06 noyabr 2018 14:10
2698

Evimizin “çağırılmamış qonağı”, ad günün mübarək!

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” səsi paytaxt sakinlərini təəccübləndirdi. Bu hadisə o vaxt Azərbaycanın siyasi və mədəni həyatında böyük bir yenilik idi. Artıq o günlərdən 92 il ötür. Bakı Televiziya Studiyası 1956-cı il fevralın 14-də ilk dəfə ekran vasitəsilə tamaşaçılarının görüşünə gəldi. O gündən etibarən məcazi mənada evimizin “çağırılmamış qonağı” olan mavi ekranla sakinləri salamlayan diktorlarımız intizarla gözlədiyimiz doğmalarımız olub. Onların xoş simasını görməyə adət etmiş tamaşaçılar gündəlik xəbərləri, respublikamızda və xarici ölkələrdə baş verən hadisələri onlardan öyrənmək üçün mavi ekran qarşısına toplaşmağa tələsirlər. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunur. İlk verilişdə tamaşaçıları ekran vasitəsilə salamlayan və tarixi hadisə münasibətilə sakinləri “Göstərir Bakı” sözləri ilə təbrik edən mərhum sənətkarımız Nəcibə Məlikova və onun davamçıları hər kəs üçün doğmaya çevriliblər. Həmin gün televiziyada bu gün də həvəslə izlənilən və tamaşaçı auditoriyasının rəğbətini qazanan “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

O gündən etibarən 6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Əvvəllər sadə texnologiyalar əsasında yayımlanan radio və televiziya verilişləri daha müasir rəqəmli standartlarla əvəz edilib. İnkişaf etmiş digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülür. Yeni yayım sisteminə keçid üzrə əsas yenilik Prezident İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu oldu.

Rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

 Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq kompleks tədbirlər həyata keçirilib. Müasir texnologiyaların tətbiqinin nəticəsidir ki, orta dalğalarda, müxtəlif dillərdə radio proqramları yayımlanır. Bu yaxınlarda “Azerspace-2” peykinin orbitə buraxılması ilə televiziya ilə yayım imkanları daha da genişlənir. Bu, böyük nailiyyət kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. İndi kosmik ailənin üzvü olan ölkəmizin orbitdə 3 peyki var.

Hamının “AzTV”, “Ana televiziya” “kimi tanıdığı Azərbaycan Dövlət Televiziyası yarım əsrdən artıqdır ki, tamaşaçıların daha çox maraq göstərdiyi kanaldır. İmkanları geninşlənən televiziyanın “övladları” olan “İdman” Azərbaycan” və “Mədəniyyət” kanallarının açılması böyük hadisə olmaqla tamaşaçı auditoriyasını ətrafına cəlb edə bildi. Ölkəmizdə daim diqqət mərkəzində olan idmanın inkişafında, təbliğində “İdman Azərbaycan” “kanalının rolu çox böyükdür. Biz bu gün ölkəmizdə və dünyada baş verən idman yarışlarının bu kanal vasitəsilə çevik və keyfiyyətli yayılmasının şahidi oluruq. İdman kanalı sırf Azərbaycan idmançılarının və idmanın təbliği ilə məşğul olur, “Mədəniyyət” kanalı isə Azərbaycan tarixini, elmini, mədəniyyətini təbliğ edir. Bu mənada dövlət televiziyası gündəlik verilişləri, istehsal etdiyi sənədli filmləri ilə Azərbaycanın siyasi-iqtisadi uğurlarını, tarixi həqiqətlərini, müxtəlif dinlərin bir arada barış və mehribanlıq şəraitində yaşadığı tolerant bir yer olmasını dünyaya təqdim edir, o cümlədən ölkəmizin qədim bir mədəniyyətə malik, tarix boyu öz mənəvi dəyərlərini, dilini, dinini, adət-ənənələrini, folklorunu, qoruyub saxlaya bilmiş, əsrarəngiz təbiəti, əsrlərin yaddaşı olan maddi mədəniyyət abidələri ilə zəngin bir məmləkət olmasını dünyaya nümayiş etdirir. Əlbəttə bütün bunlar həm Azərbaycan tamaşaçısının maariflənməsi, öz doğma yurdunu daha da yaxından tanıması, sevməsi baxımından, həm də ölkəmizin beynəlxalq imicinin formalaşması kontekstində olduqca vacib bir missiyadır ki, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı” bu işlərin öhdəsindən uğurla gəlirlər.

Biz - “İki sahil” qəzeti redaksiyasının kollektivi həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Xuraman İsmayılqızı,
Şəmsiyyə Əliqızı, “İki sahil”