12 iyun 2020 12:37
1290

Videoyığıncaq, yoxsa məzhəkəli mərəkə?

Bu günlərdə müxalifətin daha bir ikrah doğuran “tamaşa”sı yayımlanıb. “Milli Şura”nın onlayn toplantısından növbəti videogörüntüdə qurumun rəhbərləri hakimiyyətin dialoq təklifini müzakirə edir və ironik rəylər bildirirlər. Sədr Cəmil Həsənli hakimiyyətlə dialoqa gedənləri “tryapka” adlandırır. Onun bu təhqiramiz sözünə “!Milli Şura”nın digər başbilənləri də qüvvət verir, fikrinə şərik olduqlarını bildirirlər. Rahim Hacıyev “filosofluq” edərək deyir ki, “Azərbaycan cəmiyyəti iddialıdır, lakin insanları intizamsız, çox danışan və məsuliyyətsizdir”. Onların danışığına reaksiya verən Gültəkin Hacıbəyli “Oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı” - deyərək şaqqanaq çəkib gülür. Gültəkin Hacıbəyli elə uğunub gedir ki, elə bil təhqir etdikləri bu millətdən deyillər.

Yeni videokadrlar göstərir ki, “Milli Şura” öz siyasi xəttinə sadiqdir və özündən başqa hər kəsi aşağılamaq, təhqir etmək yolu tutub. Onlar hətta müxalifətin özünə müxalif olaraq başqa cür düşünənlərlə düşmənləri kimi davranırlar.

Buna ciddi etiraz edən ADP sədr Sərdar Cəlaloğlu bildirib ki, hakimiyyətlə dialoqa gedən müxalifət partiyalarını “tryapka” adlandırmaq “tryapka”lıqdan da betərdir: “Hakimiyyətlə dialoqda iştirak cındırlıq deyil. Bizi cındır adlandırırsa, görün onun özü nədir. “Tryapka” adı belə birisi üçün çoxdur. O, cındırdan da aşağı səviyyəli hərəkət edib. “Tryapkalılığın” nümunəsini Cəmil Həsənli son 20 ildə dəfələrlə ortaya qoyub. Bu adam iki dəfə hakimiyyətdən deputat mandatı alıb. Sonra ona mandat verənlərə də xəyanət edib. Korrupsioner olması məhkəmə qərarı ilə sübuta yetirilən adamların müdafiəçisi olub. Cəmil Həsənli həmişə oyunlarda iştirak edib və həmişə də şəxsi mənfəətini güdüb. Dəfələrlə satqınlıq edib. Eləmədiyi qələt qalmayıb. Buna görə utanıb yerə girmir. Adını da alim qoyub. Bu adam heç vaxt əslində siyasətçi olmayıb və indi də siyasətçi deyil. O, neçə ildir siyasətdə, sadəcə, təlxək rolunu oynayır. Elmli alimdir, lakin siyasətçi deyil. Çünki o cür siyasətçi olmur. İstənilən müxalifət partiyası həmin təhqirə görə Cəmil Həsənliyə qarşı hüquqi dava aça bilər. Biz, sadəcə, məsələni bu müstəviyə çəkmək istəmirik. Gültəkin Hacıbəylinin Cəmil Həsənliyə züy tutmasına gəlincə, Gültəkinin hansı prinsiplərlə deputat olduğunu Azərbaycanda hamı bilir. Görünür, o özü yaxşı bilir ki, “tryapkalıq” nə deməkdir. Mən şəxsən bilmirəm insan necə “tryapka” ola bilər. Amma o, “tryapka” nə olduğunu bilir. Başına gəlib axı”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirir ki, son bir ay ərzində bir neçə dəfə özünü “milli” adlandıran, reallıqda isə millilikdən kənar olan bir qrup “siyasətçi”nin videotoplantılarının görüntüləri həmin adamların özünün ifşası olub: “Bu görüntülər orada iştirak edən həmin adamların hansı səviyyədə, əxlaqda və düşüncədə olduğunu çılpaqlığı ilə ortaya qoyub. Əslində az-çox siyasətlə məşğul olanlar ora toplaşanlar barədə kifayət qədər məlumatlı idilər, bu görüntülərin yayılması ilə daha geniş auditoriyaya da bunların kimliyi məlum oldu. Bu adamların o zaman hakimiyyəti boğazdan yuxarı hansı ifrat formada müdafiə etmələri də hələ yaddan çıxmayıb. Bunlar o vaxt da əslində mövqelərindən istifadə edərək sıravi vətəndaşa yuxarıdan aşağı baxırdılar. Təmsilçilikləri bitəndən sonra isə indi də özlərinə xaricdən ağalar tapıb bu dəfə də onlara qulluq etməkdədirlər. Hətta bu “milli şuraçılar” milli dəyərlərimizə zidd olan təşkilatlara və şəxslərə yarınmağı da özlərinə ar bilmirlər, yeri gələndə onların da ayaqları altına sərilməyə və üzr diləməyə hazırdırlar, necə ki, elə bugünlərdə bunu da elədilər. O videokonfransda Azərbaycan cəmiyyəti haqqında səsləndirdikləri fikirlər əslində elə bunların insanımız haqqında hansı düşüncədə olduğunun göstəricisidir. Qəhqəhə çəkən isə danışdığı yersiz lətifəsi ilə yadda qalacaq, məncə. Bu adamlara heç olmasa bundan sonra abırlarına qısılıb sakit oturmağı tövsiyə edirəm. Çünki danışdıqca daha da batacaqlar”.

Deyilənlərə görə, deputat seçilmək üçün AMİP-dən AXCP-yə gələn, daha sonra yenə də deputat kürsüsünü qorumaq üçün AXCP-dən gedən, kitablarında mövcud hakimiyyətin ünvanına saysız-hesabsız təriflər yağdıran, kürsüsünü itirdikdən sonra isə yenidən radikal müxalifətçiyə çevrilən Cəmil Həsənli siyasi təfəkküründən və əxlaqından çoxsaylı ayaqqabıların tozunu hələ də təmizləyə bilməyib. Kirli-pasaqlı siyasi keçmişinin və satqın mahiyyətinin bulaşdırdığı çirkabları unutdurmaq üçün başqalarına şər-böhtan yaxmağa, gözə kül üfürməyə çalışır.

Vəli İlyasov,

“İki sahil”