Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində xalq artisti, Prezident təqaüdçüsü, Şərəf və Şöhrət ordenli, görkəmli aktyor Rasim Balayevin 70 illiyinə həsr olunmuş “Canlı əfsanə” adlı gecə keçirilmişdir. Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov görkəmli aktyor Rasim Balayevin həyat və yaradıcılığı, Azərbaycan filmlərində onun yaratdığı parlaq surətlər, Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Hüseyn Cavid kimi qəhrəman, mütəfəkkir azərbaycanlı oğullarının surətlərinin yaradılması, bu qəhrəmanların gənc nəslin vətənpərvərlik tərbiyəsində rolu, kino əsərlərinə olan xalq məhəbbəti, Rasim Balayev şəxsiyyətinin və ölməz sənətinin cizgiləri haqqında danışmış, görüşə gəlmiş tanınmış sənətkarları, qonaqları müəllim və tələbələrə təqdim etmişdir. Musiqi kolleci tələbələri konsert proqramı ilə çıxış etmişdir. Nağaraçılar ansamblının, Nəfəs və zərb alətləri kvintetinin, tələbələrdən Rəqsanə Ağayeva (“Qatar təsnifi”), Cəmalə Abdinzadə (A.Skryabin “Prelüdlər”), Hüseyn Musayev (A.Vivaldi “Yay fəsli”), Pünhan Piriyev (”Segah təsnifi”), Seynur Həsənovun (”Popurri”) ifaları hərarətli alqışlarla qarşılanmışdır.
Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Azərbaycan kino sənətinin canlı əfsanəsi Rasim Balayevin sənətin zirvəsinə yüksəldiyini bildirərək Nəsiminin qəzəllərindən muğam parçalarını oxumuş, fitri muğam ifası ilə salondakı tələbələri də birlikdə oxumağa cəlb etmişdir. Qəhrəmanın faciəli taleyini filmdə yaşamış aktyor Rasim Balayev Nəsiminin qəzəllərini bədii qiraət etmişdir.
Xalq artisti Vaqif Əsədov tələbəlik illərindən söz açaraq Rasim Balayev ilə yataqxanada bir otaqda yaşadığı dövrün maraqlı və xoş xatirələrini yada salmış, kino sahəsində qazandığı yüksək nailiyyətləri, yubileyi münasibətilə sənət dostunu təbrik etmişdir.
Xalq artisri Əbdül Mahmudov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, fizika elmləri doktoru, professor Asəf Zamanov, pedoqoji elmlər doktoru Vidadi Orucov və başqaları çıxışlarında görkəmli aktyorun yaradıcılığı və həyatından maraqlı və xoş xatirələrini söyləmiş, yubilyarı təbrik edərək can sağlığı və yeni yaradıcılıq uğurları arzulamışlar.
Tələbələr görkəmli aktyora həyat və yaradıcılığı ilə bağlı suallar vermişlər. Sonda Rasim Balayev kino əsərlərində yaratdığı rollar və filmlərin çəkilişi zamanı yaşanan maraqlı, unudulmaz xatirələrdən danışmışdır. Onun yaradıcılığına verilən yüksək qiymət və diqqətə görə Musiqi Kollecinin direktoru Nazim Kazımova, müəllim və tələbələrə, sənət dostlarına, bütün iştirakçılara təşəkkürünü və minnətdarlığını bildirmişdir.
AYTƏN BABAYEVA,
sənətşünaslıq üzrə elmlər doktoru