22 oktyabr 2018 18:51
1977

Britaniya ilə əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur

Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şahla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaq Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanışlıqdan zövq hissi keçirdiyini qeyd edib. Bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair bir çox prioritet istiqamətlər mövcuddur.

Görüşdə mədəniyyət sahəsi üzrə həyata keçirilmiş birgə layihələr, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Mədəni irsin qorunması, mədəniyyət sahəsində təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Dünya səviyyəli Britaniya teatrlarının ən son və məşhur tamaşalarının ölkəmizdə uğurla səhnələşdirildiyi “Teatr HD” layihəsi və əlilliyi olan şəxslərin incəsənətdə iştirakının dəstəklənməsi məqsədini daşıyan “Unlimited” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Nazirliklə Şura arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə olundu.