“Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. 2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir.”
Bu fikirləri İkisahil. TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib.
Namiq Əhmədov qeyd edib ki, bu gün əldə etdiyimiz uğurlu nəticələr məhz cənab Prezidentin fəaliyyəti ilə bağlıdır. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Dünyada iqtisadi və maliyyə böhranının baş verməsinə və nəticələrinin bu günə qədər davam etməsinə baxmayaraq, dövlət büdcəsindən sosial sahəyə ayrılmalar azalmadı, əksinə bu vəsaitlər daha da artırıldı. Yəni, dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir. İslahatların dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi davamlı uğurlara yol açan əsas amillərdəndir. Azərbaycan bu gün regionda aparıcı qüvvədir. Regionda böyük layihələrə investisiya qoymaq istəyən ölkələr mütləq Azərbaycanla məsləhətləşir və birgə addımlar atmağı özlərinə borc bilirlər. Hesab edirəm ki, növbəti illərdə də dünyanın bu çətin, qalmaqallı vaxtında, hər yerdə müharibə və münaqişələrin tüğyan etdiyi bir dövrdə Azərbaycan xatasız, bəlasız, sakit firavan həyatını yaşayacaq.
Namiq Əhmədov diqqətə çatdırıb ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda olan inkişaf da gözlərimiz qarşısında baş verib. Xəzər rayonu Bakının demək olar ki, ən ucqar rayonlarından biri sayılır. Bu rayon əsas etibarilə neft sənayesi və kənd təsərrüfatı hesabına inkişaf edir. Əvvəllər Xəzər rayonunda yol, infratstruktur, qaz, işıq təminatı çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox səviyyəsində idi. Rayon əhalisi böyük problemlərlə üzləşirdi. Xəzər rayonunda nəinki müstəqillik illərindən sonra, heç sovetlər dönəmində də su təhcizatı yox idi. Bu rayonda mərkəzləşmiş su sistemi mövcud deyildi. Demək olar ki, rayonun bütün əhalisi qazma üsulu ilə quyu sularından istifadə edirdi. Bu sular da əsas etibarilə içməyə yararsız olurdu. İçməli suyu rayon əhalisi kənardan pulla alırdı. Müstəqilliyin ilk illərində zavod-fabriklərin fəaliyyətinin dayanması nəticəsində bu rayonda ən böyük çətinliklərdən biri işsizlik idi. Gənclər demək olar ki iş tapa bilmirdilər. 17 il öncəki vəziyyətlə müqayisədə bu gün Xəzər rayonu müqayisəolunmaz dərəcədə abadlaşmışdır. Burada inkişafın əsas amillərindən biri də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Xəzər rayonundan deputat seçilməsi oldu. Onun böyük, işgüzar fəaliyyəti sayəsində Xəzər rayonunda köklü dəyişikliklər baş verdi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunda mühüm sosial və infrastruktur layihələri həyata keçirilmiş, tarixi və dini abidələr yenidən qurulmuşdur. Bu sırada yeni sosial obyektlərin inşası xüsusilə diqqəti cəlb edir. Belə ki, Xəzər rayonunda tələbata uyğun olaraq uşaq bağçaları, məktəblər, səhiyyə ocaqları tikilib və ya əsaslı təmir olunaraq əhalinin ixtiyarına verilib. Həm təhsildə, həm səhiyyədə, həm də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılmasında, eyni zamanda, ölkəmizdə müalicəsi olmayan xəstələrin xaricdə müalicəsinin təşkilində uğurlu nəticələr əldə olunub.
Bu gün Xəzər rayonunda bütün qəsəbədaxili yollar asfaltlanıb, Ceyranbatandan Xəzər rayonuna mərkəzləşdirilmiş su sistemi çəkilib. Artıq hər bir ailə öz evlərində içməli sudan rahatlıqla istifadə edir. Çoxlarının düşünə bilmədiyi inkişaf bu gün Xəzər rayonunda reallaşıb. Hazırda Xəzər rayonunun qəsəbə və kəndlərində təmirsiz təhsil müəssisəsinə, yaxud da səhiyyə ocağına rast gəlmək mümkün deyil. Tikilib istifadəyə verilən müəssisələrin hamısı müasir avadanlıqlarla təchiz olunub. Buradakı bütün kənd və qəsəbələrdə mədəniyyət evləri, idman kompleksləri gənclərin istifadəsinə verilib. Bütün bunlar gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, pis vərdişlərdən uzaqlaşmasına böyük təsir göstərir. Bu gün Xəzər rayonunda çoxsaylı bağçalar tikilib istifadəyə verilib. Hansı ki, 17 il əvvəl bunlar yox idi və yaxud çox pis vəziyyətdə idilər.
Rayon daxilində həyata keçirilən müsbət dəyişiklikləri sadalamaqla qurtarmaq mümkün deyil.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”