18 fevral 2020 11:41
1416

Erməni yalanlarına kim və necə cavab verə bilər? – VİDEO

Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla dünyaya səs salan Münxen debatı bizim kimi fəal siyasət və media adamlarını daha da həvəsləndirir. Həvəslənməklə bərabər bu qəbildən olan xatirələrimiz yadımıza düşür, onları bir daha oxucularımızın diqqətinə təqdim etməyə gərək duyuruq.

Ötən gün “İlham Əliyev, Nikol Paşinyan, Polad Bülbüloğlu, Oleq Yesayan” adlı bir yazımda belə bir xatirəmi paylaşmışdım. Daha öncə isə CNN-in dünyaca məşhur jurnalisti Kristian Amanpurla mükaliməm haqqında yazmışdım. Bu dəfə isə ATƏT-in media azadlığı üzrə o vaxtkı təmsilçisi Dunya Miyatoviçlə olan bir xatirəmi paylaşmaq istərdim. Məncə, belə işlərlə məşğul olmaq istəyənlər üçün yaxşı təcrübə olacaq.

…2016-cı ilin payızında Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantısında iştirak edirdim. Mövzulardan biri də jurnalistlərin təhlükəsizliyi və media azadlığı idi. ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç məruzəsində Ermənistan haqqında bir kəlmə belə tənqid səsləndirməzkən Azərbaycanı tənqid atəşinə tutdu. Hətta iddia etdi ki, bizim ölkəmizdə jurnalistlər öldürülür. Təbii ki, belə bir çıxışı cavabsız qoya bilməzdim. Ona görə növbəm çatanda xanım Miyatoviçə təşəkkür etdim və nəzərinə çatdırdım ki, jurnalistlərin problemlərindən danışanda hamıya balanslı yanaşmaq lazımdır. Öldürülən jurnalistlərə gəlincə, auditoriyadan izn alıb ayağa qalxdım (çıxışlar oturaq halda olur) və işğalçı Ermənistanın öldürdüyü 7 Azərbaycan, 2 Rusiya jurnalistinin adını tək-tək dilə gətirdim. Əlavə etdim ki, Ermənistan biz tərəfdə 9 jurnalist öldürdüyü halda Azərbaycan bir nəfər belə erməni jurnalistin burnunu da qanatmayıb.

Təbii ki, bu çıxışım erməniləri cin atına mindirdi. Onların rəsmi təmsilçisi, eləcə də QHT təmsilçisi iddia etdi ki, mən Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi danışıram və guya Azərbaycan da erməni jurnalistləri öldürüb. Növbəti dəfə çıxış etmək imkanım olmadığı üçün bunu yadımda saxladım və zamanı gələndə ermənilərə cavab vermək üçün fürsət gözlədim…

Həmin sessiyadan sonra bir erməni jurnalisti mənə yaxınlaşdı. Niyə belə radikallıq etdiyimlə maraqlandı. Mən də bildirdim ki, burada radikallıq yoxdur. Sadəcə faktları dilə gətirdim, sizinkilər də əsassız yerə təkzib etməyə çalışdı. Dedim ki, əgər doğrudan da biz erməni jurnalistləri öldürmüşüksə, zəhmət olmasa, onların siyahısını verin. Erməni jurnalist güldü və qayıtdı ki, bunu kim deyirsə, qoy o siyahını da həmin adam sizə versin…

Bu tədbirin ardından Vyanada yenə də eyni qurumun artıq bu dəfə konkret jurnalistlərə və mediaya həsr edilmiş tədbiri keçirildi. Hardasa bir ay sonra. Burada da iştirak etdim. Aparıcı rolda Dunya Miyatoviç idi. Təbii ki, mənim də deyəcəklərim çoxdu. Üstəlik, burada qaydalar bir az başqa olduğu üçün bir neçə dəfə çıxış edə biləcəkdim. Həm də Ermənistanın Azərbaycan jurnalistlərini öldürməsini növbəti dəfə dilə gətirmək imkanım olacaqdı. Oldu da. Özü də Dunya Miyatoviç öz naşılığı ucbatından bizim əlimizə oynadı həm də…

Xanım Miyatoviç çıxışında ciddi bir səhvə yol verdi. İddia etdi ki, Qarabağ münaqişəsi nəticəsində həm Azərbaycan, həm də Ermənistan tərəfdən jurnalistlər öldürülüb. Təbii ki, Ermənistanla bağlı iddia əsassız idi və mən buna cavab verməyə bilməzdim. Ona görə də çıxışımda qeyd etdim ki, xanım Miyatoviç əsassız yerə biz Azərbaycanlıların erməni jurnalistlərini öldürdüyümüzü deyir. Əgər belə faktlar varsa, buyursun, adlar çəksin.

Belə bir çıxışım Ermənistanın rəsmi təmsilçisini özündən çıxardı. O, qəzəbli şəkildə ünvanıma sərt sözlər dedi, məni Azərbaycan hakimiyyətinin sözçüsü kimi qələmə verdi və iddia etdi ki, guya biz də erməni jurnalistlərini öldürmüşük. Onun ardınca İrəvan Mətbuat Klubunun rəhbəri, həmişə təmkinilə seçilən və Azərbaycanda da bəzi media kapitanlarıyla qardaşlıq münasibəti olan Boris Navasardyan söz aldı, eyni isterika içində mənə qarşı sərt sözlər səsləndirdi. Mənsə təmkinimi pozmadım. Sadəcə dedim ki, zəhmət olmasa biz Azərbaycanlıların öldürdüyü erməni jurnalistlərin adlarını açıqlayın. Onunsa cavabı bu oldu ki, mən yalançıyam, Azərbaycan hakimiyyətinin tapşırığıyla beynəlxalq ictimaiyyəti aldatmağa çalışıram. Təbii ki, öldürüldüyünü iddia etdiyi heç bir erməni jurnalistinin adını çəkə bilmədi…

Bu iki tədbirdə diqqətli və bilgili davranmağımız həm erməniləri özündən çıxardı, həm də bizim başımıza gətirilənləri bir daha beynəlxalq tribunalardan səsləndirməyə imkan yaratdı. Ermənilər boş sözlər dedilər, bizsə konkret faktlar üzərində dayandıq.

İndi Prezident İlham Əliyevin Nikol Paşinyanla debatı da bu qəbildən idi. Paşinyan nağıl danışırdı, Azərbaycan Prezidenti isə ona həm tarix, həm beynəlxalq hüquq, həm də natiqlik dərsi keçirdi. Bu debatdan sonra bir daha bu qənaətə gəldim ki, uyğun zamanda uyğun adamlar uyğun yerdə olanda bizim qarşımızda nəinki ermənilər, heç onların ağaları da duruş gətirə bilməz! Sadəcə uyğun adamlardan uyğun şəkildə istifadə etsək bir çox problemlərimizi asanca həll edə bilərik…

Azər HƏSRƏT,
siyasi şərhçi