“Məşhur filosof Cəlaləddin Rumi bildirmişdir: “Bir gün Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, Ədəb hər bir ədəbsizin ədəbsizliyinə səbr edib dözməkdir”. Ancaq ədəbsizlik də qədərincə olmalıdır. Bu gün dağıdıcı müxalifət partiyalarına və onların “liderlərinə” ictimai maraq və etimad sıfır səviyyəsində olmasına baxmayaraq ədəbsizliklərindən də qalmırlar. Hələ də anlamırlar ki, dağıdıcı fəaliyyətləri onları xalqdan ayrı salıb. Təsadüfi deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Onlar dünən də, bu gün də ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz qrup kimi xarakterizə olunurlar.”
Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib. Vurğulayıb ki, bu gün siyasi palitramızın autsayderi olan Əli Kərimli cəmiyyətin müxtəlif təbəqələri tərəfindən həm də “siyasi dönük” kimi səciyyələndirilir. Bu isə təsadüfi deyil. O, bu “adı” öz satqın fəaliyyəti ilə qazanıb. Vaxtilə AXCP-ni, sonrakı mərhələlərdə isə qoşulduğu müxtəlif “birlikləri” parçalayan “siyasi dezertir” Əli Kərimlinin bu fəaliyyətinin mərkəzində nə olursa-olsun, necə olursa-olsun, öz mənfəəti dayanır. Bu isə onun sonunu hazırlayan ən önəmli detallardan biri olub.
Naqif Həmzəyev qeyd edib ki, demokratiyadan dəm vuran, amma bütün addımları antidemokratik olan AXCP sədri üçün əsas məsələ xarici ermənipərəst dairələrdən aldığı ianələrdir. Əslində, partiya üzvlərinə qarşı repressiv davranışların arxasında da məhz həmin pulları əldən verməmək arzusu dayanıb. Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin istəyi, arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır.
N.Həmzəyev diqqətə çatdırıb ki, radikal müxalifətin oktyabr ayının 19-da Bakıda təşkil etdiyi icazəsiz aksiyanın xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi bir daha təsdiq etdi ki, dağıdıcı müxalifətin fəaliyyəti də sözləri kimi şoudan başqa bir şey deyildir. Onlar düşünülmüş şəkildə nəqliyyatın hətəkətini iflic vəziyyətinə salaraq, şəhərin mərkəzində qarışıqlıq yaratmağa çalışdılar, vətəndaşların təhlükəsizliyini sual altına aldılar. Bu dəfə də asayiş keşikçiləri səbr və təmkinlə qanunazidd əməllərin qarşısını aldılar.
Naqif Həmzəyev bildirib ki, Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır: “Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaq. Qoy onların ağaları da bunu yaxşı başa düşsünlər və anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək”. Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır və bu faktor sabitliyi şərtləndirən əsas amildir. Təxribat xarakterli mitinqin başında duran Əli Kərimli isə vətəndaşları qanunsuz aksiyaya təhrik etdiyinə, onların təhlükəsizliyini sual altına aldığına, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab verməlidir.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib