Müsahibimiz iqtisadçı alim Vüqar Bayramovdur
- Vüqar müəllim, Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində bildirdi ki, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir. Necə fikirləşirsiniz, ölkəmizdə daxili istehsal yerli tələbatı hansı səviyyədə ödəyir ?
- Daxili istehsal daxili tələbatı ödədikdən sonra artıq ixrac məhsulları istehsal etmək mümkündür. İxrac olunan məhsul, ilk növbədə, yerli istehsalçıların tələbatının ödənilməsi, eyni zamanda idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Əgər ixrac ölkəyə valyuta axınına şərait yaradırsa, idxal da ölkədən valyuta getməsinə şərait yaradır. 2017-ci ilin birinci rübünün yekunlarına diqqət yetirsək görərik ki, neft ixracatı 10 faizdən çox artıb, eyni zamanda idxal 17 faiz azalıb. İdxalı azaltmaqla ölkədən valyutanın gedişinin qarşısını almaq, valyutanın ölkədə qalmasına nail olmaq postneft erasının prioritetidir. İxracat ölkəyə valyuta axınının gətirilməsi deməkdir. Ona görə də nə qədər çox ixrac ediriksə, o qədər çox valyutanın ölkəyə daxil olmasına nail ola bilirik. Cənab Prezident də sözügedən müşavirədə vurğuladı ki, ilk növbədə istehsal daxili tələbatı ödəməli, istehlakçı yerli məhsullardan istifadə etməlidir. Bu, idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda ərzaq təhlükəsizliyinin formalaşması baxımından da vacibdir.
Ərzaq təhülkəsizliyinin əsas elementi istehlakın yerli istehsal hesabına ödənilməsidir. Bu proses sahibkarlıq fəaliyyəti baxımından önəmlidir. Əgər sahibkar yerli istehsalla məşğul olursa, bu, artıq yeni iş yeri yaradır, daha çox vergi ödəyir, daha çox yerli məhsul ölkə daxilində qalır. Bununla bağlı müşavirədə qeyd edilən məqsədlər ondan ibarət idi ki, yerli istehsal hesabına istehlak ödənilsin, nəticədə bu hədəflərə uyğun olaraq Azərbaycan idxalla ixracat arasındakı balansı formalaşdırsın. Bu da nəticə etibarilə iqtisadiyyatda uğur qazanmağın mümkünlüyü deməkdir.
- Dövlətimizin başçısı müşavirədə, həmçinin qeyd etdi ki, hazırda qeyri-neft sektoru ölkə iqtisadiyyatının təxminən 65 faizini təşkil edir, ümumi daxili məhsul istehsalında şaxələndirməyə nail olunub. Bəs, qeyri-neft ixracının artırılması, eyni zamanda şaxələndirilməsi üçün hansı addımlar atılmalıdır?
-Bəli, iqtisadiyyatın diverifikasiyası, yəni şaxələndirilməsi prioritetdir. 2014-cü ildə neftin qiyməti aşağı düşəndə Azərbaycan enerji ölkələri arasında posneft dövrünün başlandığını elan edən ilklərdən biri oldu. Bu, çox ciddi siyasi iradə tələb edən bir qərar idi. Bu dövrdə bəzi neft ölkələri hətta neftin qiymətinin düzələcəyinə ümid edirdi. Amma Azərbaycan prosesləri düzgün qiymətləndirdi. Artıq iqtisadiyyatın postneft dövrünə uyğunlaşdırılması vacib bir məqam idi. 2014-2016-cı illərdə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə uyğunlaşdırıldı. 2015-ci ildə neftin bir barelinin qiymətinin 50 dollar olması, 2017-ci ildə neftin bir barelinin qiymətinin 50 dollar olması ilə eyni deyil. Artıq Azərbaycan neftin yeni qiymətlərinə adaptasiya olub. Artıq neftin 1 barelinin qiymətinin 50-55 dollar arasında dəyişməsi Azərbaycan iqtisadiyyatı üçün stabillik deməkdir. Yəni, iqtisadiyyat yeni hədəflərə uyğunlaşdırıldı. Qeyri-neft ixaracatının artırılması prioritetdir. Ümumiyyətlə, iqtisadiyyatda üç makroiqtisadi göstəricidə yüksəlişə nail olmaq vacibdir. Onlardan biri ümumdaxili məhsuldur. Bu sahədə Azərbaycan şaxələndirməyə nail ola bilib. Ümumidaxili məhsulun üçdə ikisi qeyri-neft məhsuludur. İkinci təbii ki, ixracatdır. Sonuncu müşavirədə müzakirə olunan məsələ də qeyri-neft ixaracatının artırılmasıdır. Hər iki sahədə diverifikasiyanın sürətlənməsi bir tapşırıq olaraq Prezident tərəfindən müvafiq şəxslərə verildi. İlin birinci rübünün yekunlarının nəticələrinə görə, qeyri-neft sektorunun inkişafında 2,4 faiz, ixaracatda 10 faizdən çox artm var. Prioritet ondan barətdir ki, mərhələli şəkildə qeyri-neft sektorunun payını ümumi iqtisadiyyatda artıra bilək. Təbii ki, bu sahədən gələn gəlirlər neftin gəlirlərinə də təsirini göstərəcək. Yerli istehsal nə qədər çox inkişaf edirsə, bu, qeyri-neft sektorundan daha çox gəlir əldə edilməsi, büdcə gəlirlərinin şaxələndirilməsi deməkdir. Hazırda hissə gəlirlərinin təxminən yarısı neftin, digər yarısı isə qeyri-neft sektorunun payına düşür. Məqsəd ondan ibarətdir ki, büdcə gəlirlərinin üçdə ikisi qeyri-neft sektoru məhsullarının payına düşsün.
