14 noyabr 2018 00:14
3015

İlmə-ilmə ərsəyə gələn mənəvi sərvətimiz

Azərbaycan xalq tətbiqi sənətinin qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yeri var. Xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutub və  milli dəyərlər sistemində ön sıralarda yer alaraq əbədiyyət rəmzinə çevrilib. Xalçalarımızda tariximiz, milli dəyərlərimiz yaşadılır. Milli-mənəvi  sərvətlərimizin  qorunmasına, el sənətlərinin yaşanmasına diqqət göstərən Prezident İlham Əliyevin son illərdə  qeyri -neft sektoru kimi gəlirli sahə  olan xalçaçılığın inkişafına göstərdiyi səylər  bəhrəsini verir.  Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsində  xalçaçılığa marağın artırılması üçün  qarşıda duran vəzifələrdən bəhs edən dövlət başçısı bildirdi ki, ipəkçilik öz növbəsində xalçaçılığa da güclü təkan verəcək.  O cümlədən  ipək xalçaların istehsalı üçün  yerli xammaldan istifadə  ilə bağlı proqnozlar açıqlandı. Vurğulandı ki,  “Azərxalça”nın xətti ilə “ 13 rayonda  yeni fabriklər yaradılır.  Vədlərini reallıq əsasında  açıqlayan  cənab İlham Əliyevin xalçaçılığın inkişafı ilə bağlı gördüyü işlər bu qədim el sənətinə marağı artırmaqla  ta qədimdən  zərifliyi, incəliyi , rənglərinin ahəngliyi ilə  seçilən, ilmə-ilmə  ərsəyə gələn  Azərbaycan xalçalarının dünya bazarlarına  çıxarılması imkanlarını da artırır.  Əl işi, göz nuru olan, milli naxışlarımızla bəzədilən,  xarici ölkə vətəndaşlarının evlərini bəzəyən Azərbaycan xalçaları mənəvi dəyərlərimizi  dünyada tanıdır. Bu mənada xalçaçılığın genişləndirilməsi, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Qobustanda, Naxçıvan şəhərində xalça istehsalı emalatxanalarının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında da imzaladığı  sərəncamların həlli üçün 4 milyon manat  vəsait ayrılması ölkəmizdə bu sahəyə göstərilən qayğının və verilən önəmin nəticəsidir. “Azərxalça”” Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə görüləcək işlərin mərkəzləşdirilmiş proses kimi davamını sürətləndirir.   2018-ci ilin sonuna qədər ölkəmizdə  xalça fabriklərinin sayının 20-yə çatdırılacağı bildirilir. Bu gün Füzuli, Şəmkir, Quba,  Xaçmaz, Ağstafa, Tovuz, Qazax, Qəbələ, İsmayıllı rayonlarında fəaliyyət göstərən  xalça emalatxanalarında 2 minə yaxın qadın çalışır.

Kompleks   səy tələb edən  və   kollektiv əməyin bəhrəsi olan xalçaçılığın inkişafı üçün  xammalın hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu sahədə görülən işlər təkcə xalça toxuma emalatxanalarının yaradılması ilə məhdudlaşmır. Emalatxanalarda toxunacaq xalçaların xammalının əldə olunması üçün baza  yaradılır. Yun ipliklər və təmiz yun istehsal edən  “Azərxalça”” ASC-nin yunəyrici-boyaq fabrikində İtaliya, Fransa və Türkiyə texnologiyaları əsasında   yaradılan istehsal prosesində  370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. “Azərxalça”” dövlətin dəstəyindən yararlanaraq öz işini xalça istehsalı emalatxanalarının yaradılması və xalça toxunması ilə bitmiş hesab etməyib. Qurum Azərbaycan xalçalarının dünyada tanıdılması istiqamətində də çox iş görüb. Beynəlxalq sərgilərdə  nümayiş etdirilən Azərbaycan xalçalarının tanıdılması baxımından Almaniyanın Hannover şəhərində keçirilən “DOMOTEX-2018”” beynəlxalq  sərgisi uğurlu olub. Sərgidə Azərbaycan brendi kimi xalçaçılıq  ənənələrinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Quba, Şirvan və Qazax-Borçalı xalçaları  gözəlliyi, texnologiyası ilə diqqət çəkib.  İştirakçıların  marağına səbəb olan Azərbaycan xalçaları arasında zəngin mədəniyyətimizin  qədim  tarixindən xəbər verənləri də olub.

Ağdam rayonuna səfəri zamanı  “Azərxalça”nın filialının açılışında iştirak edən  dövlət başçımız İlham Əliyev  bildirdi ki,  qeyri-neft sektorunda  aparılan islahatların  tərkib  hissəsi olan xalçaçılığa son illərdə  diqqət artırılmışdır. Məişətimizin ayrılmaz hissəsi, milli mədəniyyətimizin nümunəsi olan, təbiətimizin rənglərini özündə birləşdirən xalçalarımızda  xalqımızın inancları, nağıllarımızın ruhu yaşanır. Bu sahənin inkişafına diqqət sayəsində  artıq Horadizdə, Şəmkirdə,  Qubada, Xaçmazda, İsmayıllıda, Lənkəranda  xalçaçılıq emalatxanaları istifadəyə verilib. Bu müəssisələri xammalla təchiz etmək üçün Sumqayıt Kimya Sənaye  Parkında  yunəyirici- boyaq fabrikinin, Naxçıvan şəhərində,  Qobustan,  Şabran,  Bərdə və  Sabirabad rayonlarında  5 regional yun və  boyaq bitkilərinin tədarükü məntəqələrinin inşası davam etdirilir. Naxçıvan şəhərində,  Qobustan,  Şabran,  Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar,  Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı  işlərinə başlanılıb. Gələn il  daha 10 şəhər və rayonda bu cür müəssisələrin yaradılması  proqnozlaşdırılır. 

Xalçaçılarla görüşdə qeyd olunmuşdur ki,  ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi illərində də  Qarabağ xalçası, Qarabağ muğamı, Qarabağ atları məşhur olub. Ağdama səfəri çərçivəsində  cənab İlham Əliyevin və   Azərbaycanın Birinci  vitse- prezidenti  Mehriban xanım Əliyevanın Qarabağ Atçılıq   Kompleksinin, Heydər Əliyev Fodunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışlarında iştirakları  Ümummilli Liderə hörmət və ehtiram idi.  Azərbaycanda  analoqu olmayan və Şərq xalqlarına məxsus muğamın yaşadılması üçün nəzərdə tutulan, milli köklərə  bağlılığı ifadə etməklə  müasirlik, yenilik aşılayan Muğam Mərkəzinin istifadəyə verilməsi  milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən  Heydər Əliyev  Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil,  gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir.

Təsadüfi deyil ki,   Azərbaycan muğamı 2003- cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO    tərəfindən bəşəriyyətin qeyri- maddi irsinin inciləri siyahısına salınıb. “Bizim üçün  muğam sənəti tarixinin hər səhifəsi, hər anı çox əzizdir, doğmadır” söyləyən  Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Azərbaycan musiqi mədəniyyətinin elə bir janrı yoxdur ki, orada muğamın təsiri hiss olunmasın. Eyni  dəyəri  xalçalarımız haqqında da  söyləmək olar.  Çünki  muğamlarımız  kimi tarixi min illərlə hesablanan  və qədim mədəni irsə malik bir xalqın ruhundan qaynaqlanan  əbədiyaşar xalçalarımız da  insanların ruhunu oxşayır.

Xuraman İsmayılqızı, “İki sahil”