Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, bu çərçivədə Xətai rayonu Məhəmməd Hadi küçəsindən sonra Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb: “Ayrıcı zolaq boyu yolun işıqladırılması üçün yeni işıq dirəkləri quraşdırılacaq. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır. Küçənin uzunluğu 3.2 km, eni isə 20 metr təşkil edir".