- Ölkəmizdə sahibkarlığın inkişafı üçün geniş islahatlar aparılır. Bu sahədə böyük imkanlar yaradılır. Sahibkarlığın inkişafı üçün başqa hansı işlər görmək olar?
-Sahibkarlığın inkişafı ilə bağlı ölkəmizdə həqiqətən davamlı islahatlar aparılır. 2015-2016-cı illərdə sahibkarların dəstəklənməsi ilə bağlı xeyli sayda tədbirlər həyata keçirildi. İki islahatı xüsusilə qeyd etmək istəyirəm. Onlardan biri investisiya təşviqi sənədinin tətbiq edilməsidir. Bu sənədlə növbəti 7 il ərzində sahibkarlar mənfəət vergisindən 50 faiz güzəşt əldə edirlər. Eyni zamanda həmin sahibkarlar ölkəyə gətirdikləri avadanlıqların tamamilə vergi və rüsumundan azad edilir, torpaq və gəlir vergisindən güzəşt əldə edirlər. Nəticədə dövlət invsetsiya təşviqi sənəd vasitəsilə sahibkara subsidiya verir. Əgər sahibkar vergidə güzəşt əldə edirlərsə, saxladığı verginin 50 faizini ödəyir, qalanı özünə qalır. Bu, dövlətin sahibkara dolayı yolla maliyyə yardımıdır. Digər əhəmiyyətli islahat ixracat subsidiyalarının təqdim edilməsidir. Bu, cənab Prezident tərəfindən də xüsusilə qeyd olundu. Sahibkarlar büdcədən subsidiya almaq imkanına malikdirlər. Bir sözlə, sahibkar qeyri-neft sektorunda nə qədər çox məhsul istehsal edirsə, o qədər də dövlətdən çox dəstək almış olur.
- Azərbaycanda bir çox sahələrin böyük iqtisadi potensialı olduğu bildirilir. İqtisadçı kimi necə fikirləşirsiniz, hansı sahəni inkişaf etdirməklə ölkəyə böyük həcmdə valyuta gətirmək olar?
- Müşavirədə də qeyd olunan rəsmi açıqlamalardan göründüyü kimi, potesialımızdan tam olaraq istifadə etmirik. İnfrastrukturumuz genişdir və inkişaf edib. Bu, daha çox qeyri-neft məhsullarının ixracatı deməkdir. Azərbaycanda qeyri-neft sektorunun istehsalı yalnız kənd təsərrüfatı məhsulları hesabına başa gəlmir. Buraya sənaye məhsulları da daxil olmalıdır. Kimya sənayesində ixracata malik olan ölkəyik. Nəzərə alsaq ki, pambıqçılığın inkişafı həm də yüngül sənayenin inkişafına stimul yaradır, bu da yüngül sənaye məhsullarının ixracatı deməkdir. Ərzaq və yüngül sənaye məhsullarının ixrac imkanları kifayət qədər genişdir.
Müşavirədə ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanlarının vacibliyi də xüsusilə qeyd olundu. Biz alıcılıq qabiliyyəti yüksək olan Körfəz ölkələrin bazarlarına çıxış imkanları əldə edə bilərik. Həmin ölkələrin qida məhsullarına olan tələbatı kifayət qədər yüksəkdir. Məsələn, Avropa Birliyi 500 milyon alıcısı olan böyük bir bazardır. Həmin bazarlar sahibkarların həm də rəqabət qabiliyyətini artırır.
-”Azexport” portalının fəaliyyətini, gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
- “Azexport” internet portalının fəaliyyətini birmənalı şəkildə yüksək qiymətləndirmək lazımdır. Etiraf etmək lazımdır ki, son dövrlərdə müsbət mənada reallaşan və ölkəyə valyuta gəlməsini təmin edən təşəbbüslərdən biridir. Sözügedən portal vasitəsilə Azərbayan sahibkarları öz məhsulları xarici ölkələrə çıxarırlar. Portal imkan verir ki, sahibkarlar istehsal etdikləri məhsullara alıcı tapa bilsinlər. Nəticədə Azərbaycan məhsulları dünya bazarlarına çıxış imkanları əldə edir. Portal dünyanın aparıcı ödəmə sistemlərinə inteqrasiya olunub. ALİBABA və digərləri də daxil olmaqla aprıcı internet satış portallarına inteqarsiya olunub. Bu da imkan verir ki, portal vasitəsilə Azərbaycan fərqli bazarlardan sifariş ala bilsin. Ərəb ölkələri, Yaponiya, Avropa ölkələri portalda göstərilən məhsullara daha çox sahib çıxırlar.
- Rublun və lirənin dollara olan məzənnəsinin Rusiya və Türkiyədən ölkəmizə idxal olunan məhsulların qiymətinə təsiri necə ola bilər?
- Lirənin məzənnəsinin aşağı düşməsi ilə əlaqədar Türkiyədən gətirilən malların qiymətlərində azalmaların olması istisna edilmir. Rubl artıq 2016-cı ilin fevralından etibarən stabildir. Hətta müəyyən qədər möhkəmlənməsi olub. Amma rublun vəziyyətini müəyyələşdirmək çətindir. Çünki rusiyalı ekspertlər də bildirirlər ki, bu stabillik müvəqqəti xarakter dayışa bilər. Uzun müddətdir rublun məzənnəsinin stabil qalması hələ ki, oradan gətirilən malların qiymətlərinə hər hansı təsir göstərməyəcək.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Nurlan Məlikzadə, (foto) ”İki sahil”