12 iyun 2020 12:20
2254

Elmar Məmmədov: COVID-19-la mübarizədə vətəndaş məsuliyyəti əsasdır

“Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompleks tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü. Azərbaycanın ilk gündən atdığı addımların beynəlxalq aləmdə təqdir olunması, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındadır. Pandemiyanın ölkəmizə ayaq açdığı ilk gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındadır. Təəssüflər olsun ki, hələ də ictimai yerlərdə məsuliyyətsiz insanlarla qarşılaşa bilirik.”

Bu fikirləri YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov İkisahil.TV-yə müsahibəsində söyləyib.

Elmar Məmmədov bildirib ki, təəssüf ki, maskaların taxılması, ondan istifadə edilməsi bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Hər birimiz marketlərdə, avtobus dayanacaqlarında, bir sıra inzibati idarələrdə bəzi vətəndaşların qoruyucu maskalardan istifadə etmədiyinin şahidi oluruq. Bəziləri isə ağız və burun boşluğunu maska ilə örtmək əvəzinə, cərimə olunmamaq üçün onu çənələrinin altında saxlayırlar. Karantin rejiminin qaydalarına əməl olunması hər bir kəsin vətəndaşlıq borcudur. Həmrəylik göstərib birgə mübarizə aparmasaq, COVID-19-a qalib gəlmək mümkünsüzdür. Çünki infeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir. Vətəndaşlar qoruyucu vasitələrdən istifadəyə, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq. Çünki kimsə ətrafındakı insanların infeksiyaya yoluxub-yoluxmadığını bilmir. Ona görə də hamının maska taxması vacibdir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər yerlərdə sağlam insanları yoluxdura biləcəyi labüddür. Buna görə də pandemiya dövründə hər kəsin qoruyucu maskalardan istifadə etməsi, sosial məsafəni saxlaması və zərurət olmadıqca evdən çıxmaması çox vacibdir. Dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla, bu prosesə mühüm töhfə verirlər. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir.

 E.Məmmədov vurğuladı ki, karantin rejimi evdənçıxma qadağasının qüvvədə olduğu iki gün ərzində polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflər olsun ki, hər bir uğura qara eynəkdən baxmağa çalışan radikal müxalifət nümayəndələrinin sosial şəbəkələr vasitəsilə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddialar irəli sürməsinin şahidi olduq. Onlar sosial izolyasiya qaydalarının tətbiqini sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqli formada təqdim etməyə çalışdılar. Hesab edirəm ki, onların bu cür yanlış hərəkətlərinin qarşısı alınmalı, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil edənlər hər hansı bir formada tənbeh olunmalıdırlar. Çünki polislərimizin fədakar fəaliyyətinin üzərinə kölgə salmaq qəbulolunmazdır. Pandemiya dövründə karantin rejiminin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətdir. Ailəsinin və xalqının sağlamlığını düşünən hər bir şəxs bu qaydalara əməl etməyə borcludur. Dünyanın heç bir yerində koronavirusla mübarizə çərçivəsində görülən inzibati xarakterli tədbirlər qınanılmır. Göründüyü kimi, COVID-19-la mübarizədə vətəndaş məsuliyyəti əsasdır. Bu gün məsuliyyətimizlə sağlamlığımızın keşiyində dayanmalıyıq.

E.Məmmədov diqqətə çatdırdı ki, bu gün demokratiya məskəni hesab edilən Amerikada, Avropada polislərin sadə vətəndaşa qarşı törətdikləri elə vəhşilikləri görəndə insan dəhşətə gəlir. Amerikada əyləşib ölkəmizə qarşı qara piar aparan qondarma “Milli Şura”nın rəhbəri Cəmil Həsənli qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, Azərbaycan polisini gözdən salmağa çalışır. Halbuki Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, daha kimsənin boğazını sıxaraq boğub öldürmür.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva,

“İki sahil”