YAP Könüllülərindən «Bizim həyət» layihəsinə dəstək
Martın 3-də Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Bizim həyət» layihəsinə dəstək məqsədilə aksiya keçirilib. Könüllülər gənclər arasında sağlam həyat tərzinin aşılanması məqsədilə «Sağlam həyat naminə» adlı ilk aksiyanı Binəqədi rayonunda keçiriblər.
Binəqədi rayonu, 6-cı mikrorayon 201 nömrəli binanın qarşısında keçirilən aksiyada gənclər İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn «Bizim həyət» layihəsi çərçivəsində quraşdırılan idman qurğuları, oyun meydançalarında səmərəli vaxt keçiriblər.
Aksiyada çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi paytaxt Bakı şəhərində uğurla davam edir. «Bizim həyət» layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Bu layihə həm də gənclərin və uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə kömək edir. Binəqədi rayonunda 8 belə həyət abadlaşdırılıb. Demək olar ki, ilin sonuna kimi abad həyətlərin sayı çoxalacaqdır. «Abad həyət» layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə mini futbol meydançası, şahmat meydançası, idman qurğuları, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi quraşdırılmış, həyətdə oturacaqlar qoyulmuşdur. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılmasına nail olmaqdır. Çünki gənclərimiz avadlaşdırılan həyətlərdə müxtəlif idman oyunları, yarışları keçirirlər. Ramiz Göyüşov qeyd edib ki, bu gün müstəqil Azərbaycanda müasir gənclər ordusu formalaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub.
Aksiyada çıxış edən YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov bildirib ki, partiyanın könüllüləri Prezident İlham Əliyevin 2020-ci ilin «Könüllülər ili» elan edilməsi ilə bağlı məlum Sərəncamını rəhbər tutaraq Tədbirlər Planı hazırlayıblar. Onun sözlərinə görə, Plana əsasən, könüllülər tərəfindən sosial, ekoloji, mədəni və idman kütləvi tədbirləri həyata keçiriləcək: «Bugünkü aksiyamızın əsas məqsədi İDEA İctimai Birliyinin təsisçiliyi və rəhbəriliyi ilə həyata keçirilən «Bizim həyət» layihəsinə dəstək və YAP könüllülərinin «Sağlam həyat naminə» adlı aksiyada birləşməsidir. Burada qarşıya qoyulan şərtlərdən biri gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların idmanla məşğul olmalarıdır. Bu, təkcə paytaxt Bakı və ətraf rayonları deyil, eləcə də regionları da əhatə edəcək. Belə məhəllələrin salınması gənclərin sağlam həyat sürməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanda könüllülər üçün təşkil olunan layihələrdən yararlandığını dilə gətirən YAP könüllüsü Yeganə Cavadova bu cür layihələrin gənclərin sağlam gələcəklərini qurmaları üçün önəmli rola malik olduğunu bildirib: «Bildiyiniz kimi, Azərbaycanda könüllülər üçün müxtəlif, ekoloji, mədəni, idman sahəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Biz də könüllülər olaraq həmin layihələrdən yararlanaraq həm də bir ideya ətrafında birləşməyimizə xidmət edir. Belə ki, layihələr vasitəsilə gənclər ünsiyyət qurmaqla yanaşı, həm də etdikləri müşahidələr əsasında təcrübə toplamaq şansı əldə edirlər.»
YAP könüllüsü Məhəmməd Baxşəliyev söyləyib ki, həyata keçirilən layihələr onun sağlamlığı üçün çox mühümdür: «Sağlam bədəndə sağlam ruh olur” deyimi var. Mən bu deyimi rəhbər tutaraq fiziki sağlamlığıma önəm verirəm. Bu baxımdan gənclərimiz üçün bu istiqamətdə həyata keçirilən layihələrdən yararlanmağa çalışıram. Çünki mənəvi və fiziki sağlamlığımızı qorumaq zəruridir. Abadlaşdırılmış həyətlər bizə asudə vaxtlarımız, idmanla məşğul olmaq imkanı yaradır.»
Könüllülük fəaliyyətinin onun üçün uğur gətirdiyini deyən Fidan Əhmədzadə söyləyib ki, gənclər üçün nəzərdə tutulan layihələr onların birgə əməyi, kollektiv fəaliyyəti üçün vacibdir: «Biz bu cür layihələrdə bir artaya gəlir, vaxtımızı səmərəli, faydalı keçiririk. Könüllü olmağın üstünlüyündən çox danışmaq olar. Çünki könüllü olmaq birgə olmaq, birgə əmək fəaliyyəti göstərmək deməkdir. Bu gün biz tarix boyu bir-birinin evini, bərabər şəkərbura bükən, torpaqlarını şumlayan anaların övladları olaraq dünyada geniş vüsət alan könüllülər hərəkatının öncülləriyik. Bir gənc olaraq həyata keçirilən layihələri bəyənir, dəstəkləyirəm. Könüllülük zamanı qazandığmız dostluqlar, bacarıqlar gələcək həyatımıza da öz müsbət təsirlərini göstərəcək.»
Məlumat üçün nəzərinizə çatdıraq ki, yaşıllıqların qorunmasına, sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsinə 2007-ci ildən start verilib.
Şəmsiyyə Əliqızı, «İki sahil»
Milli Məclisin deputatı: Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil
"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür