Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər bütün qadınlara əsl örnəkdir
Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Və əlbəttə ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, respublikanın Birinci vitse-prezidenti təyin etdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər. Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESKO-nun, ondan cəmi iki il sonra ISESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşən Mehriban xanıma qonşu dövlətin başçısı tərəfindən “Dostluq” ordeni təqdim edildi və bunun bir daha Azərbaycan dövlətinə, Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən bir dəyər olduğu vurğulandı.
Rusiya Prezidenti “Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndirir deyərək bəyan etdi ki, ordenin adı məhz Mehriban xanımın Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafı üçün gördüyü işləri əks etdirir.
Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə beynəlxalq mükafatlara layiq görülüb.
Bir sözlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Mehriban xanım Əliyeva, həmçinin xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər biri-biri ilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcəkdir. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”.
Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər. Nə üçün xalq ölkənin başçısını və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadırlar, ünsiyyətdən çəkinmirlər, əksinə, insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və genişmiqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” - Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində İnsan dayanır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələrin və aparılan işlərin nəticəsi olaraq müxtəlif ölkələrin ictimaiyyətinə, habelə gənclərə Azərbaycanın məruz qaldığı faciələr barədə dolğun məlumatlar çatdırılır. Məhz bu qurumun fəaliyyəti dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin başlıca uğurları və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların yayılmasının kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb. Erməni təbliğat maşınının uydurduğu yalanların dünyada təbliğinin qarşısının alınmasında əldə olunan uğurlarda Fondun fəaliyyətinin də xüsusi payı var.
Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəli olmasına baxmayaraq, bütün bu əməli addımların əsas nöqtəsi Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliğ edilməsidir.
Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu və xidmətləri olub. Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Fondun göstərdiyi xidmətlər əvəzsizdir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin ediliblər. “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün mərkəzin, tələbatı ödəyəcək qədər “Qan bankı”nın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr xeyirxahlıq, humanistlik nümunəsidir. Uşaq evlərində tərbiyə alan, yetkinlik yaşına çatan, yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili ictimaiyyəti narahat edən bir problemə son qoydu.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir.
Şəmsiyyə Əliqızı, “İki sahil”
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır