Praqa Milli Muzeyi irimiqyaslı yenidənqurmadan sonra açılışa hazırlaşır. Vatslav meydanında yerləşən qədim tikilinin qapıları ziyarətçilərə oktyabrın 28-də, müstəqil Çexoslovakiyanın yaranmasının 100 illiyinin qeyd olunacağı gündə açılacaq.
AZƏRTAC xəbər verir ki, yenilənmiş muzeydə ilk sərgi Çexoslovakiyanın tarixinə həsr ediləcək. Ziyarətçilər burada dövlətin taleyini qabaqcadan müəyyən edən sənədləri – Münxen Sazişinin orijinalını, Pittsburq razılaşmasını və Trianon müqaviləsini görə biləcəklər.
Muzey binasındakı yenidənqurma işləri ilə hər gün 600 nəfər məşğul olur. Fasadın bərpası və binanın interyeri paytaxt Praqaya 1,25 milyard krona (50 milyon avro) başa gələcək.