03 iyun 2020 14:47
1252

Arzuxan Əlizadə: Çoxpartiyalı sistem demokratiyanın göstəricisidir - VİDEO

İkisahil.TV-nin növbəti qonağı Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadədir

- Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Maraqlıdır, siyasi partiyalarla aparılan müzakirələr Azərbaycana nə vəd edir?

- Yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektri mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”.

-Məlumdur ki,  ölkəmizdə çoxpartiyalı sistem formalaşıb. Bir partiya rəhbəri kimi, AMİP-in bugünkü durumu haqqında  sizin fikirlərinizi bilmək istərdik…

- Əslində, çoxpartiyalı sistemin mövcudluğu ölkənin inkişafına və demokratik mühitin formalaşmasına öz töhfəsini verir. Bu, dünya praktikasında da belədir. Azərbaycan Milli İstiqlal Partiyası müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi təşkilatdır. 1992-ci ildə bir nömrəli şəhadətnamə Milli İstiqlal Partiyasına verilib. O dövrdən başlayaraq ölkədə çoxpartiyalılığın əsası qoyulub. Sonradan digər partiyalar qeydiyyata alınıb.Son dövrlərə qədər  bu say 55 idi. Bilirsiniz ki, daha 4 partiya da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, hazırda ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş 59  partiya fəaliyyət göstərir. Milli İstiqlal Partiyası 80 ölkədən təxminən 100-dən yuxarı partiyanın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının da tamhüquqlu üzvüdür. Bizim partiya olaraq Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası ilə yaxın əlaqələrimiz var.  Dəfələrlə ikitərəfli görüşlər keçirmişik. Biz bu illər ərzində hər zaman çalışmışıq ki, ölkəmizi layiqincə təmsil edək. Onu da deyim ki, biz ölkə problemlərinin beynəlxalq səviyyədə nümayişinin, təqdimatının tərəfdarı olmamışıq. Təmsil olunduğumuz qurumlarda Azərbaycan həqiqətlərinin çatdırılmasına daim dəstək vermişik. Ölkəmizi layiqincə təmsil etmişik.  Bu gün Milli İstiqlal Partiyasında müxtəlif sahələrin mütəxəssisi olan insanlar təmsil olunurlar. Şübhəsiz ki, digər partiyalar kimi, Milli İstiqlal Partiyası əvvəlki gücündə fəaliyyət göstərmək imkanında deyil.  Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Milli İstiqlal Partiyası öz sözünü deyə bilən, az və ya çox dərəcədə ölkə siyasətinə təsir etmək imkanına malik siyasi təşkilatdır.

- Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülən dialoq çağırışını siyasi partiyalar necə dəyərləndirir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

-Amma buna baxmayaraq, bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar…

- Biz birmənalı olaraq həmin mövqeyi qınayırıq. Hesab edirəm ki, hazırkı şəraitdə belə mövqe sərgiləmək düzgün deyil. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları o qədər də doğru deyil. Axı nəyə görə, həmin partiyalar özlərini siyasi proseslərdən kənarda saxlamalıdırlar? Bir halda ki, belə bir təklif var, onu dəstəkləmək lazımdır. Müasir dünyada siyasi mübarizənin formaları tamamilə dəyişib, artıq buna uyğunlaşmaq lazımdır. Radikal müxalifət düşərgəsində olan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, artıq siyasi mübarizə formalarını dəyişməlidirlər. Əks halda çox acınacaqlı bir vəziyyətə düşəcəklər. Bu da onların öz fəaliyyətlərinin, partiyada yenidənqurma işlərinin aparılmamasının nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, həmin partiyalar elə bir duruma düşüblər ki, elektoratları onlardan uzaq düşüb, seçkiləri uduza-uduza gəlirlər. Çoxpartiyalı sistem demokratiyanın göstəricisidir. Bu gün bu, Azərbaycanda var. Təbii ki, belə bir şəraitdə hər zaman iqtidar- müxalifət partiyaları arasında təmasların olması, dialoqun olması çox zəruridir. Xüsusilə də ümummilli məsələlər ətrafında müzakirələr aparmaq vacibdir. Bildiyiniz kimi, bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Torpaqlarımızın bir hissəsi işğalçı Ermənistan tərəfindən işğal olunub. Belə olan halda elə hesab edirəm ki, belə dialoqların davamlı olması zəruridir. Hər zaman olduğu kimi, yenə də  AXCP və Müsavat belə görüşlərindən qaçırlar. Bu da o deməkdir ki, bunlar ümummilli məsələlərin müzakirəsindən qaçırlar. Deməli, ümummilli məsələlərin müzakirəsindən qaçırlarsa, onda onlar ümummilli maraqlara deyil, öz qrup maraqlarına xidmət edirlər. Müxtəlif şərtlər qoyurlar. Ölkəsinin gələcəyi üçün məsuliyyət hiss edən siyasi təşkilat rəhbərliyi bu cür şərtlər qoymamalıdır. Dialoq mühitinin formalaşması ilə bağlı  təklifə  biz  ancaq “hə” deyə bilərik.

-Ölkəmizdə korrupasiya və rüşvətxorluğa qarşı mübarizə məqsədi ilə aparılan islahatların şahidi oluruq. Sizin də bu son baş verənlərə münasibətinizi bilmək istərdik...

- Nəhayət ki, məmur özbaşınalığına son qoyuldu. Ölkəmiz pandemiya ilə mübarizə apardığı bir vaxtda vəzifəsindən sui-istifadə edən məmurların aşkarlanması çox təəssüf doğurdu. Ona görə ki, ölkədə aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları var. Prezident dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edib. O cümlədən vətəndaşlara münasibətdə səmimi olmaları, özlərini təkəbbürlü aparmamaları, eləcə də rüşvət və korrupasiya hallarına yol verməmələri ilə bağlı dəfələrlə çox sərt şəkildə xəbərdarlıq edilib. Lakin təəssüf ki, bəzi məmurlar hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmırlar.

- Korrupsiyaya qarşı aparılan uğurlu islahatlar sizcə, hansı nəticələrə gətirib çıxaracaq?

 -Hesab edirəm ki, dövlət qulluqçularının şəffaf fəaliyyəti  vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların təkrarlanması faktlarının da qarşısını alacaq. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olacaq. Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarınıda əhatə edəcəyini açıq bildirmişdir. Azərbaycan dövləti vətəndaşlarına həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Dövlət, ictimai təşkilatlar, ilk növbədə Heydər Əliyev Fondu, sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə maddi vəziyyəti aşağı olan insanlara əl tuturlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələr üçün nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşlar üçün nəzərdə tutulmuş ərzaq paylarını, maaşlarını mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son olaylar məmurların toxunulmazlıq görüntüsünü darmadağın etdi. İctimaiyyət anladı ki, vəzifəsindən və səhiyyətlərindən asılı olmayaraq hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır.

Şəmsiyyə Əliqızı,

Yaqut Ağaşahqızı,

«İki sahil»