06 fevral 2020 11:36
1261

YAP yarandığı gündən yalnız xalqımızın rifahına xidmət edib - FOTO / VİDEO

Kəmaləddin Qafarov: YAP yarandığı gündən yalnız bir məqsədə - dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın rifahına xidmət edib

Yeni Azərbaycan Partiyası 9 fevral növbədənkənar parlament seçkilərinin bütün mərhələlərini  seçki qanunvericiliyinə uyğun həyata keçirir. Artıq yanvarın 17-dən  seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə “Daha güclü Azərbaycan naminə!” devizi ilə qatılan Yeni Azərbaycan Partiyasının  bütün rayon və şəhər təşkilatlarında yüksək əhval-ruhiyyə mövcuddur.

Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Kəmaləddin Qafarovun təbliğat-təşviqat kampaniyası uğurla aparılır.

 250-dən çox şəhər sakininin qatıldığı növbəti görüşdə YAP-ın namizədi böyük coşğu ilə qarşılanıb.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb: “Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir.  Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq. Mən sizləri bundan sonra da dövlətə, xalqa xidmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram.”

Deputatlığa namizəd Kəmaləddin Qafarov çıxışında bilidirib ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Binəqədi  rayonunda da böyük işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, dolayısı ilə də inkişafın təminatçısıdır. Fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Ötən beş il ərzində mütəmadi olaraq seçicilərimin arasında olmuşam, onların xoş və çətin günlərində bir yerdə olmuşam. Eyni zamanda, seçicilərimin problemləri ilə bağlı parlamentdə çıxışlar etmişəm, həmçinin müvafiq qurumlara bu barədə müraciətlər etmişəm. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik.”

Sakinlər YAP-ın namizədi haqqında öz müsbət fikirlərini söyləməklə yanaşı, aparılan islahatlar çərçivəsində belə perspektivli kadrlara hər zaman etimad göstərdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti ilə bağlı ona suallar ünvanlayıblar.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
“İki sahil”