Hikmət Babaoğlu: Daha güclü Azərbaycan naminə YAP-ın nümayəndələrinə səs verməyə çağırıram!
Yeni Azərbaycan Partiyası tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədiyi irəli sürülən Hikmət Babaoğlu İkisahil.TV-yə müsahibəsində bildirdi ki, Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə inamlı qələbə qazanmaqla öz gücünü və nüfuzunu dəfələrlə nümayiş etdirib. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir və bu seçkilərdə də favorit olaraq göstərilir.
- Hikmət müəllim, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası tərəfindən sizin də növbəti dəfə deputatlığa namizədliyiniz irəli sürülüb. Bununla bağlı düşüncələrinizi bilmək istərdik?
- Seçkilərdə YAP-ın müəyyənləşdirdiyi namizədlər siyahısında adımın olması mənim üçün çox böyük qürur və şərəfdir. Mən buna görə partiyamızın rəhbərliyinə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkürümü bildirirəm.
Əlbəttə, Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri var ki, bu üzvlərin sırasında yüzlərlə, minlərlə, onminlərlə layiqli namizədlər var. Buna görə də mənim üzərimdə seçim etdikləri üçün bir daha təşəkkürümü bildirirəm. Bilirsiniz ki, hər bir seçki özlüyündə bir demokratiya yarışıdır. Yeni Azərbaycan Partiyası bu vaxta qədər ölkəmizdə keçirilən bütün seçkilərdə, demokratiya yarışında qalib partiya olubdur. YAP-ın öz namizədləri üçün müəyyənləşdirdiyi fəaliyyət proqramı var. Əlbəttə ki, bu fəaliyyət proqramında nəzərdə tutulan addımlar şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbəsini şərtləndirəcəkdir. Çünki YAP xalqın içindən çıxmış və xalqa xidmət edən bir partiyadır.
- Parlament seçkilərinə az bir vaxt qalıb. Bütövlükdə, ölkəmizdəki seçki mühitini necə dəyərləndirirsiniz?
- Hər bir demokratik cəmiyyətdə seçkilərin keçirilməsi növbəti demokratiya yarışıdır. Bilirsiniz ki, bütün demokrtaik cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da seçki prosesi başlayandan dərhal sonra iştirak edəcək və yaxud da iştirak etmək istəyən bütün namizədlər üçün bərabər şərait yaradıldı. Yəni Seçki Məcəlləsi qanun və hüquq bütün namizədlərə eyni dərəcədə şamil olundu. Ümumiyyətlə, 2020-ci ildə keçirilən seçkilərdə yeni əlamətlər müşahidə etməyə başladıq. Bu nədən ibarətdir: Builki seçki parlamentarizm tarixində, keçirilən seçkilər tarixində ən çox namizədin rəsmən qeydə alındığı seçki kimi yadda qaldı. Bu, ilklərdən biridir. Builki seçkilər ən çox gəncin, qadının qeydə alındığı parlament seçkisi kimi tarixə düşəcək. Eyni zamanda, bütün bunlara baxmayaraq, ən az şikayətin MSK-ya daxil olduğu parlament seçkiləri kimi də yadda qalacaq. Baxmayaraq ki, namizədlər çox idi, amma şikayətlər az oldu. Bütün bunlar seçkiqabağı yarış mühitində ədalətli bir ab-hava yaratmış oldu. Şübhəsiz ki, buna paralel olaraq hazırda bilirik ki, seçki marafonunun müəyyən hissəsi arxada qaldı, daha doğrusu, böyük bir hissəsi yekunlaşıb. Müşahidə etdik ki, hər bir namizəd üçün təbliğat-təşviqat kampaniyasının aparılması üçün bərabər hüquqlar təmin edilibdir. Düşünürəm ki, bu, Azərbaycanın milli demokratiya tarixində yeni bir şəffaf inkişaf mərhələsi kimi yadda qalacaqdır. Şübhəsiz ki, seçki günündə artıq hər kəsin nəyə nail olduğu ortaya çıxacaqdır, çünki burada barometr xalqın, seçicinin namizədə verəcəyi səsdir və əminəm ki, seçici kimi seçəcəksə onun iradəsi də parlamentə növbəti üzvləri təmin etmiş olacaqdır.
-Bir sıra beynəlxaq təşkilatların müşahidə missiyaları Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. Sizcə, ümumilikdə bu seçkilərə beynəlxalq müstəvidə maraq hansı səviyyədədir?
- Seçkini müşahidə etmək istəyən xeyli sayda beynəlxalq təşkilatların nümayəndələri var və bu, əslində elə maraq deməkdir. Bu günə qədər 630-dan çox müşahidəçi seçkini müşahidə etmək üçün müraciət ediblər. Onların müraciətləri də müsbət qarşılanıbdır. Əlbəttə, bu rəqəmlər hər gün dəyişir. Hər halda bu, xeyli böyük rəqəmdir, bütün bunlar əslində beynəlxalq maraqdır. Beynəlxalq təşkilatların marağıdır ki, Azərbaycanda keçiriləcək demokratiya yarışını müşahidə etsinlər və sonda da öz fikirlərini bildirsinlər.
- Yeni Azərbaycan Partiyası tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb. Seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir? Necə hesab edirsiniz, ötən beş ildə seçicilərinizin etimadını doğrulda bilmisinizmi? Çünki növbəti seçkilərdə bu amil əsas rol oynayacaq...
- 2015-ci ildə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişəm. Bu müddətdə seçicilərimlə sıx ünsiyyət qura bilmişəm, onların problemlərini ictimailəşdirməyi, onları maraqlandıran məsələləri Milli Məclisin tribunasından səsləndirməyi bacarmışam. Yəni mümkün qədər onların yanında olmağa çalışmışam. Bilirsiniz, mən bu təbliğat-təşviqat kampaniyasına həm də bir növ özümün 2015-ci ildə mənə səs verib, məni seçən seçicilərim qarşısında bir hesabatım kimi baxıram. Çünki ikinci dəfə namizəd olmaq əslində birinci dəfəki deputatlığı dövrünün hesabatını verməkdir. Azərbaycan seçicisi çox tələbkardır, siz ona qaneedici hesabat verməsəniz və yaxud fəaliyyətiniz seçicinin gözündə qaneedici olmayıbsa, o, sizə ikinci dəfə səs verməyəcəkdir. Düşünürəm ki, bu, çox yaxşı bir qiymətləndirmə və qarşılıqlı hesabatlılıq hadisəsidir. Buna görə də seçicilərim ilə görüşə gedən zaman hazır gedirəm. Məsələn, konkret olaraq mənə 118 şifahi müraciət, 97 yazılı müraciət daxil olub. Bunların cəmi 215 edir. Bu 215 müraciətin 100-ü öz həllini tapıb. Bir sıra məsələlər də olur ki, onları həll etmək mümkün deyil, buna görə də bu cür məsələlərlə bağlı müraciət edən şəxslərlə ayrıca görüş keçirilərək onlara müəyyən izahat verilibdir. Düşünürəm ki, seçicilərim qarşısında bu cür şəffaf hesabat verməyim mənə rəğbət formalaşdırır, qarşıdan gələn seçkilərdə də seçicilərimizin mövqelərini dəqiqləşdirmək üçün onlarda bir təsəvvür yaradır. Yəni bu deputat mənim səsimə layiq oldumu və yaxud olmadımı. Seçicilərimin bu hesabatımı yaxşı qarşıladıqlarının şahidiyəm. İnanıram ki, onlar YAP-ın namizədinə səs verəcəklər. Təbliğat dövründə 46 minlik seçici auditoriyasının hamısını əhatə etmək olmur. Buna görə də mən sosial şəbəkələrdən və internet resurslarından effektiv istifadə etməyə çalışıram. Əgər hansısa bir seçicinin görüşə gələ bilməyə vaxtı yoxdursa, sosial şəbəkələrdən öz namizədinin fəaliyyətini izləsin. Hansı işlər gördüyünü və nə işlə məşğul olduğunu görsün. Buna görə də bu və ya buna bənzər çoxsaylı çıxışlarımı seçicilərin diqqətinə təqdim edirəm. Bəzi məsələlər var ki, onlar artıq deputatın səlahiyyətlərindən kənardadır, onlarla bağlı hər birinə ayrıca hesabat verirəm. Beləliklə, mən düşünürəm ki, hər bir deputat öz seçicisi ilə daim dialoq halında olmalıdır. Təkcə seçki prosesi ərəfəsində deyil, ondan sonra da onların problemlərini daim diqqətdə saxlamalıdır. Ümid edirəm ki, bu da mənə səs olaraq qayıdacaqdır.
Ona görə də düşünürəm ki, YAP-ın namizədi kimi növbəti dəfə seçkilərə qatılmaqla seçicilərin yenidən etimadını qazana biləcəyimə ümidliyəm.
- Yeni Azərbaycan Partiyası ilə yanaşı, seçki kampaniyasında bir sıra siyasi partiyalar da mübarizə aparır. Bu mübarizədə qüvvələr balansını necə qiymətləndirirsiniz?
- Qüvvələr balansına baxmaq üçün ilk növbədə partiya kimi iştirak edən siyasi qrupların qeydiyyatına baxmaq lazımdır. Məsələn, YAP 125 dairədən 123-nə öz namizədini irəli sürübdür. Lakin bundan sonra ən çox namizəd irəli sürən partiya təqribən bunun yarısı qədər də namizəd verə bilməyib. Bax, bunun özü seçkidə qalibiyyətə gedən partiyaların ölkə üzrə miqyasının göstəricisidir. Yəni hər hansısa bir partiya qələbəyə iddia edirsə və cəmi 50 faizdən aşağı səviyyədə namizəd tapıb irəli sürürsə bu, artıq onun Yeni Azərbaycan Partiyası ilə rəqabət apara bilməyəcəyinin nümunəsidir. Statistika çox mühüm məsələdir. Biz iddia etmirik ki, 123 dairənin hamısında YAP namizədləri qalib gələcək. Amma ümüd edirik və iddialıyıq ki, əksəriyyətində Yeni Azərbaycan Partiyası öz qələbəsini təmin etmiş olacaq. Çünki təbliğat-təşviqat kampaniyası göstərdi ki, ən yaxşı təbliğat-təşviqatı YAP namizədləri həyata keçirməyi bacardı. Bir həqiqəti də deyim ki, elə seçicilərin problemini də, həll edə biləcək potensiala sahib olan namizədlər də elə YAP-ın namizədləridir. Düşünürəm ki, seçicilər də bunun fərqindədirlər. Buna görə də onlar məhz YAP-ın namizədinə səs veərəcəklər.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır