Xəbər verildiyi kimi, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə artıq müəyyən olunub.
Bununla da illik subsidiya üçün ən yüksək əkin əmsalı zəfəran bitkisi, bağın salındığı ildən ilk 4 il ərzində intensiv qərzəkli meyvə bağları (2 əmsal və ya 1 hektar üçün 400 manat), bağın salındığı ildən ilk 4 ildə üzüm (3 əmsal və ya 1 hektar üçün 600 manat), plantasiyanın salındığı ildən ilk 7 ildə çay (3,5 əmsal və ya 1 hektar üçün 700 manat ) və qərzəklilər istisna olmaqla intensiv meyvə bağlarına (4 əmsal, yəni 1 hektarı üçün 800 manat) tətbiq ediləcək. Eyni zamanda, yer fındığı, qarabaşaq 0,9, buğda, günəbaxan, giləmeyvəlilər 1, bostan bitkiləri, pambıq 1,1, kartof, tərəvəz, bağın salınmasından 4 ildən sonrakı üzüm, plantasiyanın salınmasından 7 il sonrakı çay, qərzəkli də daxil olmaqla salınmasından 4 il sonrakı intensiv meyvə bağları 1,2, çəltik, tütün və şəkər çuğunduru 1,4 əmsalla qiymətləndiriləcək.
Ancaq bəzi bitkilər üzrə subsidiyanın verilməsi üçün əkin əmsalı şərt olmayacaq. Məsələn, çəltik, pambıq, tütün, fındıq, çay üçün nəzərdə tutulan subsidiyalar ancaq ixtisaslaşmış regionlara şamil ediləcək. Bununla da Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına, pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına, fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına, çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına aid ediləcək, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunacaq.
Bundan başqa, emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edilib.
İntensiv meyvə bağlarına gəlincə, buraya damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi, xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi, limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi, fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu, əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar aid ediləcək.
Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, yeni mexanizm sayəsində aqrar sahədə trendlər və fermerlərin müraciətləri nəzərə alınaraq əmsallar və kvotalar dəyişdirilə də bilər. Bununla bağlı Qaydaya görə, əkin əmsalı regionlar və bitkilər üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şura tərəfindən müəyyən ediləcək. Buradan həm də o nəticəyə gəlmək olur ki, bunun nə qədər effektiv olub-olmayacağı bilinməsə də, Şura bu yolla fermerlərin hansı məhsulu əkib-əkməməkləri ilə bağlı qərarlarına təsir etmək imkanı əldə edəcək.
Lakin yeniliyin dəyişilməz nüansı ondan ibarət olacaq ki, subsidiyalar fermerlərə nağdsız şəkildə, yəni kartlar vasitəsilə veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcəklər. Təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği isə büdcəyə qaytarılacaq.
Hazırda yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində subsidiya ödənilir. Eyni zamanda, istehsalçılara dövlət tərəfindən mineral gübrəyə görə maksimum 50 manat, pestisidə görə 150 manatadək dəstək verilir.
Yeni Qaydaya görə, əkin subsidiyası - fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Burada “kənd təsərrüfatı istehsal vasitələri” dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Bu isə onu deməyə əsas verir ki, gələn ildən yanacaq və motor yağlarına görə subsidiyanın verilməsi nəzərdə tutulmur.
Belə görünür ki, yenilik bu sahədə neqativ halların qarşısını almaqla subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə imkan yaradacaq. Belə ki, əkin subsidiyaları üzrə əmsalların kənd təsərrüfatının prioritetləri üzrə müəyyən edilməsi, eyni zamanda, fermerə subsidiyanın 75 faizindən yalnız nağdsız formada yararlanmaq imkanının verilməsi bu sahədə sui-istifadəyə şərait yaratmayacaq.
Ceyhun Piriyev,
“İki sahil”