17 yanvar 2020 19:27
10872

Şəhidlər xiyabanı - Milli qürur yerimiz

O qanlı-qadalı günlərdən bizi nə az, nə çox düz 30 illik bir zaman kəsiyi ayırır. Artıq üç onillikdir ki, 20 Yanvar faciəsini bir millət olaraq böyük ürək ağrısı, həm də şərəf və qürur hissi ilə qeyd edirik. Sözsüz ki, Azərbaycan var olduqca bu tarixi gün hər zaman ümumxalq hüzn günü kimi qeyd olunacaq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun təkcə həyat salnaməsində deyil, həm də ruhunda, qan yaddaşında iz qoyur. Ölkəmizin müasir tarixində belə hadisələrdən biri sözsüz ki, 20 Yanvar faciəsidir. O gecə  keçmiş sovet ordusunun Bakıda törətdiyi qırğın, öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi millətimizi varlığının dərinliklərinə qədər sarsıtdı. Həmin gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.

Xalqımıza qarşı törədilən bu qanlı cinayəti ilk dəfə dünyaya bəyan edən Ümummilli Liderimiz olub

Qanlı Yanvar faciəsi törədilən zaman Azərbaycan informasiya blokadasına alınmışdı. Radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə baş verdiyindən dünya xəbərsiz idi. Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayəti ilk dəfə dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev heç nədən çəkinməyərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin Sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb. Plana əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunacaq.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutacaq

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirtdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etmədi.

Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Ölüm aşağıdır Vətən eşqindən

İndi, üstündən  bir qərinəyə yaxın vaxt keçəndən sonra biz o hadisələri xalqımızın qəhrəmanlıq tarixinin bir səhifəsi kimi xatırlayır, şəhidləri azadlıq mübarizəmizin yalnız qurbanları kimi deyil, həm də qəhrəmanları kimi yad edirik. Təbii ki, bu faciəvi duyğular xalq ruhunun ifadəsi olan ədəbiyyatı, poeziyanı biganə qoya bilməzdi.

Bu dəhşətli faciədən 30 il ötsə də, baş verənlər unudulmur. Ötən müddət ərzində Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Sözsüz ki, dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün, ilk növbədə, şəhidlərə borcluyuq.

Yanvarın 20-də səhər açılar-açılmaz şəhərə çıxan insanlar Bakının şəhid qanı tökülmüş bütün yerlərini – küçə və meydanları qan rəngli qırmızı qərənfillərə bürünmüş gördülər. 40 gün belə davam etdi. Qan tökülmüş yerlərlə yanaşı, paytaxtın giriş yolları, Azadlıq meydanı, dəfn prosesinin keçdiyi küçələr, Şəhidlər xiyabanı, metro stansiyaları, hava limanının qarşısı bütün bu müddət ərzində qırmızı qərənfil örtüyü altında qaldı. Həmin günlərdə hamının dilinin əzbəri olan sevimli şairimiz Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilə Yanvar faciəsinin çiçək simvolu həm də poetik simvola çevrildi.

Xalq şairimiz Bəxtiyar Vahabzadənin qələmə aldığı “Şəhidlər” poeması isə, heç şübhəsiz, müasir ədəbiyyatımızın bu mövzuda yaradılmış ən dəyərli nümunəsidir. B.Vahabzadə şəhidlərin qəhrəmanlığını, ilk növbədə, Vətən məhəbbətindən doğan bir əməl kimi mənalandıraraq belə qənaətə gəlir ki, qurban verməyə qadir olmayan millət azadlıq qazana bilməz.

Gəldi ürəkdəki arzular dilə,

Silahı məhəbbət, son sözü Vətən.

Şəhidlər göstərdi ölümləriylə,

Ölüm aşağıdır Vətən eşqindən.

Ötən 30 ildə şəhidlərimizə həsr olunmuş neçə-neçə bədii əsərlər yazılıb, filmlər çəkilib, rəsm əsərləri yaranıb, təbii ki bundan sonra da belə əsərlər yaranacaq. Bütün bunlar xalqımızın şəhidlərə əlan sonsuz sevgisindən və onların müqəddəs ruhu qarşısında vətəndaşlıq borcundan irəli gəlir.

Nə yaxşı ki, axıdılan qanların, söndürülən ocaqların qisası yerdə qalmadı. Şəhidlərin uğrunda qurban getdikləri böyük amal yerinə yetdi – millətimiz azadlığa, dövlətimiz istiqlala qovuşdu. Solan qərənfillərin yerinə yeni tər çiçəklər cücərdi...

Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq

Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmadı, azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!” - dedilər. Belə övladları olan xalq məğlubedilməzdir. Hər il Şəhidlər xiyabanına axışan 10 minlərlə insan onların xatirəsinə dərin ehtiramını bildirir. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu bilməlidir. Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq.

Şəhidlər xiyabanını tez-tez ziyarət edirəm. Bakıdakı Şəhidlər xiyabanında, bölgələrdəki xatirə kompleksləri önündə yaşanan izdihamı hər dəfə seyr etdikcə ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırlayıram: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdik. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, Vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir. Təqdirəlayiq haldır ki, buraya gələnlər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda yetişirlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı ərazilərimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik.

Qəhrəman Vətən övladları öz həyatları bahasına 20 Yanvarı şərəf və ləyaqət tarixinə çevirdilər. Onlar hər bir azərbaycanlının ürəyində özlərinə əbədi abidə ucaltdılar. Bu gün Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımızın dərin ehtiramının ifadəsidir.

Rəşidə Mənəfova,

1 sayli Baki “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi