16 noyabr 2018 14:38
2194

Deyirdilər, rus dilini bilmədən Biləcəridən o tərəfə gedə bilməzsən...

Bir xalq o zaman tarix qarşısında var olur və qələbə qazanır ki, onun öz dili, dini, adət və ənənələri olur

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevadır

- Jalə xanım, bu gün istər şifahi, istərsə də yazılı nitqdə Azərbaycan dilinin qaydalarının pozulduğu müşahidə edilir. Zəngin quruluşa malik olan Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb. Buna münasibətiniz necədir?

- Təssüf ki, bu kimi hallar müşahidə edilməkdədir. Ana dilinin saflığının qorunması ilə bağlı cənab Prezident İlham Əliyev noyabr ayının 1-də Fərman imzalayıb. Fərman bu mövzunu bir daha aktuallaşdırdı. Dil problemi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bir xalq o zaman tarix qarşısında var olur və qələbə qazanır ki, onun öz dili, dini, adət və ənənələri olur. Yəni mənəvi dəyərləri qoruyub saxlaya bilən xalq əbədiyaşar olur. Azərbaycan xalqı da hər zaman tarixin bütün kəşməkəşlərindən, dolanbaclarından, müxtəlif rejimlərin qadağalarından dilimizi təmiz, saf bir şəkildə qoruyaraq bu günümüzə qədər gətirib. Əlbəttə ki, Azərbaycan dilinin yaşamasında bizim tarixi şəxsiyyətlərimizin, xüsusilə ədəbiyyat xadimlərimizin rolu həddindən artıq böyükdür. Biz bu gün Üzeyir Hacıbəylini, Mirzə Fətəli Axundovu, Həsən bəy Zərdabini, Nəcəf bəy Vəzirovu, Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni və digər çoxsaylı korifeylərimizlə bu siyahını artıra bilərik. Bu şəxsiyyətlər Azərbaycan dilinin qorunmasının da ən böyük keşikçiləri olublar. Daha sonrakı illərdə XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan əlbəttə ki, çox fərqli bir situasiya ilə qarşılaşdı. Rus işğalı ilə sovet imperiyasının tərkibində oldu. Amma 70 illik işğal, Azərbaycan xalqına öz kimliyini və öz dilini unutdura bilmədi. Sovetləşmənin ən sürətlə getdiyi zamanlar ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi olduğu zamanlara dəlalət edib. Məhz onun iradəsi ilə Azərbaycan dilimiz bu günə qədər belə saf bir şəkildə gəlib çıxa bilib. Ulu Öndərin rəhbərliyi və birbaşa tapşırığı ilə yaradıcı təşkilatlar Mərkəzi Komitəyə müraciət göndərdilər ki, konstitusiyada Azərbaycan Respublikasının rəsmi dili Azərbaycan dili yazılsın. Bu müraciəti, təbii ki, Ulu Öndər SSRİ rəhbərliyinə çatdırır və buna nail olur.

- Ulu Öndərin Azərbaycan dilinin qorunması ilə bağlı göstərdiyi xidmətlər misilsizdir. Bu gün də biz o ənənənin davamını görürük...

- Bu günümüzə qədər keçilən yola bir qədər nəzər salsaq görərik ki, müstəqillik dövründə Azərbaycanın latın qrafikasına keçdikdən sonra yaranan böyük bir boşluq Ulu Öndərin sayəsində dolduruldu. Onun tarixi Sərəncamı ilə kirill əlifbasında çap olunan bütün ədəbiyyatlar, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatları latın qrafikası ilə yenidən çap olunmağa başladı. Bütün dərsliklər latın qrafikası ilə əvəzləndi.

- Bu gün cəmiyyətdə bəzilərinin Azərbaycan dilində danışmaq problemi var ki, bu da narahatlıq yaradır...

- Azərbaycan 70 il sovet rejimi ilə yaşayıb. Bu da onun dilinə təsirsiz ötüşməyib. Ruslaşma bütün imperiyada aparılırdı. Təbii ki, nə qədər dilimizi, ənənələrimizi qorumağa çalışsaq da bu təsir müəyyən qədər özünü göstərməyə bilməzdi. Elə bir zaman var idi ki, deyirdilər rus dilini bilmədən Biləcəridən o tərəfə gedə bilməzsən. Bu sözdə böyük həqiqət var idi. Çünki bir çox azərbaycanlı SSRİ-nin bütün respublikalarında oxuyurdu, işləyirdi. Elə dövr idi ki, təəssüflər olsun ki, rus dilini bilmədən hətta Azərbaycanda belə dövlət idarələrində işləmək qeyri-mümkün idi. Azərbaycan müstəqillik qazanandan sonra əlbəttə ki, artıq rus dili bilmək kimi etalon aradan qalxdı. Müstəqillik daha geniş bir dünyaya pəncərə açdı. Bu dəfə də digər xarici dillər, xüsusilə ingilis dili gündəmi zəbt edib. Çünki bu dili də bilmədən dünyaya inteqrasiya etmək mümkün deyil. Valideynlər övladlarını əgər 30-40 il əvvəl rus dili ilə oxutdurmağa əhəmiyyətli amil kimi baxırdılarsa, bu gün bu ingilis dili ilə əvəzlənib. Dil bilmək hər zaman gözəldir. Bu, təbii ki, cəmiyyətin inkişafı deməkdir. Lakin bundan sui-istifadə etmək olmaz. Bəzi dırnaqarası ailələr var ki, fikirləşir ki, evdə və ya ictimaiyyət arasında rus və yaxud ingilis dilində danışsam daha sivil görünəcəyəm. Cəmiyyətdə bu kimi düşüncə olduğu zaman əlbəttə ki, yanlışlıqlar da olur. Ancaq hesab edirəm ki, bu kimi hallar o qədər də çox deyil. Zamanla onlar da yoluna düşəcək.

