09 aprel 2020 11:01
1177

İnsanların sağlamlığı ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir

Elman Nəsirov: İnsanpərvərlik və humanizm prinsipləri son 27 ildə dövlət siyasətinin əsasını təşkil edib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atıb, profilaktik və sistemli tədbirlər həyata keçirilməyə başlanıb. Xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə sərhədlər bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Vəziyyəti bir mərkəzdən idarə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin”.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

Elman Nəsirov vurğulayıb ki, bütün dünya dövlətləri koronavirus (COVID-19) pandemiyası ilə müharibə vəziyyətindədir və bu bəlaya qarşı kəskin mübarizə aparılır. Dünyanın bu başından o başına sürətlə yayılan, dövlətləri çaşbaş salan, on minlərlə insanın ölümünə səbəb olan bu xəstəliyin qarşısında hamı aciz qalıb. Dünya dövlətləri öz gücü, potensialı daxilində bu bəlaya qarşı mübarizə aparmaqda davam edir. Çarəsi hələ də tapılmayan xəstəliyin nə qədər davam edəcəyi hələ də bəlli deyil. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan da bu amansız və qəddar xəstəliklə təmkinlə mübarizə aparır, vətəndaşlarının sağlamlığı üçün bütün mümkün tədbirləri həyata keçirir. Dövlətimizin başçısının birbaşa köməyi ilə ölkəyə ilk mərhələdə 10, sonra isə 4 laboratoriyanın gətirildiyini bildirən deputat deyib: “Hazırda ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. İnsanlar arasında virusa yoluxma hallarının sayının azaldılması üçün dövlət tərəfindən ciddi qaydalar tətbiq edilir və tədbirlər həyata keçirilir. Təəssüflə deməliyəm ki, görülən tədbirlərə baxmayaraq, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Yoluxmanın sayının məhz indi artması bir sıra səbəblərlə izah olunur. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilk dövrdə ölkədə gündə cəmi 200-300 insan testdən keçirilirdisə, indi gündəlik müayinələrin sayı mindən çoxdur. Hazırda ölkəmizdə yeni, ən müasir tibbi laboratoriyalardan istifadə olunur.”

E.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 6-da imzaladığı “Məhkum olunan bir sıra şəxslərin əfv olunması haqqında” Sərəcamın əhatə dairəsinə koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı məhkumlar daxil edilmişdir. Bu kateqoriyadan olan 176 nəfər məhbus cəzasının çəkilməmiş hissəsindən azad olmuşdur. Bu addımı atmaqla Azərbaycan dövləti və onun rəhbəri idarəetmədə şəfqət, humanizm və insanpərvərlik kimi ali dəyərlərə sadiq qaldığını növbəti dəfə nümayiş etdirmişdir.

İnsanpərvərlik və humanizm prinsipləri son 27 ildə Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq və təşviq olunmaqdadır. Cənab Prezidentin 6 aprel tarixli əfv Sərəncamı da eyni məntiqin yeni şəraitdə ifadəsi kimi qiymətləndirilməlidir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”