Ödənişli İstehsalat Təcrübəsi proqramının 152 iştirakçısı SOCAR-da işə qəbul edilib
Cari ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 aylıq təcrübə müddətini uğurla başa vuran 152 gənc artıq şirkətdə işə qəbul olunub.
Şirkətdən bildirilib ki, proqramda pespublikanın və xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları iştirak edib, neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanından yararlan, təhsildə qazandıqları bilik və bacarıqlarını nümayiş etdiriblər.
Bu il keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 39 adda ixtisas üzrə elan olunmuş müsabiqəyə ümumilikdə 4449 nəfər təhsilini bitirməkdə olan tələbə, həmçinin son 3 ilin məzunları müraciət edib. Onlardan 230 nəfəri müsabiqədən uğurla keçərək təcrübədə iştirak etmək hüququ qazanıb. Həmçinin SOCAR-ın ölkədaxili təqaüd proqramının 50 nəfər qalibi də qaydalara uyğun olaraq, təcrübəyə birbaşa cəlb olunub. Təcrübə müddətində gənc mütəxəssislərə təqaüd ayrılıb, SOCAR-da işləmək arzusunda olan gənc kadrlara isə əlavə olaraq, müsahibə yolu ilə işə qəbul imkanı yaradılıb.
Artıq 152 gənc mütəxəssis SOCAR-ın “Azneft”, “Azərikimya” və “Azəriqaz” istehsalat birliklərində, “Neftqaztikinti” və “Kompleks qazma işləri” trestlərində, Nəqliyyat İdarəsində, Heydər Əliyev adına neft emalı zavodunda, Metanol zavodunda, İnformasiya texnologiyaları və Rabitə İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və digər müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub. İşə qəbul edilmiş ən gənc təcrübəçinin 20, ən yaşlı təcrübəçinin isə 31 yaşı var. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kimya mühəndisliyi fakültəsinin məzunu Aysel Abdullazadə hazırda SOCAR-ın Etilen-Polietilen zavodunda polietilen istehsalatının texnoloqu vəzifəsində işləyir və həm də doktorluq işi üzərində çalışır. SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi olan Aysel deyib: “İlk dəfə 2016-cı ildə SOCAR-ın Ödənişli Yay Təcrübə proqramının qalibi seçildim. Təcrübə zamanı qazandığım praktiki biliklər magistraturada təhsil alarkən mənə kömək oldu. 2018-ci ildə təkrar Ödənişli İstehsalat Proqramına müraciət etdim və yenə seçildim. Test və müsahibə mərhələlərini keçmək çox da çətin olmadı. Daha öncə SOCAR-ın proqramında iştirak etdiyim üçün inanırdım ki, imtahanlar tam şəffaf keçiriləcək. İşə qəbul olunduqdan sonra ətrafımdakı bütün tələbə yoldaşlarıma yalnızca biliklərinə güvənərək bu proqrama müraciət etmələrini məsləhət görmüşəm. Heç bir gənc qorxmasın, qəbul prosesi o qədər də çətin deyil. Biliyinə, çalışqanlığına inanan hər bir kəs bu proqramdan istifadə etsin”.
Hazırda 1 il müddətində Kadr ehtiyatı bazasında saxlanılan digər təcrübəçilərin də SOCAR-da işə qəbul imkanları araşdırılır. Növbəti aylarda işə qəbul edilən təcrübə proqramı qaliblərinin sayının 200-ə çatdırılması nəzərdə tutulur. Proqramda iştirak edən gənclər əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Onların arasında bakalavriatura ilə yanaşı magistr pilləsini bitirmiş məzunlar da var. Belə ki, cari ildə proqramın qalibi olan məzunlardan 46 nəfəri müxtəlif ixtisaslar üzrə magistr təhsilinə malikdir.
Xatırladaq ki, SOCAR-da ödənişli yay təcrübəsi proqramına 2010-cu ildən başlanılıb. 2018-ci ilədək yalnız tələbələr üçün ödənişli yay təcrübəsi təşkil olunurdu. Həmin ildən etibarən proqram təkmilləşdirilmiş və məzunlara da proqrama qoşulmaq imkanı verilib. 2018-ci ildə keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi Proqramı çərçivəsində 194 təcrübəçi SOCAR-ın müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub və hazırda fəaliyyətləri ilə şirkətin inkişafına öz töhfələrini verirlər.