- Son zamanlar başqa dillərə aid sözlərdən yeri gəldi- gəlmədi tez-tez istifadə olunur. Bu tək rus dilinə aid deyil...

- Bu istiqamətdə maarifləndirmə xarakterli görüşlərin keçirilməsi vacibdir. Bəlkə elə onun nəticəsidir ki, bu gün hətta dediyiniz kimi, ən sayılmış, seçilmiş bir insan mətbuat qarşısına çıxarkən başqa dillərin, xalqların dilində hansısa bir ifadəni gətirib, leksikonuna salırsa bu da yolverilməzdir. Bu kimi hallara son zamanlar əsasən kütləvi informasiya vasitələrində, küçə reklamlarında rast gəlinir ki, bütün bunlar dərindən araşdırılmalı, təhlil edilməlidir.

- Jalə xanım, “Heydər Əliyev və ana dilimiz” haqqında məqalənizdə illər öncə də bu problemlərə toxunmuşdunuz. Təəssüf ki, həmin problemlər bu gün də var...

- O zamanlar daha xaotik bir dövrdə, keçid dövründə idik. “Heydər Əliyev və ana dilimiz” adlı məqalə ilə mətbuatda çıxış etdim. Məqalədə ayrıca bir hissə, xüsusilə də dilimizdə təəssüflər olsun ki, oturuşmuş olan, amma heç bir mənası olmayan həmin kəlmələrin Azərbaycan dilində gözəl səslənən tərcüməsini hazırlamışdım. Qeyd etmişdim ki, rus dilində “uje” kəlməsinin Azərbaycan dilindəki  artıq sözündən heç bir üstünlüyü yoxdur. Görürsən ki, hətta hörmətli bir ziyalımız çıxış edəndə, qeyri-ixtiyari bu kəlmələrdən istifadə edir. Aydın məsələdir ki, o bunu qəsdən etmir. Ancaq dilimizin saflaşdırılması naminə bu kimi hallarla mübarizə aparmalıyıq. Dilimizin saflığının qorunması baxımından bütün bunlar çox əhəmiyyətlidir.

- Regionlara səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyev çox önəmli bir məsələyə toxunaraq bildirdi ki, ədəbiyyatımız qədər muğamlarımız da Azərbaycan dilinin saflığının qorunmasında əhəmiyyətli rol oynayır...

- Cənab Prezident yaxın günlərdə Ağdam rayonuna səfəri çərçivəsində muğam ustadları ilə keçirdiyi görüşdə bildirdi ki, Ağdam, ümumiyyətlə, Qarabağ muğamın, musiqinin beşiyidir. Ölkə Prezidentinin Ağdam rayonunda məşhur xənəndələrlə keçirdiyi səmimi görüşdə bir çox mətləblərə aydınlıq gətirildi. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu görüşdə iştirak etməsi, cənab Prezidentin qeyd etdiyi kimi, sadəcə dilimizin deyil, elə mədəniyyətimizin də tərkib hissəsi olan muğamın qorunub saxlanmasında, bu günümüzdən gələcək nəsillərə ötürülməsi baxımından Mehriban xanım Əliyevanın gördüyü işlər, əlbəttə ki, əvəzsizdir. Azərbaycan muğamının YUNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunması da Mehriban xanım Əliyevanın böyük xidmətləridir. Cənab Prezidentimizin dillə muğamı bərabərləşdirməsi, müqayisə etməsi, əlbəttə, bir daha tarixi köklərimizə bağlılıqdan xəbər verir. Azərbaycan xalqı üçün muğam və ana dilinin ayrılmaz olduğunu cənab Prezident bir daha milyonların gözləri önündə nümayiş etdirdi. Azərbaycanın musiqi alətlərini, mətbəxini, abidələrini mənimsəməyə cəhd edənlərə, insanlarını o torpaqlardan zorla didərgin salanlara düşünürəm ki, bu çox əhəmiyyətli bir mesajdır.

- Jalə xanım, dilimizin saflığının qorunmasında ziyalılarımızın üzərinə böyük məsuliyyət düşür ...

- Söhbətimizin əvvəlində də tarixə adlarını yazmış ziyalılarımız haqqında  danışdım. Bu gün də bizim çox nüfuzlu ziyalılarımız, dilimizin keşiyində duran dilçi, ədəbiyyatşünas alimlərimiz var. Təbii ki, onlar da zaman-zaman həyəcan təbili çalırlar, bu məsələni gündəmə gətirirlər. Cənab Prezidentin dilimizin saflığının qorunması haqqında olan Fərmanı düşünürəm ki, məsələnin həllində əhəmiyyətli rol oynayacaq.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İki sahil”