30 aprel 2020 21:10
1567

Ağabəyim Axundova - Koronavirusdan sağalan 92 yaşlı azərbaycanlı

Azərbaycanda koronaviorusa (COVİD-19) yoluxmuş 92 yaşlı Ağabəyim Axundova sağalaraq evə buraxılıb.

“İki sahil” “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Lənkəranın Boladı kəndində yaşayan 1928-ci il təvəllüdlü Axundova Ağabəyim Şaban qızında aprel ayının ilk günlərində ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu müəyyən edilib.

Daha sonra o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:

"Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram".

Hazırda ev şəraitində olan nənə özünü yaxşı hiss edir. Həkimlərin məsləhətlərinə də qulaq asır. Qidalanmasını ləngitmir.

"COVID-19" virsuna qalib gəlmiş 92 yaşlı nənə hər kəsi diqqətli olmağa, virusun əlamətlərinin hiss olunduğu anda isə həkimə müraciət etməyi tövsiyyə edir.