19 dekabr 2019 10:45
1450

Jalə Əliyeva: Dövlətimizin iqtisadi inkişaf tədbirləri sistemli hal alır

“Ötən 16 ildə uğurla aparılan sosial-iqtisadi islahatların, Dövlət proqramlarının, Fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələr bir sıra sosial proqramları təxirə salsalar da ölkəmizdə bütün sosial proqramlar uğurla icra edilir”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva İkisahil. TV-yə açıqlamasında bildirdi.

Qeyd etdi ki, həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, maliyyə qurumlarının hesabatlarında Azərbaycanın öncüllüyünü qorumağa əsas verir. Son 16 ildə davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu dövrdə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da güclənir.

Jalə Əliyeva qeyd etdi ki,  Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. 2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə ardıcıl addımlar atılır. Təkcə minimum əməkhaqqının artırılması 600 min Azərbaycan vətəndaşının güzəranını əhəmiyyətli dərəcədə yüksəldəcək.

Müsahibimiz diqqətə çatdırdı ki, son aylarda  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində, yerli icra və idarəetmə  orqanlarında,  cəmiyyətin bütün sahələrində aparılan struktur dəyişiklikləri, kadr islahatları müasir Azərbaycanı daha qüdrətli dövlətə çevirmək məqsədinə yönəlib. Qanunvericilik hakimiyyəti olan Milli Məclis üzvlərinin  yeniliyə çağırış islahatlarından kənarda qalmaması da   təbiidir. Dərinləşən  çoxşaxəli islahatlara paralel olaraq siyasi  islahatların Milli  Məclisdə də tətbiqi  dövlətçiliyə xidmət nümunəsi kimi  vətəndaşlar tərəfindən razılıqla qarşılandı.  Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan  Partiyasını təmsil edən deputatların təşəbbüsü ilə  parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə bağlı  Prezident İlham Əliyevə ünvanlanan müraciət demokratiyanın tələblərinə uyğundur.

Bu gün  Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik xarici siyasət həyata keçirilir. Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan bir dövlət kimi qəbul olunur. Azərbaycan dünyada mədəniyyətlərə və sivilizasiyalar arasında dialoq prosesinə çox mühüm töhfələr verən, ciddi təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanan bir dövlətdir. Bu günlərdə ABŞ-ın “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanı da yüksək pillələrdə qeyd etməsi bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə verilən qiymətin ifadəsidir. Göründüyü kimi, Azərbaycan dövlətinin  həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də onu təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”