbii ki, belə bir şəraitdə hər zaman iqtidar və müxalifət partiyaları arasında təmasların olması, dialoqun olması çox zəruridir. Xüsusilə də ümummilli məsələlər ətrafında müzakirələr aparmaq vacibdir. Bildiyiniz kimi, bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Torpaqlarımızın bir hissəsi işğalçı Ermənistan tərəfindən işğal olunub. Belə olan halda elə hesab edirəm ki, belə dialoqların davamlı olması zəruridir. Hər zaman olduğu kimi, yenə də AXCP və Müsavat belə görüşlərindən qaçırlar. Bu da o deməkdir ki, bunlar ümummilli məsələlərin müzakirəsindən qaçırlar. Deməli, ümummilli məsələlərin müzakirəsindən qaçırlarsa, onda onlar ümummilli maraqlara deyil, öz qrup maraqlarına xidmət edirlər. Müxtəlif şərtlər qoyurlar. Ölkəsinin gələcəyi üçün məsuliyyət hiss edən siyasi təşkilat rəhbərliyi bu cür şərtlər qoymamalıdır. Dialoq mühitinin formalaşması ilə bağlı təklifə hə deyə bilərik.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva,

“İki sahil”