14 mart 2019 10:40
1053

Vidadi İsgəndərlinin ermənicə “moizələri”

Avropaya sığınan antimilli ünsürlərin yalanları və sərsəmləmələri artıq hədd-hüdud tanımır. Onların bəzilərinin yalan fantaziyaları o qədər “genişlənib” ki, söylədiklərini adi məntiqlə anlamaq və izah etmək mümkün olmur.

Avropadakı “söyüş çətəsi”nin ruporlarından biri olan Vidadi İsgəndərli isə yalanları ilə həmfikirlərini çox geridə qoyub. Onun son hədyanlarına rusiyalı yazar Oleq Nikolayev tutarlı cavab yazıb. Rusiyalı yazarın V. İsgəndərliyə cavab yazması təsadüfi deyil. “Söyüş çətəsi”nin ruporu “Youtub”dakı son çıxışı ümummilli lider Heydər Əliyevin adına qarayaxmalarla “zəngindir”. V. İsgəndərli Ulu Öndərin “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı xidmətlərinə kölgə salaraq bu böyük hadisəni Rusiya ilə hansısa siyasi “razılaşmaların” nəticəsi adlandırıb.

O. Nikolayev sözügedən cavab məqaləsində V. İsgəndərlinin keçmişi ilə bağlı tutarlı faktlar açıqlayaraq onun əslində haradan “qidalandığını” əsaslı şəkildə isbat edib. Məlum olur ki, V. İsgəndərlini bu gün Azərbaycanın əleyhinə fəal iş aparan bəzi ermənilərlə “uzun və möhkəm tellər” bağlayır. Gəncliyində Xarkov Hüquq İnstitutunda hüquqşünas təhsili alarkən o, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın yaxın qohumu Sergey Akopyan və Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan Araz Mirzobekyanla bir qrupda oxuyub. Hətta yaxın dostlar kimi onlar tələbə yataqxanasında da eyni otağı bölüşüblər. Əlbəttə, ilk baxışda bu fakt adi görünə bilərdi, çünki keçmiş SSRİ-də təhsil alanların hər birinin müxtəlif xalqlardan tələbə yoldaşlarının olması təbiidir. Lakin İsgəndərlinin erməni lobbisinin güclü olduğu Fransada rahatlıqla siyasi sığınacaq alması və burada yüksək səviyyədə yaşayışını təmin etməsi bu “dostluğun” sadəcə tələbə yoldaşlığı ilə bitmədiyini düşünməyə əsas verir. Müəllif qeyd edir ki, hər üç tələbə yoldaşını sonradan iş taleyi ayırsa da, onların dostluq münasibətləri bu gün də davam edir.

O. Nikolayev yazısında V. İsgəndərlini rusiyalı siyasi mühacir Vladislav Maltsevlə müqayisə edir. Lakin burada da İsgəndərli Maltsevə “uduzur”. Müəllif vurğulayır ki, insaf naminə V. Maltsevin fikirləri səhv də olsa özünə aiddir. O, Rusiyadakı siyasi rejimi tənqid edir və onun tezliklə dəyişəcəyini bildirir. V. İsgəndərli isə bilavasitə ermənilərin, dostları S. Akopyan və A. Mirzobekyanın “ağzı ilə danışır”. İsgəndərli özü də bunu etiraf edərək deyir ki, hələ ötən əsrin 80-ci illərinin sonlarında erməni millətindən olan tələbə yoldaşları onun “gözlərini açıblar”. Heydər Əliyev və onun Azərbaycanla bağlı planları barədə guya çox mühüm “sirləri” hələ o illərdə V. İsgəndərliyə məhz erməni dostları deyiblər.

Burada artıq sözə və izaha ehtiyac yaranmır. Çünki İsgəndərli özü etiraf edir ki, bu “böyük faktları” ona ermənilər söyləyiblər. Məntiqi olaraq belə bir qənaətə gəlmək olur ki, ermənilər hər zaman çəkindikləri və ehtiyat etdikləri Heydər Əliyev şəxsiyyəti barədə yaxşı heç nə deyə bilməzdilər. Əsas məsələ odur ki, V. İsgəndərli də ermənilərin dili ilə danışır. Belə olan halda sual yaranır: ermənilərin mövqeyi məlumdur, bu, düşmən mövqeyidir. Bəs Vidadi İsgəndərli kimdir? Düşmən, yoxsa...

Taleh Turqut, “İki sahil”