11 iyun 2020 12:30
1243

Elxan Şahinoğlu: AŞPA haqsızlığa söykənən siyasi mövqeyini davam etdirir - VİDEO

“Azərbaycan hər zaman beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib. Anti-Azərbaycan mövqeyi tutan və ölkəmizə qarşı qərəzli siyasət yürüdən beynəlxalq təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi “fəallığı” ilə seçilir. Beynəlxalq qurumların terrorçu Ermənistan dövlətinin cinayətkar əməllərinə göz yumması, bu vaxta qədər heç bir sanksiya tətbiq olunmaması işğalçını daha da şirnikləşdirib. Azərbaycan ictimaiyyəti beynəlxalq birliyin bu ədalətsizliyə göz yummasına və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atmasına etiraz edərək bildirirlər ki, qeyd olunan laqeyd münasibətlər cəmiyyətdə həmin qurumlara olan inamı heçə endirib. Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı bir sıra məsələlərlə yanaşı, beynəlxalq təşkilatların Azərbaycanla bağlı tutduqları ədalətsiz mövqeyə, ölkəmizin üzləşdiyi ikili standartlara da toxunub. Dövlətimizin başçısı belə siyasət həyata keçirən beynəlxalq təşkilatları və dövlətləri ifşa edib. Bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe tutan qurumlardan biri də AŞPA-dır. Bu təşkilat daimi ölkəmizə ədalətsiz münasibət göstərir, əsassız, heç bir fakta söykənməyən qərar və qətnamələr qəbul edir. Haqsızlığa söykənən siyasi mövqeyini davam etdirir”. Bu fikirləri İkisahil.TV-yə müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan BMT daxil olmaqla bir çox beynəlxalq təşkilatlara üzv olmuşdur. Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 17-də Avropa Şurasına üzvlüyə qəbul olunublar. Həmin dövrdə hər iki ölkə Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürüblər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Öhdəliklərin həyata keçirilməsinin monitorinqini isə Avropa Şurası həyata keçirir. Azərbaycan hər zaman öhdəliklərinə sadiq qalıb. Ermənistan isə bir sıra öhdəliklərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliyə də əməl etmir. Amma Avropa Şurası buna görə Ermənistana heç bir söz demir, irad bildirmir və işğalçı ölkə haqqında tədbir görmür. Bu da son nəticədə Avropa Şurasının öz ziyanına işləyir, onu bir beynəlxalq qurum kimi nüfuzdan salır. Çünki Avropa Şurası özünün dəyərlərinə və öhdəliklərinə əməl etmir”.

 Keçən müddət ərzində biz Avropa Şurasının Azərbaycana qərəzli mövqedən yanaşmasını daim müşahidə etmişik ki, bütün bunların təməlində qərəz, islamofobiya və ikili standartlar dayanır. Bu qurum Avropada, aparıcı Qərb ölkələrinin özündə, demokratik dəyərlərin, insan hüquqlarının və ümumbəşəri dəyərlərin hər an pozulmasına qarşı daim səssiz qalıb. Ksenofobiya, islamofobiya, antisemitizm Avropada tüğyan edir, amma bir dəfə olsun belə AŞPA-nın səsi, etirazı eşidilmir. Avropa Şurası ikili standartların ən çox vüsət aldığı platformadır. Bu qurum Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən, onun torpaqlarını işğal edən, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salan Ermənistana qarşı sərt mövqedən çıxış etməyib. Əksinə təcavüzkar dövlətin əli qanlı rəhbərlərinə öz tribunalarından çıxış etmək imkanı yaratmışdır. Məlum səbəbdəndir ki, həmin qurum Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan torpaqlarında baş verən hadisələrə - qondarma seçkilər, qırğınlar, siyasi təqiblərlə bağlı bir dəfə də olsun münasibət bildirməyib, xunta rejimini ifşa etməyib. Hətta pandemiya dövründə keçirilən və faktiki olaraq insan həyatı üçün təhlükə yaradan “seçkiləri” belə görməzdən gəlib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma xunta rejiminin keçirdiyi saxta “prezident və parlament seçkiləri”ni heç bir dövlət tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb. Ancaq ermənipərəst Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bütün bunlar Avropa Şurasının Azərbaycana qarsı ikili standartlara əsaslanan mövqeyinin nəticəsidir ki, bu da xalqımız tərəfindən qəbuledilməzdir.

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət aparması, Prezident İlham Əliyevin yalnız milli dövlətçilik maraqlarına xidmət edən fəaliyyəti, nümayiş etdirdiyi siyasi iradə dostlarımızı sevindirməklə bərabər, düşmən Ermənistanı, həmçinin bu işğalçı dövlətin himayədarlarını bərk məyus edir. Məhz buna görə də dünyadakı erməni diasporu təsir altına saldığı siyasətçilər, diplomatlar, deputatlar vasitəsilə beynəlxalq təşkilatlara yol tapır, bu məkandan, buradakı tribunadan Azərbaycan əleyhinə yararlanmağa çalışırlar. Ermənipərəst dairələrin təsiri altında olan şəxslər vasitəsilə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv hesabatlar, məruzələr hazırlanır, beynəlxalq mediada ictimailəşdirilir. Onlar bu yolla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.

E.Şahinoğlu diqqətə çatdırdı ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, dialoq yalnız ölkəmizə deyil, hər iki tərəfə lazımdır. İkili yanaşma var. Qarabağla bağlı Avropa Şurasının çox ədalətli qətnamələri var. Sadəcə, həmin qətnamələr kağız üzərində qalıb, yerinə yetirilmir. 2000-ci illərin əvvəllərində təşkilata üzv olmuşuq və bizim müəyyən hədəflərimiz var. Oranı tərk etsək, Ermənistan Azərbaycana qarşı təbliğatını Avropa Şurası məkanı üzərindən daha da gücləndirəcək. Fikrimcə, təşkilat çərçivəsində mübarizəmizi gücləndirməliyik. Digər Avropa təşkilatları ilə də əməkdaşlığımız var, inteqrasiya mövcuddur. Bu, Azərbaycan üçün də, Avropanın özü üçün də faydalıdır. Amma əlbəttə ki, tənqidlərimiz varsa, onları açıq deməliyik. Avropa Şurasında bu cür gərginliklər yaşamağımız birinci dəfə deyil. Zaman-zaman belə hallar olub, daha sonra dialoq da davam edib.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva,

“İki sahil”