03 fevral 2020 10:35
1165

Nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir - VİDEO

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov İkisahil.TV-yə açıqlamasında bildirib ki, Binəqədi rayonunda Kəmaləddin Qafarovun təbliğat-təşviqat kampaniyası uğurla aparılır. Bu gün demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti parlament seçkilərinə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir. Əminliklə söyləmək olar ki, 9 fevral parlament seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının yeni bir möhtəşəm qələbəsi ilə yadda qalacaq. Ümumiyyətlə, qələbələr partiyası olan YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, yüksək inam nümayiş etdirir.

Deputatlığa namizəd Kəmaləddin Qafarov İkisahil.TV-yə  açıqlamasında bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Bildiyimiz kimi, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, dolayısı ilə də inkişafın təminatçısıdır. Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Ötən beş il ərzində vaxtaşırı seçicilərimin arasında olmuşam, onların xoş anlarında, çətin məqamlarında bir yerdə olmuşam. Eyni zamanda, seçicilərimin problemləri ilə bağlı parlamentdə çıxışlar etmişəm, həmçinin müvafiq qurumlara bu barədə müraciətlər etmişəm.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,  
“İki sahil”